Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 02:41

Putin seçki günü şirniyyat qonaqlığı verəcək


Smolensk şəhərində Putinin seçki plakatı. 2012

Britaniyanın «The Times» nəşri yazır ki, Kreml yerli icra rəhbərlərinə ölkədə gələn ilki prezident seçkilərini şən bayrama çevirməyi əmr edib. Bu yolla seçici sayını artırmağa ümid edilir. Prezident Vladimir Putin bu seçkilərdə ciddi qələbə qazanaraq, dördüncü müddətə prezident seçilmək niyyətindədir.

Seçki günü, 18 mart mədəni və idman tədbirləri, habelə yarmarkalarla müşayiət olunmalıdır. Prezident administrasiyasının adı göstərilməyən bir əməkdaşı RBK xəbər agentliyinə belə deyib.

Seçki günü musiqi və teatr qrupları çıxış edəcək, seçki məntəqələrində xüsusi piştaxtalar qoyularaq yemək və başqa şeylər satılacaq.

65 yaşlı Putinin köməkçiləri güclü opponentlərin olmadığı bu seçkinin əhalini çox da maraqlandırmamasından narahatdırlar.

41 yaşlı hüquqşünas Aleksey Navalnı korrupsiyayla mübarizə kampaniyası aparır. O, Putinin ən üzdə olan tənqidçisidir. Bir il öncə o, namizədliyini irəli sürəcəyini bəyan etsə də, hazırda fırıldaqçılıq ittihamlarına görə seçkiyə buraxılmır. Navalnının tərəfdarları isə bu ittihamları «saxta» adlandırırlar. Onlar hesab edirlər ki, Kreml Navalnını siyasətdən uzaq saxlamaqdan ötrü onu şərləməyə çalışır.

Kseniya Sobçak
Kseniya Sobçak

Taktikalar

36 yaşlı jurnalist və keçmiş şou iştirakçısı Kseniya Sobçak da hakimiyyəti tənqid etməsi ilə tanınır. O, seçkilərdə namizədliyini irəli sürsə də, çoxları bunu Kremlin seçkidə iştirak səviyyəsini və ümumi səs sayını artırmaq üçün qurduğu ssenarinin bir hissəsi sayırlar. Sobçak Sankt-Peterburqun keçmiş meri, Putinin öz müəllimi saydığı Anatoli Sobçakın qızıdır.

Kremlin planlaşdırdığı başqa bir taktika isə seçki məntəqələri yaxınlığında yerli problemlərlə bağlı qeyri-rəsmi plebisit keçirməkdir. Rusiyada keçirilən seçkilər zamanı onsuz da hər dəfə seçki məntəqələrinin yaxınlığında düzülmüş piştaxtalarda piroqlar və başqa yeməklər satılır. Ancaq siyasi fəal Nikolay Mironov deyir ki, «Kreml bunu qarşısına vəzifə kimi qoyubsa, şadyanalıq daha parlaq olacaq». Bu tədbirlərin, əsasən, heç bir əyləncənin olmadığı kənd yerlərində keçirilməsi nəzərdə tutulur. «Burada kasıb, yeknəsəq həyat yaşayan insanlar istənilən bayrama sevinəcəklər», – Mironov deyir.

Putin, gözlənildiyi kimi, seçkilərdə qalib gələrək növbəti 6 illiyə, yəni 2024-cü ilədək prezidentliyi davam etdirərsə, o, 1953-cü ildə ölmüş İosif Stalindən sonra Kremldə ən uzun müddət oturmuş rəhbər olacaq.

Təhlilçilərin gözləntilərinə görə, 2024-cü ildə artıq 72 yaşı olacaq Putin özünə təqaüdə «çıxış planı» hazırlamağa başlayacaq.

V.Putin MDB sammitində.
V.Putin MDB sammitində.

Getməyə yaxşı vaxt

«The New York Times» qəzeti yazır ki, bəzi təhlilçilərin fikrincə, prezident bu vəzifədə ömürlük qalmağın yanlış olduğunu düşünür.

«Putin özünü tarixi şəxsiyyət kimi görür və bilir ki, tarix kitablarına düşmək üçün Muqabenin səhvini təkrarlamamalı, getməyə yaxşı vaxt tapmalıdır», – Siyasi Ekspert Qrupunun rəhbəri, zaman-zaman Kremlə məsləhət verən təhlilçi Konstantin Kalaçyov deyir.

Eyni zamanda, mütəxəssislər Putinin 2024-cü ildən sonra sadəcə təqaüdə çıxaraq daçasına, yaxud da daha betər, həbsxanaya köçməyəcəyini, özünə müəyyən bir siyasi rol ayıracağını gözləyirlər.

«O, sadəcə durub gedə bilməz. O, gözəl bilir ki, varisi işi bacarmazsa, onların hər ikisi həbsə gedəcək», – təhlilçi Konstantin Qaaze deyir.

Bəzi mütəxəssislərsə Putinin Konstitusiyanı dəyişərək ali hərbi, yaxud təhlükəsizlik şurası yarada, özünü isə onun rəhbəri təyin edə biləcəyini deyirlər. Bu yolla o, öz təsir gücünü saxlaya bilər. «Onun bütün səlahiyyətləri varisinə ötürəcəyini təsəvvür edə bilmirəm. O, heç kəsə inanmır», – Qaaze deyir.

Xatırladaq ki, 1999-cu ildə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin tərəfindən baş nazir təyin edilmiş Putin 2000 - 2008-ci illərdə Rusiyanın prezidenti olub. Növbəti dövrdə o, baş nazir, yaxın müttəfiqi Dmitri Medvedev isə prezident olub. Putin 2012-ci ildə yenidən prezident seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG