Rusiyanın baş prokuroru bu vəzifədə 14 il oturandan sonra kürsüsünü tərk etməli olub.
Siyasi motivli cinayət işlərinin əsas icraçılarından biri olan Yury Chaika yanvarın 20-də prezident Vladimir Putin tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Kremlin məlumatında deyilir ki, Putin ölkənin baş prokuroru vəzifəsinə onun özünün yaratdığı İstintaq Komitəsinin sədr müavini Igor Krasnovu təyin edib.
İndi Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası Krasnovun bu vəzifəyə namizədliyini təsdiq etməldir.
Şərhçilər bildirirlər ki, Putinin nominasiyası səsvermədən asanlıqla keçəcək.
AzadlıqRadiosu yazır ki, Krasnov Rusiyada çox az tanınan simalardandır.
Putin tərəfindən 2007-ci ildə yaradılmış İstintaq Komitəsinə onun yaxın müttəfiqi Aleksandr Bastrykin rəhbərlik edir. Bu qurum ənənəvi olaraq Rusiya Baş Prokurorluğunun rəqibi hesab edilir.
68 yaşlı Yury Chaika indiyədək bir çox qalmaqalların personajı olub.
2015-ci ilin dekabrında Rusiya müxalifətinin liderlərindən Alexei Navalny Chaika və onun ailə üzvlərinin korrusiya əməlləri barədə ifşaedici materiallarla çıxış etmişdi.
2017-ci ildə Chaika-nın övladlarının adları ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.
2016-cı ildə keçmiş baş prokurorun adı prezident Donald Trump-ın böyük oğlu ilə rusiyalı vəkilin Trump Tower otelindki görüşü ilə əlaqədar hallandırılırdı.
Bu vəkilin Chaika ilə yaxın olduğu bildirilirdi.
Sözü gedən görüşdə ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının rəhbəri Paul Manafort da iştirak etmişdi.