Rusiya prezidenti Vladimir Putin konstitusiyaya düzəliş təklifləri paketini parlamentə təqdim edib.
Bu təkliflər qəbul edilərsə, Rusiyanın siyasi sistemi xeyli dərəcədə dəyişmiş olacaq.
Putinin təkliflərindən biri də eyni şəxsin dalbadal iki müddət prezident olmasını qadağan edən maddədən “dalbadal” sözünün çıxarılmasıdır.
Bu barədə məlumat yanvarın 20-də Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasının internet saytında dərc olunub.
Rusiya prezidenti konstitusiyaya düzəliş təkliflərini yanvarın 15-də etdiyi illik çıxışında səsləndirmişdi.
Şərhçilər bildirirlər ki, yeni təkliflər 67 yaşlı keçmiş DTK zabiti Putini 2024-cü ildən sonra da hakimiyyətdə saxlamalıdır.
Onun qanunla prezidentliyi 2024-cü ildə başa çatır.
Bu düzəliş təklifləri habelə ölkə konstitusiyasına beynəlxalq qanunlar üzərində üstünlük verir.
Təkliflərdə prezidentin səlahiyyətlərinin bir hissəsinin baş nazirə və Dövlət Şurası adlı quruma verilməsi nəzərdə tutulur.
Dövlət Şurası hazırda elə də böyük səlahiyyətlərə malik deyil.
Bəzi təhlilçilər bildirirlər ki, Putin prezidentlik müddəti başa çatmamış bu şuranın sədri vəzifəsini tutmağı planlaşdırır. Bu ona istədiyi müddətdə hakimiyyətdə qalmaq imkanı verməlidir.
Putin bildirib ki, sözü gedən dəyişikliklər paketi referenduma çıxarılacaq.
Putin 15 yanvarda etdiyi çıxışdan az sonra baş nazir Dmitry Medvedevi vəzifəsindən çıxararaq onun postuna indiyədək az tanınan Mikhail Mishustin-i təyin edib.