Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 06:00

'Putinin namizədlik dissertasiyasını atam yazıb'


Olqa Litvinenko

Olqa Litvinenko yeniyetmə ikən 1997-ci ilin yayını atasının Sankt Peterburq şəhəri yaxınlığındakı daçasında keçirib. Amma o yayın tətili köbələk yığmaq və ya samovar çayı dəmləmək üçün deyildi.

O deyir ki, həmin yay o, Milli Mineral Ehtiyatları Universitetinə təzəcə rektor təyin edilmiş atası – Viktor Litvinenkoya siyasət aləminə yenicə gələn Putin üçün namizədlik dissertasiyası yazmaqda kömək etməli idi.

Olqa Litvinenko AzadlıqRadiosuna deyib: "Bütün elmi işi atam tək yazıb. Belə işləyirdik. O müxtəlif kitablara baxırdı. Kitablardan xoşuna gələn hissələri surətçıxaran maşına salırdı. Sonra kağızdan həmin hissələri kəsib ayrıca vərəqə yapışdırırdı. Bundan sonra vərəqlərə öz şərhlərini əlavə edirdi. Mən bütün bunları görürdüm. Bunlar gözlərimin qarşısında baş verirdi”.

AzadlıqRadiosunun müxbirləri Dmitry Volchek və Robert Coalson yazırlar ki, Putinin namizədlik dissertasiyasının “iy verməsi” barədə söz söhbət yeni deyil. 2006-cı ildə Brookings İnstitutunun apardığı araşdırma göstərib ki, bu elmi iş cəmi iki mənbədən köçürülüb. Brookings-in məqaləsində iddia edilirdi ki, “Putin heç instituta getməyib və onun təqdim və müdafiə etdiyi elmi iş əvvəlki məşğuliyyəti ilə əlaqəli olmayıb”.

Martın 6-da Kremlin sözçüsü Dmitri Peskov Olqa Litvinenkonun iddiaları barədə suallara cavab verərkən deyib: “Burada şərh verəsi bir şey yoxdur. Bu belə deyil”.

Bunun cavabında Olqa Litvinenko AzadlıqRadiosuna deyib: “Orda Peskov yox, mən olmuşam…Qoy Putin özü desin ki, dissertasiyanı o yazıb və plagiatçılıq etməyib”.

Mineral Ehtiyatlar Universitetin rektoru Vladimir Litvinenko və "yetişdirməsi" Vladimir Putin
Mineral Ehtiyatlar Universitetin rektoru Vladimir Litvinenko və "yetişdirməsi" Vladimir Putin

Böyüdüyü ailəyə baxmayaraq Olqa Litvinenko Putinin və öz atasının sərt tənqidçisidir. O hazırda Polşada yaşayır və atasını, özünün səkkiz yaşlı qızı Ester-Mariya Litvinenkonu qanunsuz olaraq yanında saxlamaqda və ona verməməkdə ittiham edir. Vaxtilə Vladimir Litvinenko polisə qızı Olqanın oğurlandığı barədə ərizə vermişdi.

Yanvar ayında Sankt Peterburq məhkəməsi Olqanın pasportunu ləğv edib. Qadın bildirir ki, bunu onun Rusiyaya qayıtmasının qarşısını almaq məqsədilə atası elətdirib. Olqa Litvinenko yanvarın 24-də Litva parlamentində Maqnitski qanunu və Rusiyada insan haqlarını pozanlara qarşı sanksiyalarla bağlı çıxış edib. O martın 7-də Estoniya parlamentində də belə bir çıxış etməli idi.

“Kriminal” dərəcələr

“Rusiyanın ən varlı rektoru” adını qazanmış Vladimir Litvinenko bu vəzifəyə 1994-cü ildə təyin edilib. O PhosAgro fosfat şirkətində təxminən 15 faiz paya malikdir. Bu şirkət əvvəllər ölkədən didərgin düşmüş oliqarx Mixail Xodorkovskiyə məxsus olub və qiyməti 850 milyon dollar olaraq təxmin edilir.

Litvinenko deyib: “Mənim atam Putinlə 1991-ci ildə Gennadi Belikin vasitəsilə tanış olub. Belik o vaxt xarici kəşfiyyat veteranları cəmiyyətinin sədri idi. Belik nadir torpaq materillarını qanunsuz yollarla Qərbə ixrac edirdi və mənim atam da minerallar üzrə ekspert kimi bu biznesə cəlb olunmuşdu. 1994-cü ildə Putin və Belik onu rektor qoydurdular”.

1994-cü ildə Putin Sankt Peterburq meri Anatoli Sobçakın birinci müavini idi.

Olqa Litvinenko deyir ki, atası rektor olduqdan sonra qanunsuz dissertasiyalar biznesinə girişib. O bildirir ki, o vaxtlar buna böyük ehtiyac vardı, beləki hamı elmlər namizədi və ya doktoru olmağa can atırdı.

Putinin yaxın çevrəsindən olan Rosneftin baş direktoru İqor Seçin özünün elmi dərəcəsini 1998-ci ildə Milli Mədənçilik Universitetindən alıb. Putinin köhnə yoldaşlarından, keçmiş baş nazir Viktor Zubkovu da bu universitet 2000-ci ildə alim edib. O hazırda Gazprom-un idarə şurasının sədridir.

Olqa Litvinenko deyib ki, professorlardan, mühazirəçilərdən və alimlərdən ibarət bütöv bir “cinayətkar qrup” başqaları üçün dissertasiyalar yazmaq və müdafiə etdirməklə məşğul olub.

Xanım Litvinenkonun sözlərinə görə bu dissertasiyaların Ali Attestasiya Komissiyasından keçməsini onun atası təmin edirmiş.

Litvinenko əlavə edir ki, Rusiyada Amerikanın doktorluq dərəcəsinə bərabət tutulan namizədliyi on minlərlə dollara almaq mümkündür. ABŞ-da ekvivalenti olmayan doktorluq isə bundan 2-3 dəfə bahadır.

Olqa Litvinenko deyir ki, dissertasiyalar nəqd pula satılırdı və o bu prosesi öz gözləri ilə görüb.

“Putinin adamı”

Olqa Litvinenko daha sonra deyib: “O Putinin dissertasiyasını şəxsən yazıb. 1997-ci ildə onlar surətçıxaran maşını bizim bağa gətirmişdilər. Atam dissertasiyanı yazmaq üçün məzuniyyət götürmüşdü. Putin daçaya heç vaxt gəlməyib. O dissertasiyanı atamla heç vaxt müzakirə etməyib. Hər şeyi müstəsna olaraq atam yazıb”.

O vaxt Putin artıq Moskvada idi və prezident administrasiyası başçısının müavini işləyirdi.

Olqa Litvinenko bu barədə belə bəhs edib: “Bəlkə də mənim atam dissertasiyanı onun üçün pulsuz yazıb. Bir şey məlumdur ki, o rektor postunda Putinin adamı idi. Onlar birlikdə, həm də dəfələrlə biznes ediblər. Bəlkə də bu dissertasiyanı atam ona rektorluq postuna görə minnətdarlıq olaraq yazıb”.

Elmi işləri və biznes maraqlarına baxmayaraq Vladimir Litvinenko 2000, 2004 və 2012-ci il seçkiləri zamanı Putinin Sankt Peterburqdakı seçki kampaniyasının rəhbərliyini edib. Bu il o bu kampaniyanın dörd sədrindən biridir.

2006-cı ildə Vlast jurnalına müsahibə verən Vladimir Litvinenko israr edirdi ki, Putin dissertasiyasını özü yazıb:

“Mən bu işə nəzarət edirdim. Vladimir Putin elm adamı olmadığından işin ilk layihəsi bəzi iradlar doğurmuş və rədd edilmişdi. Biz ona işin üzərində bir qədər çox çalışmağı tövsiyə etmişdik. Bir neçə aydan sonra o tamamilə yenidən işlənmiş versiyanı gətirmişdi. Burada bütün iradlar nəzərə alınmışdı və buna görə də onu müdafiəyə buraxmışdılar. Onun müstəqil işlədiyinə mənim şübhəm yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG