Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:32

Foreign Policy: ‘Putin Erdoğanı istədiyi havaya oynadır...’


Putin və Erdoğan Rusiyada keçirilən aviasiya şousunda
Putin və Erdoğan Rusiyada keçirilən aviasiya şousunda

Nüfuzlu Foreign Policy məcmuəsində Henri J. Barkey Rusiya-Türkiyə münasibətlərinə həsr olunmuş məqaləsinə həmkarı Steven A. Cook-un tənqidi ilə başlayır.

Cook son məqalələrindən birində yazırdı ki, “Türkiyə prezidenti Recep Tayyip Erdoğan Vaşinqtonu istədiyi havaya oynadır”.

Məqalədə deyilir ki, Erdoğan bleflər, hədələr və hikkələrlə Birləşmiş Ştatları Suriyanın şimalına dair razılığa gəlinməsinin mühümlüyünə inandıra bilib.

Müəllifin fikrincə buna görə ABŞ İslam Dövləti ekstremist təşkilatına qarşı döyüşün əsas ağırlığını öz üzərinə götürmüş kürdlərin maraqlarını qurban verib, halbuki beynəlxalq maraqlar baxımından kürdlər “müasir dünyanın ən qorxunc və ən qaniçən qruplarından birini dayandırıblar və onu məhv ediblər”.

Barkey yazır ki, əgər Erdoğan Vaşinqtonu manipulyasiya etməkdə uğur qazanıbsa da, Rusiya prezidenti Putin, əksinə Erdoğanın özünü manipulyasiya edib.

Məqalədə deyilir ki, Ankaraya Rusiya istehsallı S-400-lərin ABŞ-ın supermüasir F-35 qırıcıları üçün təhlükə təşkil etdiyi barədə xəbərdarlıqlar edilsə də, Erdoğan Putinlə gəldiyi razılaşmaya sonadək sadiq qalıb.

Halbuki Türkiyə F-35 qırıcılarının təkcə alıcısı yox, həm də istehsalçılarından biri idi. O bu proqram daxilində milyardlarla dollar qazanacaq, ən müasir texnologiyalara çıxış əldə edəcəkdi. Buna görə də təəccüblü deyildir ki, Erdoğanın Rusiyadan S-400 raketdən müdafiə sistemini alması ABŞ-Türkiyə münasibətlərində böhran yaradıb.

Putinin əl qumbarası

Birləşmiş Ştatların Türkiyəni F-35 proqramından xaric etməkdən başqa variantı qalmayıb. Nəticədə Türkiyə özünün döyüş təyyarələri donanmasını təzələyə bilməyəcək, milyardlarla dollar gəlirdən məhrum olacaq. Əvəzində milyardlarla dolları ciblərinə basan Putin iki NATO müttəfiqinin arasına əl qumbarası atıb.

Barkey yazır ki, Erdoğan bundan da irəli gedərək Putinin məmnun nəzərləri altında Türkiyənin Rusiya qırıcılarının alınması məsələsinə baxacağını deyib.

Məqalədə deyilir ki, Erdoğan Putinə öz ölkəsi üçün çox mühüm olan münasibətlərə zərbə vurmağa hazır olduğunu nümayiş etdirsə də, iki lider arasında Suriyaya görə ixtilaf qalmaqda davam edir.

İki lider dondurma yeyərkən
İki lider dondurma yeyərkən

Rusiya İranla birlikdə Suriyada Assad rejimini az qala qaçılmaz süqutdan xilas ediblər. Türkiyə isə bu ölkədə münaqişə başlanandan bəri cihadçı elementlər də daxil Assad-ın müxalifətini dəstəkləyib.

Məqalədə deyilir ki, Türkiyənin Rusiya ilə müxalifətin son istehkamı İdlib qəzasına dair əldə etdiyi razılaşma çökmək üzrədir.

Beləki Suriya rejimi indi bu ərazinin yenidən ələ keçirilməsinə çalışır. Assad rejiminin bu ərazidə həyata keçirdiyi hücumlar təkcə mülki əhali üçün yox, həm də Türkiyənin hərbi müşahidə postları üçün təhlükə yaradır.

Məqalədə deyilir ki, Assad rejiminin ölkənin başqa yerlərində mövqelərini möhkəmləndirəndənsonra İdlibin üzərinə gələcəyi Ankaranı təəccübləndirməməliydi:

“Təkcə ötən ay ərzində bu ərazidə Türkiyənin hərbi karvanı atəşə tutulub. Bu hücumun Suriya hökumətinin Rusiyada istehsal olunmuş təyyarələri və Putinin xeyir-duası ilə edildiyi görünür. Bu arada Türkiyənin zirehli texnikası arasında əlaqləndirici kimi hərəkət edən avtofurqon vurulub və içindəkilər həlak olub. Bu hücum Türkiyənin irəliləyişini dayandırıb və türklərin müşahidə postlarını mühasirəyə salıb. Buna baxmayaraq Ankara Rusiyanın hərəkətlərini xəfifcə tənqid etməklə kifayətlənib”.

"O bilir ki, Erdoğan onu tənqid etməyə cürət etməyəcək"

Məqalədə deyilir ki, Ankara İdlibin bufer zonası olaraq qalacağına inanırdı. Türkiyə hökuməti ümid edirdi ki, bu zona Suriyadan yeni qaçqın axınının qarşısını alacaq. Amma bütün əlamətlər göstərir ki, Suriya qoşunlarının Türkiyənin müttəfiqləri və cihadçı əlbirlərinin üzərinə hücumu getdikcə güclənəcək.

Barkey yazır ki, Moskvadan qayıdan Erdoğanın təyyarəsi hələ Ankarada enməmiş Suriyanın İdlibi bombardman etməsi bərpa olunub:

“Putin Türkiyə prezidentini necə oynatmağı və manipulyasiya etməyi yaxşı bacarır. O Erdoğanın ayağı altına qırmıəzı palazlar sərib, ona özünün hərbi texnikasından heyran qalmaq imkanı yaradıb və Suriyada onu sıxışdırmaqda davam edib”.

Məqalədə daha sonra deyilir:

“Putin Erdoğanı özünün istədiyi mövqedə saxlayır. O bilir ki, Erdoğan onu tənqid etməyə cürət etməyəcək və Vaşinqtonda bir çoxlarını incik salan Türkiyə prezidentinin seçimləri məhduddur. Əksinə Erdoğan və onun hökumətindəki əlaltıları və onun mediası Birləşmiş Ştatları Türkiyənin bir nömrəli düşməni kimi pisləməkdə davam edəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG