Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib - Qərb mediası


Ağ Evin sözçüsü Cen Psaki
Ağ Evin sözçüsü Cen Psaki

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, hələlik baş verən yeganə təcavüzü cənab Putinin “davakar ritorikası” törədir.

ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı danışıqlar yanvar ayında keçirilə bilər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Cenevrədə görüş keçiriləcəyinə ümid etdiyini bildirmişdi.

Putin böhranın aradan qaldırılması üçün NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı qarantiya tələb edir.

BBC yazır ki, Putin hərbi tədbirlərə əl ata biləcəyini bildirsə də, Ukraynaya müdaxilə hazırladığı barədə iddiaları inkar edir.

Ağ Evin vəzifəli rəsmiləri Rusiya prezidentinin NATO-nun Şərqi Avropada bütün fəaliyyətinin dayandırılmasına dair tələbinə reaksiya verməkdən imtina ediblər.

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, diplomatik danışıqlar barədə hələ son qərar verilməsə də, ABŞ bu istiqamətdə işləməkdədir.

Xanım Psaki dekabrın 23-də deyib ki, hələlik baş verən yeganə təcavüzü Ukrayna ilə sərhəddəki Rusiya qüvvələri və cənab Putinin “davakar ritorikası” törədir.

Belə məsələlər açıq bəyanatlarla həll olunmur

Bu arada The Independent qəzetinin yazdığına görə Ağ Ev bildirib ki, Putinin NATO-dan Ukraynaya dair qarantiya tələblərinə potensial danışıqlaradək heç bir cavab verilməyəcək.

Ağ Evin vəzifəli rəsmilərindən biri Putinin mətbuat konfransı barədə suala cavab verərkən deyib ki, bu barədə hər hansı danışıqlardan əvvəl ABŞ-ın rəsmi reaksiyası olmayacaq.

Həmin rəsmi gələn ay ABŞ və Rusiya nümayəndələrinin Cenevrədə görüşəcəyinə dair Moskvanın bəyanatı barədə də hələki konkret razılaşma olmadığını deyib.

Rəsmi bildirib ki, Rusiyanın qaldırdığı məsələlər açıq bəyanatlarla cavablandırıla bilməz:

“Çünki biz Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etməyi planlaşdırmırıq. Bu bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Biz Rusiya prezidenti daxil heç kimin hər təklifinə və ya şərhinə reaksiya vermək niyyətində deyilik”.

Qərbin cavabı təkcə sanksiyalarla məhdudlaşmayacaq

Rəsmi deyib ki, Rusiya ilə hər hansı dialoq qarşılıqlı olmalıdır və bu halda masa üzərinə Vaşinqtonun da narahatlıqları qoyulacaq.

O əlavə edib ki, Vaşinqton bütün partnyor və müttəfiqləri ilə koordinasiya edilmədən və ya “onlarsız onlar barədə” heç nəyi müzakirə etməyəcək:

“Bizim nəzərimizcə danışıqlar Avropa təhlükəsizliyinə dair - ərazi bütövlüyünü tanıyan, sərhədlərin hərbi güclə dəyişdirilməsini qadağan edən, ölkələrin suverenliyinə və suveren qərarlar qəbul etmək hüququna hörmətə söykənən sənəd və prinsiplər üzərində başlamalıdır”.

Rəsminin sözlərinə görə, Ağ Ev üçün aydındır ki, gələn ay keçiriləcək danışıqlarda “substantiv irəliləyiş” yalnız Rusiya “de-eskalasiya mühitini” seçərsə edilə bilər.

Rəsmi deyib ki, əgər cənab Putin Ukrayna ərazisinə qoşun göndərmək qərarına gəlsə, bilməlidir ki, ABŞ və onun müttəfiqlərinin görəcəyi tədbirlər yalnız iqtisadi hərəkətlərlə məhdudlaşmayacaq.

“Biz demişik ki, öz ərazisinin müdafiəsi üçün Ukraynaya dəstəyimizi artıracağıq”.

Putinin Ukrayna gözləntisi doğrulmayıb

The Guardian qəzeti isə Vladimir Putinin son günlərdə belə davakar ritorikasının arxasında nəyin dayandığını araşdırmağa çalışıb.

Rand Corporation analitik mərkəzinin politoloqu Samuel Şarap vəziyyəti belə izah edib:

“Onlar bu nəticəyə gəliblər ki, işlər onların istədikləri istiqamətdə getmir, onların qlobal məğlubiyyətinə doğru gedir. Kremlin ukraynanıların özlərinin yeni hökumətindən bezəcəyinə və Qərbin Ukraynaya marağı itirəcəyinə dair erkən gözləntiləri doğrulmayıb. Buna görə də Kreml qərara gəlib ki, hazırkı status quo dözülməzdir və dəyişilməlidir”.

Ekspert bildirir ki, bu səbəbdən də Putin danışıqlara açıq olduğunu bildirir və NATO-nun bu təşkilata 1997-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki qoşun və infrastrukturunun çıxarılmasını tələb edir.

Politoloqun fikrincə bir çox Şərqi Avropa ölkələri üçün belə bir şərt danışıqlar mövzusu ola bilməz.

Bunu yaxşı başa düşən Putin bəri başdan işarə edib ki, ABŞ prezidenti Co Baydenə hörməti olsa da, ona inanmır.

Putin öz hakimiyyəti üçün əlləşir

Bir sıra təhlilçilər Putinin son bəyanatlarını onun Rusiya lideri kimi öz mövqeyini möhkəmlətmək istəyi ilə bağlayırlar.

Moskvadakı Carnegie Mərkəzindən Aleksandr Baunov bu ay bu barədə yazmışdı:

“Belə görünür ki, onun Ukraynada nəyə nail olması Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasının həlledici faktoru olacaq”.

Bununa belə Putinin 24 illik hakimiyyəti rahatlıqla qoyub gedəcəyi gözlənilmir.

Belə olduğu halda “qardaş Ukrayna” xalqını geri qaytarmaq məqsədi onun hakimiyyətdə qalmasına əsas verə bilər. Baunov bu barədə yazıb:

“Əgər bu məsələdə uğur qazanılmasa, deməli hakimiyyətdən getməyin də hələ vaxtı deyil”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG