Rusiyanın Pussy Riot etiraz qrupunun qurucularından Mariya Alyoxina 15 sutkalıq həbs olunub. O, polisə itaətsizlikdə ittiham olunur. Son günlər bu qrup üzvlərinə təzyiqlər artır.
Qrupun 4 üzvü həbsdədir
Alyoxina iyunun 24-də təqsirli bilinib. O, iki gün öncə, COVID-19-a qarşı vaksinasiya olunmağa gedərkən saxlanıb. Polis onun saxlanmasını “nasist Almaniyasının Sovet İttifaqı üzərinə hücumunun 80-ci ildönümündə icazəsiz etiraz aksiyası təşkil etmək planları haqda” informasiya almaları ilə izah edib.
Polisin həmin informasiyanı hardan alması bəlli deyildi. Ertəsi gün isə ittiham polisə itaətsizliklə əvəzləndi.
Bir gün öncə etiraz qrupunun daha üç üzvü 15 sutkalıq həbs olunublar. Moskvada məhkəmə Lyusya Şteyn və Anna Kuzmixi polisin əmrinə tabe olmamaqda, Aleksandr Sofeyevi isə kiçik xuliqanlıqda təqsirli bilib.
Pussy Riot-in daha bir üzvü Nika Nikulina isə iyunun 21-də “polisə itaətsiz” ittihamıyla 15 sutkalıq saxlanıb.
Kilsədə etiraz
Bu etiraz qrupu 2012-ci ildə tanınıb. O zaman Alyoxina və qrupun digər üzvü Nadejda Tolokonnikova Moskvada kilsəyə girərək Rusiya Pravoslav Kilsəsinin o zaman Baş nazir olan Vladimir Putinlə münasibətlərinə etiraz ediblər.
Onda Putin prezidentliyə qayıtmaq üçün kampaniya aparırdı.
Qrup üzvləri “dini nifrətə əsaslanan xuliqanlıq”da təqsirli bilinərək iki il həbsə məhkum edildilər.
Alyoxina və Tolokonnikova 2013-cü ilin dekabrında əfv olundular, halbuki cəzalarını tamamlamağa az qalmışdı.
Hər ikisi əfv olunmalarını 2014-cü il Soçi qış olimpiadası ərəfəsi Putinin xaricdə imicini cilalamaq cəhdi adlandırdı.