Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Putin prezidentliyi bitəndən sonra Dövlət Şurasının sədri olmayacaq


Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırkı prezidentlik müddəti bitəndən sonra Dövlət Şurasına rəhbərlik etməyəcək.

İvanovoda ictimaiyyət nümayəndələri qarşısında çıxış edən prezident deyib ki, 2024-cü il seçkisindən sonra onun hakimiyyət səlahiyyətlərinin saxlanması ölkədə ikihakimiyyətlilik olardı.

Putin fevralın ortalarında Federasiya Şurasında etdiyi çıxışda Konstitusiyaya düzəlişlər təşəbbüsünü irəli sürmüşdü.

Rusiya prezidenti bu təkliflərdə özünün yenidən yaratdığı Dövlət Şurası adlı qurumun status və rolunun artırılması zərurətindən danışmışdı.

Müxalifət narahat idi ki, Putin bununla da 2024-cü il seçkisindən sonra səlahiyyətləri bitəndə Dövlət Şurasının rəhbərliyinə keçərək hakimiyyətini saxlaya bilər.

Putinin özü bu iddiaları rədd edir.

Ölkə "piylənəndə"

İvanovodakı çıxışında Putin vurğulayıb ki, Konstitusiyaya indiki düzəliş təklifləri “hətta 5 də yox, 10 da yox, 30, 50 il üçün nəzərdə tutulur”.

O bu barədə deyib:

"Hazırda ən önəmli olanı ölkənin sakit inkişafıdır. Amma sonralar, ölkənin özünə güvəni, müxtəlif resursları, necə deyərlər, piyi daha çox olanda...Onda hakimiyyətin dəyişməsi əlbəttə lazım olacaq”.

Prezidentin Konstitusiyaya dəyişikliklər təşəbbüsünü elan etməsi ilə Dmitry Medvedevin hökuməti istefaya göndərilib.

Medvedevə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi həvalə edilib.

O vaxt müşahidəçilər qeyd edirdilər ki, Medvedevin sədr müavini kimi birbaşa Putinə tabeçiliyi, onun vəzifəsinin kiçildiyi anlamına gəlmir.

Sual bitdimi?

Dövlət Şurası prezident yanında məşvərətçi orqandır. 2000-ci ildə yaradılıb. Bu quruma Rusiya prezidenti rəhbərlik edir. Parlament palatalarının spikerləri, prezidentin regional nümayəndələri , Dövlət Duması fraksiyalarının başçıları bu şuranın üzvüdürlər.

Bu da qeyd olunmalıdır ki, Konstitusiyaya təkliflərin sual doğuranı təkcə Dövlət Şurası deyil.

Təkliflərdən biri də Rusiyada “Ali Rəhbər” vəzifəsinin təsis edilməsinə aid idi.

Keçmiş prezidentlərə ömürlük senator vəzifəsinin verilməsi barədə müddəa da təklif olunmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG