Rusiyalıların 33 faizi Putinin 2024-cü ildən sonra fərdi pensiyaçı olmasını və yaxud ictimai işlərlə məşğul olmamasını istəyir.
AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, bu nəticə Levada müstəqil ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi sorğuda alınıb.
Soğunun sualı belə qoyulmuşdu:
“Siz Vladimir Putini onun prezidentlik müddəti başa çatdıqdan sonra hansı rolda görmək istərdiniz?”
Bu sorğunun nəticələrini şərh edərkən Levada mərkəzinin direktoru Lev Gudkov deyib ki, onun üçün Putini istefaya göndərmək istəyənlərin faiz çoxluğu gözlənilməz olub.
Onun fikrinə görə bu, 2010-2011-ci illərdə hökm sürən etirazöncəsi “yorğunluq əhval-ruhiyyəsini” xatırladır.
Bununla belə rusiyalıların 27 faizi 2024-cü ildən sonra da Putini prezident kimi görmək istəyir.
Üstəlik onu “bu və ya digər yüksək postda görmək istəyən” rusiyalılar 55 faiz təşkil edir.
Bu “yüksək postların” arasında “Rusiya və Belarus ittifaq dövlətinin prezidenti”, “hökumətin sədri”, “Vahid Rusiya partiyasının lideri” və hətta “millətin rəsmi lideri” və “Təhlükəsizlik Şurasının başçısı” kimi vəzifələrin adları çəkilir.
Şərhçilər bildirirlər ki, Qazaxıstanın “istefaya getmiş” prezidenti Nursultan Nazarbaev də hazırda Təhlükəsizlik Şurasının sədri olaraq qalır.
Bu da qeyd olunur ki, Putin xüsusilə də əhalinin iki qrupu arasında populyardır. Bunlar yaşı 55-dən çox olanlar və 18-24 yaşları arasında olanlardır.
Lev Gudkov Putinin cavanlar arasında belə populyar olmasını orta məktəblərdə aparılan “sovetsayağı təbliğatla” əlaqələndirir.
Gudkov deyir ki, bu adamlar ömürlərinin sonrakı illərində fikirlərini dəyişməyə meyllidirlər.
Bunu belə bir nəticə də göstərir ki, Putinin ən az populyar olduğu yaş qrupu 39-55 yaşları arasında olanlardır.
2020-ci il, yanavrın sonuna olan məlumata görə Rusiya prezidentinin populyarlığı 68 faizdir.
Putinin fəaliyyətini bəyənməyənlər 31 faiz təşkil edir.