“ Hazırda bank sektoru pis durumdadır, iqtisadiyyatn kreditləşməsi də həmin vəziyyətdədir. Bu isə bütünlükdə Mərkəzi Bankın bank sektoru və kreditləşmə ilə bağlı yürütdüyü siyasətin özünü doğrultmamasının nəticəsidir”.
Bunu iqtisadçı Nemət Əliyev Mərkəzi Bankın ( MB) uçot dərəcəsini endirməsi ilə bağlı qərarını Azadlıq Radiosuna dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, bu sahədə baş verənlər daha çox “evcik-evcik” oyununa bənzəyir:
“ Niyə belə deyirəm. Bir vaxtlar bu uçot dərəcəsi hətta 3 faiz də olub. Yenə də istənilən nəticəni verməyib. Bu, nə bütünlükdə bank sekriunda, nə də real sektorun kreditləşməsində əhəmiyyətli dönüşə səbəb olub”
N.Əliyev hesab edir ki, bu siyasətlə hər hansı uğura nail olmaq mümkün deyil və kreditləşməni stimullaşdırmaqdan ötrü daha təsirli alətlərə ehtiyac var.
İqtisadçının fikrincə, burada elə mexanizmlər tətbiq edilməlidir ki, istər əhali, istər iş adamları kreditləri götürməkdə maraqlı olsunlar. O hesab edir ki, indiki halda isə əhalinin özünün əlavə vəsaitə ehtiyacı olsa da kredit götürməyə bir elə də can atmır: “Ölkədə simvolik olaraq 1-2 faizlə və ya faizsiz kredit verilməsi tətbiq edilməlidir. Neft Fondunun vəsaitlərinin cüzi bir hissəsinin aşağı faizlərilə əhaliyə və ya iş adamlarına kredit kimi verilməsi çıxış yollarından biri ola bilər”
Xatırlatma
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu günlər uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar verib. Bu, 9.75 faizdən 9.25 faizə endirilib. Bu barədə dünən, fevralın 1-də AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib. Qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanmışdı.