Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 00:01

Amerika inqilabının qəhrəmanı qadın olub?


Casimir Pulaski
Casimir Pulaski

Amerika inqilabının bu qəhrəmanının şərəfinə hər il İllinoy ştatında dövlət bayramı, Nyu York şəhərində isə əfsanəvi Beşinci Avenyuda illik parad keçirilir. Onun adına məktəblər, yollar və körpülər var. Hamı onu kişi kimi tanısa da, ekranlara yeni çıxmış sənədli filmdə bu məsələ sorğulanır.

“Amerikanın gizli hekayələri: General qadın olub?” (America’s Hidden Stories: The General Was Female?) adlı sənədli film bu həftənin bazar ertəsi günü çıxıb. Filmdə “Amerika kavaleriyasının atası” adlandırılan, Amerikanın azadlığı uğrunda döyüşərək həlak olan, Polşada doğulmuş general Casimir Pulaskinin dünyaya qadın kimi gəlməsi ehtimalı səsləndirilir.

İkicinsli xüsusiyyətlər

Pulaskinin böyrəküstü vəz qabığının anadangəlmə hiperplaziyası adlı vəziyyətdə olması ehtimal edilir. Bu, insana hər iki cinsin xüsusiyyətlərini verən pozğunluqdur. Bu hal qadınlarda olduğu zaman onların endokrin sisteminin daha çox kişi hormonu istehsal etməsinə, bu səbəbdən cinsiyyət orqanlarının böyüməsinə və insanın daha maskulin (kişiyə bənzər) görkəm almasına yol açır. Corciyadakı Cənub Universitetinin antropologiya professor Virginia Hutton Estabrook “New York Post” qəzetinə müsahibəsində belə deyib.

Pulaskinin çənə xətti dairəvi, bədən quruluşu xırda, qasığı isə qadınlara xas quruluşda olub. Professorun sözlərinə görə, bunlar ikicinsli insana xas əlamətlərdir.

“Bu, tarixdə çox böyük rolu olmuş şəxsiyyətlər arasında ikicinsli olması üzə çıxan ilk insanlardan biridir. Xromosom quruluşuna gəlincə, Pulaskidə bu özünü, bioloji qadındakı kimi, XX şəklində göstərəcəkdi”, – Estabrook deyib.

“Ancaq biz qeydlərdən və portretlərdən bilirik ki, o, xaç suyuna “oğul” adı ilə salınıb, onun üzündə tük olub və onda kişilərə xas keçəllik olub. Güman ki, o özünün bu halından xəbərsiz olub”, – o deyib.

Pulaski 1777-ci ildə Brendivayn döyüşündə britaniyalıların yaxınlaşmasına imkan verməyərək George Washington-un əsir düşməsinin qarşısını alıb. Qədirbilən Washington da Pulaskini briqada generalı təyin edib.

İki il sonra 34 yaşlı Pulaski Corciyada Savanna mühasirəsində süvari həmləsinə başçılıq etdiyi zaman həlak olub.

Qəbri də buna görə tapılmırmış

200 il ərzində Pulaskinin qəbrinin yeri müəmmalı olub. Bəzi tarixi qeydlərdə onun dənizdə dəfn olunduğu göstərilir. Digər qeydlərdə isə onun Corciya ştatının Savanna şəhərciyində, nişanəsiz qəbirdə uyuduğu yazılır.

İndi alimlər bu suala cavab tapdıqlarını düşünürlər. Ancaq bununla yanaşı gözlənilmədən aşkar etdikləri tapıntı – Pulaskinin ikicinsli olmasını göstərən dəlillər onları çox heyrətləndirib.

“The New York Times” qəzeti yazır ki, onun qəbrinin yeri də daha öncə məhz bu dolaşıqlığa görə tapılmırmış.

Corciya Cənub Universitetinin tədqiqat komandası sənədli filmdə bu arqumenti Pulaskinin Savannadakı abidəsindən çıxarılmış skelet qalıqları və DNT yoxlamalarına əsaslanaraq söyləyir.

NBC News yazır ki, Estabrook və digər tədqiqatçılar Pulaskinin kötükcəsindən alınmış DNT-ni yoxlayaraq həmin skelet qalıqlarının ona məxsus olduğunu təsbit ediblər. Xəbərdə daha sonra deyilir ki, Nyu York şəhərində 1937-ci ildən bəri hər il Pulaski günü paradı keçirilir.

"Mən daha öncə bu barədə nəsə eşitmişdim, ancaq bu xəbərdən bir qədər şokdayam”, - paradın prezidenti Richard Zawisny NBC-yə müsahibəsində deyib.

"Ancaq ilin-günün bu vaxtı bunun əksər insanlar üçün hər hansı fərq yaradacağını düşünmürəm. Çox inanıram ki, əksəriyyətə fərqi olmayacaq. Özü də bu, Pulaskinin polşalı Amerika qəhrəmanı olması faktını inkar etmir”, – deyə o əlavə edib.

XS
SM
MD
LG