Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:06

Putin deyir ki, liberalizm ideyası artıq köhnəlib


Rusiya prezidenti Vladimir Putin deyib ki, onun qənaətinə görə liberalism ideyası “artıq ömrünü başa vurub” və “tamamilə köhnəlib”.

G20 sammitindən əvvəl iyunun 28-də Kremldə Financial Times qəzetinə müsahibə verən Rusiya prezidenti miqrantlara münasibətdə açıq qapılar siyasətini pisləyib və deyib ki, liberalizm “ənənəvi dəyərlərin” hesabına ifrata varıb:

“Miqrasiya problem ortalığa çıxanda bir çoxları etiraf etdilər ki, multikulturalizm səmərəli siyasət deyil və köklü əhalinin maraqları nəzərə alınmalıdır”.

Putin deyib ki, Almaniya kansleri Angela Merkelin 2015-ci ildə Yaxın Şərqdən gələn qaçqınlara qucaq açmasını “köklü səhv” olub.

O Donald Trump-ı miqrasiyaya qarşı daha sərt mövqe tutmasına görə “istedadlı adam” adlandırıb.

Müsahibənin böyük bir hissəsi Rusiyanın xarici siyasətinə - Çin, Venesuela, Suriya və ABŞ-la münasibətlərə həsr olunub.

Xarici siyasətdən danışarkən Putin illərdir ki, irəli sürdüyü mülahizələri təkrarlayıb və ABŞ-ın dünya hegemonluğunu pisləyib.

Lakin müsahibənin ən maraqlı hissəsi Qərbin liberalizm- azadlıq ideyalarına münasibəti barədədir:

“Liberal ideya heç nə etmək lazım olmadığını ehtiva edir. Miqrantlar yalnız ona görə öldürə, qarət edə və zorlaya bilərlər ki, onların bir miqrant kimi hüquqları qorunmalıdır. Liberal ideya köhnəlib”.

Putin bunu da deyib ki, Rusiyanın seksual azlıqlarla heç bir problemi yoxdur və Moskva yalnız seksual azlığın təbliğatını qadağan edib:

“Lakin imkan vermək olmaz ki, bu, mədəniyyətə, ənənələrə və əhalinin əsas hissəsinin ənənəvi ailə dəyərlərinə kölgə salsın. Ənənəvi dəyərlər daha sabitdir və milyonlarla insan üçün liberal ideyadan daha mühümdür”.

Putin deyib ki, onun nəzərincə liberal ideya artıq mövcudluğunu dayandırıb.

Artıq 20 ildir ki, hakimiyyətdə olan Putinə Rusiya və Qərb arasında fikir ixtilafının təfərrüatlarına dair suallar verilməyib.

2018-ci ildə Britaniyada Skripalların zəhərlənməsində Risiyanın roluna dair suala isə Putin “ənənəvi” cavab verib: “Qoy sübut etsinlər”.

Bununla belə Putin Skripalların zəhərlənməsində öz hökumətinin rolunu birbaşa inkar etməyib. O artıq ən azı üçüncü dəfədir ki, “xəyanətin ən böyük cinayət” olduğunu bildirib:

“Xəyanət mümkün olan ən ağır cinayətdir və cəzalandırılmalıdır. Mən demək istəmirəm ki, Solsberi hadisəsinin bununla əlaqəsi var. Qətiyyən. Lakin satqınlar cəzasına çatdırılmalıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG