Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:10

Putin Oliver Stone-la müsahibədə saxta tvitdən həqiqət kimi danışıb


Vladimir Putin (solda) və Oliver Stone

AzadlıqRadiosu yazır ki, 2014-cü ilin iyulunda Malayziya Airlines hava şirkətinin MH17 nömrəli reysi ilə uçan təyyarəsinin qəzasından sonra Tvitter-də Kiyev hava limanının “ispan aviadispeçeri” ünvanının saxta olduğu barədə məlumat dərhal verilmişdi.

Bu yaxınlarda Rusiya prezidenti ilə geniş müsahibə-film çəkmiş ABŞ rejissoru Oliver Stone Putinin bu saxta tviti misal gətirdiyi epizodu filmə daxil etməmişdi.

Saxta tvitdə “ispan əsilli hava nəqliyyatı dispeçeri” olduğunu iddia edən istifadəçi yazırdı ki, Malayziya təyyarəsi Ukrayna hərbi hava qüvvələrinin təyyarəsi tərəfindən vurulub. Bu qəza nəticəsində 298 nəfər həlak olmuşdu.

Putin müsahibənin filmdə getməyən hissəsində deyirdi: “Mənim bildiyimə görə bu dəhşətli fəlakətdən dərhal sonra Ukraynanın hava dispeçerlərindən biri – deyəsən o, İspaniya əsilli mütəxəssis idi – demişdi ki, o, mülki təyyarələr üçün ayrılmış hava dəhlizində hərbi təyyarə görüb. Orada Ukrayna hakimiyyətinin nəzarətində olan təyyarədən başqa təyyarə ola bilməzdi”.

Müsahibənin bu hissəsi filmə düşməsə də, bu iddia Rusiyada ingiliscə “Putin müsahibələri” adı ilə çapa hazırlanan variantında olduğu kimi verilib.

Rusiyayönlü separatçılar Donetsk yaxınlığında, 2014, iyul
Rusiyayönlü separatçılar Donetsk yaxınlığında, 2014, iyul

Putinin əsaslandığı 2015-ci il sentyabr tarixli @spainbuca tvitinə “Carlos” imzası qoyulmuşdu.

İndi isə Rusiyanın müstəqil Dojd telekanalı kitabdakı bu iddianı yenidən diqqət mərkəzinə gətirib.

Bu barədə rusiyalı jurnalist Tixon Dzyadko öz Tvitter postunda yazıb: "Sənin prezidentinin Tvitter feyklərini həqiqi informasiya kimi təqdim etdiyi rüsvayçı məqam”.

“Carlos” əfsanəsinə gəlincə isə bu, 2014-ci il, iyulun 17-də Boeing 777 vurulandan az sonra başlanıb.

Hadisə baş verəndə Ukrayna hökumət qoşunları ilə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar arasında qızğın döyüşlər gedirdi.

Təyyarə qəzasından bir neçə saat sonra Tvitterdə Kiyev hava limanında çalışan ispan əsilli hava dispeçeri olduğunu iddia edən şəxs yazırdı ki, qəza yerinin yaxınlığında Ukrayna hərbi hava qüvvələrinin iki təyyarəsini görüb.

Bunun ardında artıq Rusiyanın RT şəbəkəsi tvit postu barədə bütöv bir reportajı efirə vermişdi.

Başqa bir Rusiya telekanalı isə eyni gündə iddia edirdi ki, həmin bu “Carlos” Ukrayna müdafiə rəsmilərinin təyyarənin vurulmasını təsdiqlədiyini yazıb.

Guya Carlos deyirmiş ki, sadəcə olaraq təyyarənin vurulması üçün əmrin kim tərəfindən verildiyi bilinmir.

Malayziya təyyarəsi ilə bağlı, nəticələri 2016-cı ildə açıqlanmış beynəlxalq hesabatda bildirilirdi ki, təyyarə rusiyayönlü separatçıların nəzarətində olan ərazidən Buk raketi ilə yerdən vurulub. Həmin raket qurğusu dərhal da aradan çıxarılaraq Rusiyaya qaytarılıb.

Moskva bu hesabatdakı nəticələri “əsassız və qərəzli” kimi rədd etmişdi.

Rusiya rəsmiləri iddia edirdilər ki, təyyarəni Ukraynanın Su-25 qırıcısı vurub. Bu iddia beynəlxalq təhqiqat qrupu tərəfindən birmənalı şəkildə rədd edilmişdi.

İndi, bütün bu iddialardan və Kiyev hava limanında ispanəsilli Carlos adında adamın heç vaxt işləmədəyi təsdiqlənəndən sonra da, belə görünür ki, əfsanə yaşamaqda davam edir.

2014-ci ildə RT hətta Carlos olduğu iddia edilən bir nəfərlə müsahibə də yayınlamışdı, hərçənd ekranda müsahibə verənin üzü görünmürdü.

Bundan sonra Carlos adı ilə əlaqələndirilən Tvitter hesabı yenidən – bu dəfə “Lüdmila Lopatışkina” imzası ilə canlanmış, amma az sonra ləğv olunmuşdu.

“Putin müsahibələri” kitabında prezidentin NH17 reysi ilə bağlı iddialarının mənbəyi kimi də bu saxta məlumatlar göstərilir.

Rusiyanın hökumət nəzarətində olan mediası “Carlos söhbətinin” saxta olduğunu hələ də etiraf etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG