Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Putin yeni seçki kampaniyasına ‘köhnə təhlükələrdən’ danışmaqla başlayıb


Putin Ümumrusiya Xalq Cəbhəsinin üzvləri ilə görüşüb
Putin Ümumrusiya Xalq Cəbhəsinin üzvləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin təkrar prezident seçilməsi üçün kampaniyaya başlayıb.

Özünün ilk kampaniya çıxışında Putin deyib ki, Rusiyanın “azadlıq” və “stabilliyini” qorumaq lazımdır.

Müstəqil şərhçilər məsələnin belə qoyuluşunu, Rusiyanın Qərbin təsirindən və daxili müxalifətin çaxnaşma yaratmaq cəhdlərindən qorunmasına çağırış kimi qiymətləndiriblər.

Vladimir Putin dekabrın 19-da öz tərəfdarlarından bir qrupu ilə görüşürdü.

Bundan əvvəlki seçki kampaniyalarında olduğu kimi Putin yenə də “özünün rəhbərliyi altında güclü və özün güvənən Rusiya” obrazını canlandırmağa çalışıb.

Putin Ümumrusiya Xalq Cəbhəsinin (ONF) üzvləri qarşısında deyib: “Sovet İttifaqı dağılandan bəri biz çox şirin söhbətlər və gözəl nitqlər eşitmişik. Amma bizə heç kim kömək etməyib. Biz də heç vaxt heç kimin köməyinə, xaricdən gələn hər hansı dəstəyə bel bağlamamışıq”.

Putin yenə də bəyan edib ki, ona “dizləri üstündə olan bir ölkə” miras qalmışdı və o hakimiyyətinin 18 ilində bu ölkəni ayağa qaldırıb.

O xatırladıb ki, 2000-ci ildə o hakimiyyətə gələndə bir çoxları Rusiyanın süqut və ölümünü proqnoz edirdilər.

Rusiya prezidenti daha sonra deyib: "Əlbəttə vəziyyət çox ağır idi. Bəzən hətta böhranlı idi. Amma biz nəinki Rusiyanın ərazi bütövlüyünü qoruyub saxladıq, nəinki yenilənmə dövrünüdən keçdik, biz hətta inkişafımızın mühüm sahələrində əsl həlledici addımlar atdıq”.

Putin daha sonra deyib: "Bu gün biz öz dövlətçiliyimizi və azadlığımızı, habelə stabilliyi və cəmiyyətimizdəki harmoniyanı qoruyub saxlamalıyıq”.

Putin bu çıxışında da əvvəlki kampaniyalarda olduğu kimi Rusiyanın ətraf dünyanın, xüsusilə də Birləşmiş Ştatların və Qərbin təhlükəsi ilə üz-üzə olduğuna inandırmağa çalışııb. Rusiya prezidenti təlqin etməyə çalışıb ki, bu qüvvələr Rusiyanın daxilində xaos yaratmağa can atırlar.

Dekabrın 14-də verdiyi illik mətbuat konfransında Putin, onun hökumətini korrupsiyada ittiham edən və kütləvi etiraz aksiyaları keçirən Aleksey Navalnının da Rusiyanı qarışdırmaq istədiyini bəyan etmişdi.

Navalny özünün prezident seçkisi kampaniyasına 2016-cı ilin dekabrından başlasa da, rəsmilər onun 2018-ci il seçkisinə buraxılmayacağını bildirirlər. Onlar deyirlər ki, Navalnının üstündə maliyyə cinayətləri ilə bağlı məhkumluq var. Navalnı bu ittihamları “siyasi motivli” adlandırır və rədd edir. Onun tərəfdarları dekabrın 24-də Moksva da daxil Rusiyanın 24 şəhərində mitinqlərin keçirilməsini planlaşdırıblar.

Putin prezident seçkisinə qatılacağına dair qərarını dekabrın 6-da elan edib. Onun populyarlıq reytinqinin yüksəkliyi və hakimiyyətinin möhkəmliyi bu seçkidə də qalib gələcəyini göstərir. Hökumətin tənqidçiləri seçki kampaniyalarının və nəticələrinin hakimiyyət tərəfindən manipulyasiya edildiyini deyirlər.

Təhlilçilərin fikirncə, Putin bu seçkidə yüksək seçici iştirakını təmin etməkl və inamlı qələbə qazanmaq istəyir ki, hakimiyyətinin legitimliyini mümkün qədər gücləndirsin.

ONF 2011-ci ildə yaradılıb. Həmin il hələ baş nazir olan Vladimir Putin Kremlə qaytırmaq niyyətini bəyan etmişdi.

Dekabrın 14-də keçirilən mətbuat konfransında isə Putin bu seçkiyə Vahid Rusiya partiyasının dəstəyi olmadan, müstəqil namizəd kimi gedəcəyini bəyan edib.

Putin və onun tərəfdarları israr edirlər ki, o 1990-cı illərin iqtisadi böhranından, Çeçenistan separatçıları ilə iki müharibədən sonra ölkəyə sabitlik gətirib.

Tənqidçilər isə deyirlər ki, Putin SSRİ-nin dağılmasından sonra ölkəyə qayıtmış demokratiya və insan haqları dəyərlərinin üstündən xətt çəkib. Prezidentin opponentləri habelə vurğulayırlar ki, keçmiş DTK zabiti olan Putin Rusiyanı Sovet üsulu ilə idarəçiliyə qaytarıb.

Putin ilk dəfə 2000-ci ilin martında prezident seçilib. Bu zaman o artıq 1999-cu ilin son günündə istefa vermiş Boris Yeltsindən sonra prezident əvəzi idi.

2018-ci ilin prezident seçkisində öz namizədliklərini kommunist partiyasının lideri Gennadi Züqanov, millətçi Vladimir Jirinovski, liberal Qriqori Yavlinski, biznes ombudsmanı Boris Titov və teleulduz Kseniya Sobçak da daxil 20 nəfər elan edib.

Prezidentliyə namizədlər dekabrın 18-dən etibarən 20 gün ərzində namizədliklərini qeydiyyatdan keçirməlidirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG