Keçid linkləri

2024, 11 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:13

Vladimir Putin Nikol Paşinyanı qəbul edib


Rusiya prezidenti Vladimir Putin (sağda) iyulun 7-də Moskvada Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyanı qəbul edib
Rusiya prezidenti Vladimir Putin (sağda) iyulun 7-də Moskvada Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyanı qəbul edib

Rusiya prezidenti Vladimir Putin iyulun 7-də Moskvada Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyanı qəbul edib.

İzvestiya qəzeti yazır ki, Vladimir Putin əvvəlcə Paşinyanı Ermənistanda keçirilmiş parlament seçkisində qələbəsi münasibətilə təbrik edib:

“Bir daha sizi şəxsən seçki nəticələri münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu, hamı üçün, ilk növbədə Ermənistan və erməni xalqı üçün mühümdür”.

Putin əlavə edib ki, Ermənistanın qarşısında duran kəskin və həssas məsələləri həll etmək üçün ən mühüm olanı xalqın etimadıdır.

“Sizinlə söhbət etdik və iki həftə sonra 15 soydaşımız vətənə qayıtdı”

Bu görüş ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov iki liderin Dağlıq Qarabağ və Moskva-Yerevan ikitərəfli münasibətlərini müzakirə edəcəyini bildirmişdi.

Lakin o qeyd etmişdi ki, tərəflər arasında hər hansı sənədin imzalanması gözlənilmir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, öz növbəsində Nikol Paşinyan Rusiya prezidentinə erməni əsirlərin qaytarılması məsələsindəki dəstəyinə görə təşəkkür edib:

“Təssüflə bildirməliyəm ki, hələ hərbi əsirlər məsələsi tam həll olunmayıb. Amma bu sahədə də yaxşı xəbərlər olub: bir neçə gün əvvəl 15 hərbi əsir vətənə qaytarılıb. Mən bu məsələdə sizin şəxsi rolunuzu vurğulamaq və sizə təşəkkür etmək istərdim. Biz bu məsələni iyunun 24-də sizinlə telefonda müzakirə etmişdik və iki həftə sonra bizim 15 soydaşımız vətənə qayıtdı”.

Son iki ayda narahatlıq

Azatutyunun yazdığına görə Paşinyan regionda vəziyyətin qeyri-stabil olduğuna diqqət çəkib. O deyib ki, Ermənistan-Azərbaycan sərhədində situasiya qeyri-stabildir:

“Biz bu barədə bir neçə dəfə söhbət etmişik. Mən demək istəyirəm ki, burada cox təəssüf, son iki ayda daimi narahatlıq ocağı qalır. Mən ümid edirəm ki, bu məsələdə də biz mövqelərimizi müzakirə edəcəyik”.

Paşinyan son zamanlar təhlükəsizliklə bağlı müzakirələrin çoxalmasından təəssüf ifadə edib:

“Əlbəttə 44 günlük müharibədə atəşkəs əldə olunmasında sizin şəxsi səylərinizi, Rusiya Federasiyasının səylərini hamı bilir. Deməliyəm ki, Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Dağlıq Qarabağda vəziyyət stabildir, amma zaman-zaman hansısa narahatlıq, qeyri-stabillik ocaqları yaranır. Mən bugün sizinlə nəyin necə və niyə baş verdiyi barədə qiymətləndirmə və rəylərimi bölüşmək istəyirəm”.

Nikol Paşinyan habelə bildirib ki, Cənubi Qafqaz Dəmir Yolunun fəaliyyəti ilə bağlı “yaxşı xəbərlər” var.

Onun sözlərinə görə, Ermənistanda qatarların təzələnməsi prosesi gedir.

Baş nazir əvəzi habelə deyib ki, Rusiya və Ermənistan arasında hətta pandemiya dövründə də ticarət dövriyyəsi artıb və ölkəyə Rusiya turistlərinin axını başlanıb.

XS
SM
MD
LG