Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

Putin: Ölkədə vəziyyət mürəkkəbləşir


Vladimir Putin aprelin 1-də video ilə müşavirə keçirib

Rusiya prezidenti Vladimir Putin hökumət nazirləri ilə keçirdiyi videomüşavirədə Rusiyada koronavirusla bağlı yaranmış vəziyyətin mürəkkəbləşdiyini deyib.

Prezidentin sözlərinə görə, koronavirusa yoluxma təhlükəsinə görə hazırda 3 milyon 300 min nəfər karantində, daha 290 min nəfər özünütəcriddədir.

Baş nazirin səhiyyə məsələləri üzrə müavini Tatiana Golikova Putinin keçirdiyi müşavirədə deyib ki, hakimiyyət xaricdə ilişib qalan həmvətənlərın repatriasiyasını davam etdirir, amma Moskvaya günə 500-dən, başqa şəhərlərin hava limanlarına isə 200-dən artıq sərnişin gəlməməlidir.

Golikova habelə prezidentdən sosial məsafə saxlanması kimi tanınan tədbirin müddətini uzatmağı xahiş edib.

O bildirib ki, ilk üç gün bu tədbirin xeyirli olduğunu göstərib.

Bundan əvvəl, aprelin 1-də Rospotrebnadzorun rəhbəri Anna Popova istirahət günlərinin sayının artırılmasını xahiş etmişdi.

Onun sözlərinə görə, görülən tədbirlər artıq nəticələrini verir, amma istirahət günlərinin artırılması virusun inkubasiya dövrünü nəzərə almaqla həyata keçirilməlidir.

Martın 25-də əhaliyə müraciət edən Putin martın 30-dan başlayaraq 7 istirahət günü veriləcəyini demişdi.

Ən son məlumatlara görə Rusiyada COVID-19 xəstəliyindən 24 pasient vəfat edib, koronavirusa yoluxanların sayı 2777-yə yüksəlib.

Putin videobağlantı ilə rəhbərlik edir

Martın 31-də xəbər verilmişdi ki, Moskvanın Kommunarka məhəlləsindəki xəstəxananın baş həkimi Denis Protsenko koronavirusa yoluxub. Bundan iki gün əvvəl Vladimir Putin həmin xəstəxanaya baş çəkmişdi.

Rusiya prezidenti həmin səfər zamanı xəstələrlə görüşə xüsusi qoruyucu geyimdə buraxılsa da, baş həkimlə adi geyimdə və maskasız söhbət etmişdi.

Baş həkimin virusa dəqiq nə vaxt yoluxduğu bilinmirdi və bu, prezidentin sağlamlığı barədə müəyyən narahatlığa səbəb olmuşdu.

Putinin sözçüsü Dmitry Peskov Protsenkonun virusa yoluxduğuna dair xəbərlərin yayılmasının ardınca demişdi ki, Vladimir Putin gündəlik qaydada COVID-19 virusundan test edilir və o tamamilə sağlamdır.

Bundan əvvəl Peskov bildirmişdi ki, Putinlə görüşən şəxsləri hələ görüşdən əvvəl bu virusdan test edirlər.

Peskov aprelin 1-də prezidentin nazirlərlə videomüşavirəsi barədə şərh verərkən deyib ki, “indi hamı Putinin məsafədən işlədiyini görür”.

XS
SM
MD
LG