Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:36

Putin pul qazanmaq üçün taksi sürdüyünü deyir


Putin sükan arxasında
Putin sükan arxasında

KQB təhlükəsizlik xidmətinin keçmiş agenti Putin daha öncə Sovet İttifaqının çöküşünü “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı

Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının dağılmasını “tarixi Rusiya”nın sonu adlandırıb. O, həmin dövrdəki iqtisadi böhran vaxtı taksi sürücüsü kimi pul qazandığını açıqlayıb.

Putin bu haqda dekabrın 12-də yayınlanmış “Rusiya. Yeni tarix” adlı sənədli filmdə danışıb.

“Tarixi Rusiyanın dağılması”

“Bu, Sovet İttifaqı adı altında tarixi Rusiyanın dağılması idi”, – Putin SSRİ-nin 1991-ci ildə parçalanması haqda belə deyib.

“Biz tamamilə fərqli ölkəyə çevrildik. 1000 il ərzində qurulan əsasən itirildi”, – deyə Putin 25 milyon etnik rusiyalının yeni müstəqil ölkələrdə qalaraq Rusiyadan ayrı düşdüyünü vurğulayıb.

Sovet KQB təhlükəsizlik xidmətinin keçmiş agenti olmuş Putin daha öncə Sovet İttifaqının çöküşünü “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.

Onun söz sözləri isə Ukrayna ilə bağlı niyyəti ətrafında spekulyasiyanı qızışdıra bilər. Keçmiş sovet respublikaları içində ən böyük rus azlıq məhz Ukraynada yaşayır.

"Bu haqda danışmaq xoş deyil"

Sovet İttifaqının dağılması ilə başlanan iqtisadi və sosial sabitsizlik isə çoxlarını yoxsulluğa sürükləyib.

Putin deyib ki, o dövrdə gəlirini artırmaq üçün ara-sıra taksi sürüb.

“Bəzən əlavə pul qazanmalı olurdum. Yəni, maşın sürərək, özəl sürücü kimi. Bu haqda danışmaq, düzünü desəm, xoş deyil, amma belə də olurdu”, – Putin deyib.

Sovet ittifaqı dağılanda şəxsi avtomobili olan çoxları əlavə pul qazanmaq üçün qeyri-rəsmi taksi sürürdü.

1990-cı illərin əvvəllərində Putin Sankt Peterburqun meri Anatoli Sobçakın ofisində işləyib.

XS
SM
MD
LG