Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Vladimir Putin və 'emblem' qadınlar


Vladimir Putin və Ksenia Sobchak
Vladimir Putin və Ksenia Sobchak

1963-cü il iyunun 16-da SSRİ kosmosa ilk qadını göndərdi. «Qadın Rusiyada dəmiryol işçisi ola bilirsə, niyə kosmosa uça bilməsin?» – ilk qadın kosmonavt Valentina Tereshkova sonradan demişdi.

Tereshkova-nın kosmosa uçuşu Nikita Khrushchev-un «ərimə» dövrünün qızğın vaxtına düşmüşdü. SSRİ bir neçə işi eyni vaxtda görə bilən «emblem» qadınlarını Qərbə göstərərək, daha əminliklə deyə bilərdi: «Elə bilirsiniz biz qabaqcıl deyilik? Görün bizim qadınlarımız necə azaddır».

BİR-BİRİNDƏN ÇOX DA FƏRQLƏNMƏYƏN İKİ QADIN

«The New York Times» qəzetində Amie Ferris-Rotman-ın məqaləsində gələn il Rusiyada keçiriləcək prezident seçkisində «emblem» qadınların rolundan söz açılır. Məqalədə deyilir ki, bu seçkilərdə indiki prezident Vladimir Putin-in namizədliyini irəli sürəcəyi və qalib gələcəyi gözlənilir. Bununla onun 18 illik hakimiyyətinə daha 6 il əlavə olunacaq. Putin-lə bu seçkilərdə mübarizə aparacaq namizədsə onun özünün müəllimi adlandırdığı Anatoly Sobchak-ın qızı, 36 yaşlı televiziya ulduzu Ksenia Sobchak-dır. İnsanların televiziyadan tanıdığı başqa bir sima, 37 yaşlı jurnalist və hüquqşünas Yekaterina Gordon da Sobchak-dan iki həftə sonra öz namizədliyini elan edib.

İlk baxışdan Sobchak-la Gordon bir-birindən çox da fərqlənmir. Ancaq Gordon kampaniyasının ilk günlərindən özünü Sobchak-dan fərqləndirmək üçün «ağzında gümüş qaşıqla doğulmadığını» deyir. Sobchak-ın atası Anatoly uzun müddət Sankt-Peterburqun meri olub. Anası Lyudmila Narusova isə Federasiya Şurasının keçmiş deputatıdır. Gordon-sa yaxşı təhsil almış valideynlərin övladı olsa da, Sobchak qədər maraqlı şəraitdə böyüməyib.

Ksenia Sobchak
Ksenia Sobchak

SON 13 İLDƏ İLK QADIN NAMİZƏD

Son 13 ildə ilk dəfədir ki, Rusiyada qadın prezidentliyə namizədliyini irəli sürür. 2004-cü ildə bu rolu o zaman hələ liberal siyasətçi olan Irina Khakamada oynamışdı. Sonradan o, Putin-in İnsan hüquqları üzrə məşvərət şurasının üzvü oldu. Khakamada-dan öncə isə Ella Pamfilova 2000-ci ildə Rusiya tarixində ilk dəfə prezidentliyə namizədliyini irəli sürmüş qadın olub.

Həm Sobchak, həm də Gordon seçkiyə qadınyüklü platformalarla qatılıb. Sobchak «Glamour» jurnalının Rusiya versiyasının noyabr sayının üz qabığında üzərində ingiliscə «Women Power» yazılmış köynəkdə havaya yumruq vurur. Jurnala müsahibəsində isə o, Rusiyada qadınların kişilərdən 30% az qazanmasından söz açır. «Ancaq ifadə və seçki kimi azadlıqlar olmayanda, cinsi bərabərlik sonuncu yerə keçir», – o, moda fotoları ilə bəzədilmiş uzun müsahibəsində deyir.

«Biz heç kimin qayğısına qalmadığı tənha analar ölkəsiyik», – Gordon öz kampaniya videosunda deyir.

PUTIN-İN ÖZÜ SEÇDİYİ OPPONENTLƏR

Rusiyada, demək olar, heç kim istər Sobchak, istərsə də Gordon-un həqiqətən də Putin-ə rəqib olmaq niyyətini ciddi qəbul etmir. Namizədlər qeydiyyatdan keçmək üçün azı 300 min imza toplamalıdırlar. Bu isə hökumətin dəstəyi olmadan, az qala, qeyri-mümkündür. Bu o deməkdir ki, Putin özü seçdiyi opponentlərlə «mübarizə» aparacaq. Əksəriyyət Sobchak-ı Putin-in marionetkası kimi görür. Bundan başqa, namizədlər hansısa siyasi partiyanı təmsil etməlidirlər. Gordon-sa hələlik heç bir partiyanın üzvü deyil.

Müəllif sual edir ki, görəsən, Putin niyə feminizm məsələlərindən danışan qadınlarla mübarizə aparmaq qərarına gəlib?

Sobchak tanınan televiziya siması olsa da, müstəqil «Levada» mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 1%-dən azı ona səs verəcək. Maraqlıdır ki, bu, onun qadın olması ilə bağlı ola bilər. Belə ki, bu il keçirilmiş başqa bir sorğunun nəticələrinə görə, rusiyalıların 53%-i yaxın 10-15 ildə qadının prezident olmasına qarşı olduğunu deyib. Sorğu iştirakçılarının 1/3-i ölkədə bu rola layiq qadının olmadığını söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG