Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Putin Nemtsovun qətlinin ildönümündə qətl şübhəlisinin əmisinə medal verdi


Suleyman Geremeyev
Suleyman Geremeyev

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının Çeçenistandan olan üzvü Suleyman Geremeyevi “Vətən qarşısında xidmətlərinə görə II dərəcəli medalla” təltif edib.

Suleyman Geremeyev müxalifət lideri Boris Nemtsovun qətlinin təşkilində şübhəli kimi hazırda axtarışda olan Ruslan Geremeyevin əmisidir.

Hüquqi informasiyalar portalındakı məlumatda deyilir ki, senatora bu mükafat onun “parlamentarizmin inkişafındakı xidmətlərinə və qanunvericilik fəaliyyətinə” görə verilib.

AzadlıqRadiosunun Rus xidməti Mediazona nəşrinə istinadən yazır ki, bu senator son beş ildə parlamentin müzakirəsinə bir dənə də olsun qanunvericilik layihəsi təqdim etməyib.

O 2009-cu ildə Federasiya Şurasının üzvü olduqdan sonra cəmi 7 layihə təklif edib və onlardan heç biri qəbul olunmayıb.

Rusiya qəhrəmanının qətli

Suleyman Geremeyev Çeçenistan rəhbəri Ramzan Kadyrov-un yaxın çevrəsinə daxildir.

O həmçinin Dövlət Dumasının deputatı Adam Delimkhanov-un dayısı oğludur.

Kadyrov bir vaxtlar demişdi ki, özündən sonra Çeçenistanın rəhbəri rolunda məhz Delimkhanov-u görür.

Sulim Yamadayev (sağda) və Adam Delimkhanov
Sulim Yamadayev (sağda) və Adam Delimkhanov

Rusiyanın “Novaya gazeta” qəzeti yazırdı ki, Geremeyev bir sıra hay-küylü cinayətlərlə əlaqəli ola bilər.

Gələcək senator 2009-cu ildə Rusiya qəhrəmanı Sulim Yamadayevin qətli işində şahid kimi dindirilmişdi.

Yamadayev Kadyrov-la münaqişədə idi.

Putin hökuməti cinayəti açmaqda maraqlı deyil

Suleyman Geremeyevin qardaşı oğlu Ruslan Geremeyev “Sever” çeçen batalyonunun keçmiş komandiridir.

O 2015-ci ildən Boris Nemtsovun qətlinin təşkilatçılığında şübhəli kimi axtarışa verilib.

Bu qətlin birbaşa icraçısı, 20 il müddətinə azadlıqdan məhrum edilmiş Zaur Dadayev Ruslanın müavini olub.

Lakin istintaq indiyədək Ruslan Geremeyevi tapıb dindirə bilməyib.

Onun evinə gələn İstintaq Komitəsi əməkdaşı deyib ki, ona “qapını açan olmayıb”.

Nemtsovun qohumları və tərəfdarları deyirlər ki, Rusiya hakimiyyəti Kadyrov-la yaxınlığına görə Geremeyevə qarşı istintaq tədbiri görməkdə maraqlı deyil.

Tərəfdarlarından bəziləri bildirirlər ki, 2015-ci ilin fevralında öldürülmüş Nemtsovun qətlini törədənlərin himayə olunması və cinayətin ört-basdır edilməsi prezident Vladimir Putinin yaxın çevrəsi ilə bağlı ola bilər.

Fevralın 27-də Rusiyanın və dünyanın bir çox şəhərlərində Boris Nemtsovun qətlə yetirilməsinin 5-ci ildönümü yad edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG