Rusiya prezidenti Vladimir Putin aprelin 2-də miqrasiyaya yeni yanaşma lazım olduğunu deyib.
Onun bu çıxışından əvvəl martın 22-də Moskva ətrafındakı Crocus City Hall konsert zalına terror hücumu ilə bağlı Rusiyada yaşayan 4 Tacikistan vətəndaşı həbs olunub.
Bu hücum nəticəsində 144 nəfərin həlak olduğu və daha 551 nəfərin xəsarət aldığı xəbər verilir.
Bu hücuma görə məsuliyyəti öz üzərinə bir vaxtlar Suriya və İraqda geniş əraziləri ələ keçirmiş İslam Dövləti ekstremist təşkilatı götürüb.
Rusiya bu iş üzrə şübhəliləri Ukraynaya bağlamaq istəsə də, Kiyev bu iddianı rədd edib, Vaşinqton isə “cəfəngiyat” adlandırıb.
Bu hücumla bağlı sözü gedən 4 şübhəli ilə birlikdə Rusiyada 12 nəfər saxlanıb. Bunların əksəriyyəti Rusiyada yaşayan və işləyən taciklərdir.
İş icazələrinin verilməsi
Putin polis rəisləri qarşısında etdiyi çıxışda deyib ki, bu hücumdan məqsəd Rusiya daxilində ixtilaf, ksenofobiya və islamofobiya yaratmaq olub.
Bununla yanaşı Putin bildirib ki, Rusiyada miqrasiya sisteminin yenilənməsinə ehtiyac var.
Onun sözlərinə görə miqrasiya xidməti iş icazələrini bəzən ciddi cinayət tarixçəsi olan adamlara verib.
Putin deyib ki, miqrasiya siyasətinə yanaşmanın radikal dəyişiklik və yenilənməyə ehtiyacı var:
"Burada həlledici prinsip odur ki, Rusiyada işlənmək və yaşamaq üçün yalnız bizim ənənələrimizə, dilimizə, mədəniyyət və tariximizə hörmət edənlər gələ bilərlər”.
Rusiyanın millət dilemması
Reuters agentliyi yazır ki, Putinin dediklərinə baxmayaraq Rusiyanın miqrantlar məsələsində manevr etmək üçün meydanı məhduddur.
Son bir neçə onillikdə Mərkəzi Asiyanın keçmiş sovet respublikalarından Rusiyanın böyük şəhərlərinə milyonlarla miqrant axışıb.
Onlar Rusiyada əsasən taksi sürücüləri, bərbər, xidmətçi kimi fəaliyyət göstərirlər.
Bununla belə Rusiyanın 147 milyonluq əhalisinin azalmağa meylli olduğunu bildirilir.
Belə bir şəraitdə ağır sənaye və əkinçiliklə məşğul olan miqrantların ölkəyə gəlişi çox zəruridir.
Putin bu barədə deyib:
"Dövlətin və cəmiyyətin maraq və təhlükəsizliyini təmin etmək, millətlərarası və dinlərarası harmoniyanı, mədəni və dil kimliyini qoruyub saxlamaq lazımdır və bu, Rusiyanın gücü deməkdir”.
Hazırda Rusiyada 277 dil və dialektdə danışılır. Rusuya əhalisinin 10-15 faizini müsəlmanlar təşkil edir.
Tacikistan rəsmiləri bildirirlər ki, Rusiyadan qayıdan taciklərin sayı kəskin artıb.