Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

Rusiyanın NATO-ya üzvlüyü müzakirə olunubmuş


B.Clinton və V.Putin

Rusiya prezidenti Vladimir Putin vaxtilə Rusiyanın NATO-ya qoşulması məsələsini Birləşmiş Ştatların ozamankı prezidenti Bill Clinton-la müzakirə etdiyini iddia edib. Onun sözlərinə görə, Clinton da buna etirazı olmadığını söyləyib.

Putin bu sözləri amerikalı rejissor Oliver Stone-un çəkdiyi, Amerikanın «Showtime» televiziya şəbəkəsində efirə çıxacaq silsilə müsahibələrdə deyib.

Dördhissəli filmin ayrı-ayrı kiçik hissələri son günlər internetdə yayılıb. Bunlardan biri də «Politico» nəşrinin əldə etdiyi fraqmentdir. Bu fraqmentdə V.Putin NATO-dan danışır. Bəlli olduğu kimi, Sovet İttifaqının dağılmasından sonra NATO-nun şərqə doğru genişlənməsi uzun müddət Rusiyanı qəzəbləndirib.

TƏKLİF PUTIN-DƏN GƏLİB

Öz prezident təyyarəsində Oliver Stone-la söhbəti zamanı Rusiya lideri ABŞ-ın keçmiş prezidenti Bill Clinton-la son görüşlərindən birini yada salır. Xatırladaq ki, B.Clinton prezident kürsüsünü 2001-ci ilin yanvarında tərk edib.

«O görüş zamanı mən dedim ki, biz Rusiyanın NATO-ya qoşulması variantını nəzərdə keçirə bilərik. Clinton da cavab verdi ki, «Mənim heç bir etirazım yoxdur». Ancaq bütün ABŞ nümayəndə heyəti çox həyəcanlandı», – deyə Putin müsahibədə danışır.

2000-ci ilin martında britaniyalı televiziya jurnalisti David Frost-a müsahibəsində Putin-ə «Rusiyanın NATO-ya qoşulması mümkündürmü» sualı verilir. O zaman prezident səlahiyyətlərini icra edən və bir neçə həftə sonra birinci müddətə ölkənin prezidenti seçiləcək Putin belə cavab verir: «Anlamıram. Niyə də yox?!».

Rusiya dəfələrlə NATO-nu onun sərhədlərinə doğru genişlənməklə gərginlik yaratmaqda ittiham edib.

«ORADA YALNIZ VASSALLAR VAR»

Elə «Politico» saytına yerləşdirilmiş üç fraqmentin birində də Putin NATO-nu «ABŞ xarici siyasətinin aləti» adlandırır. O əlavə edir ki, Rusiya əks tədbirlərlə cavab verməlidir.

«Biz öz raket sistemlərimizi bizi təhdid edən obyektlərə tuşlamalıyıq», – V.Putin deyir.

NATO liderləri
NATO liderləri

«Orada müttəfiqlər yoxdur. Orada yalnız vassallar var. Hər hansı bir ölkə NATO üzvü olduqdan sonra onun ABŞ kimi iri və güclü ölkənin, NATO liderinin təzyiqinə müqavimət göstərməsi çox çətin olur. Bu zaman nə desəniz, meydana çıxa bilər. Həm raketlərdən müdafiə sistemi, həm yeni bazalar, lazım gələrsə, hətta yeni zərbə kompleksləri. Bəs biz nə edək? Bu zaman biz də əks tədbirlər gerçəkləşdirməliyik. Yəni, bizi təhdid etdiyini düşündüyümüz obyektləri öz raket sistemimizin zərbəsi altına almalıyıq. Vəziyyət gərginləşir. Biz niyə NATO-nun genişlənməsinə bu qədər kəskin reaksiya veririk? Bizi narahat edən qərarların qəbulu praktikasıdır. Mən qərarların necə qəbul olunduğunu bilirəm...», – deyə Putin izah edir.

SNOWDEN-DƏN DƏ DANIŞIB

NATO Rusiyaya hər hansı təhlükə yaratmadığını və sadəcə, müdafiə alyansı olduğunu deyir. Şimali Atlantika Alyansı 2014-cü ildə Rusiyanın Ukrayna ərazisi olan Krım yarımadasını ilhaq etməsini və Şərqi Ukraynada separatçıları dəstəkləməsini pisləyib.

«Showtime» kanalı üçün çəkilmiş «Putin-in müsahibələri» (The Putin Interviews) adlı dördhissəli silsilə müsahibələr iyunun 12-dən efirə çıxacaq.

Bu müsahibələrdə Putin həmçinin, ABŞ kəşfiyyatının keçmiş işçisi Edward Snowden-in hökumətin insanları izləməsinə dair aşkarladığı gizli sənədləri sızdırmaq qərarıyla razılaşmadığını deyir.

Ancaq o, həm də Rusiyada sığınacaq almış Snowden-in xəyanətkar olmadığını və xalqına ziyan vura biləcək hər hansı məlumatı başqa bir ölkəyə ötürmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG