Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

Gözlər xaricə çıxarılmış pullarda...


"Hazırda da pul axını davam edir"
"Hazırda da pul axını davam edir"

Maliyyə Nazirliyinin bu günlər yaydığı "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama"da kapital və əmlakın amnistiyasının nəzərdə tutulduğu bildirilir.

Sənəddə kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsindən bəhs edilir: "Ortamüddətli dövrdə bu istiqamətdə ümumi bəyannamə sisteminə keçidin hüquqi əsaslarının yaradılması, kapital və əmlakın amnistiyası kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur...".

Hələ ötən ilin martında İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda kapital və əmlak amnistiyasının olmasından bəhs etmişdi. O deyirdi ki, neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindədirlər. Nazir bununla bağlı müzakirələr aparıldığını vurğulamışdı: "…İstər özəl sektorun nümayəndələri, istər bank sektorunun nümayəndələri, istərsə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik".

V.Əhmədov
V.Əhmədov

"Həmin vəsaitləri ofşorlara yerləşdiriblər"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, bu məsələ çoxdan gündəmdədir: "Milli Məclisdə biz bu məsələyə toxunmuşuq və demişik ki, maliyyə və əmlak amnistiya məsələsinə baxmaq lazımdır".

Deputat qeyd edib ki, bir sıra ölkələrdə belə amnistiya aktları qəbul olunur: "Azərbaycanda da bunu etmək lazımdır. Azərbaycan 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyin ilk illərində bəzi insanlar müəyyən qanunsuz yollarla gəlirlər, pul vəsaitləri əldə ediblər. Onlar həmin vəsaitlərin əksər hissəsini xarici dövlətlərə çıxarıblar, orada əmlak alıblar, həmin vəsaitləri ofşorlara yerləşdiriblər. Hazırda da bu axın davam edir".

Hər il Azərbaycandan xaricə milyardlarla dollar necə çıxarılır?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

"Gətirib... zavod, fabrik tiksinlər"

Onun sözlərinə görə, indi bu vəsaitləri ölkəyə qaytarmaq asan məsələ deyil: "Həmin adamlar bu əmlakını, maliyyə vəsaitlərini üzə çıxarmaq istəmirlər. Onların əksəriyyəti iri sahibkarlardır və s. Ona görə amnistiya lazımdır ki, həmin vəsait xaricdə qalmasın, adamlar bu vəsaitdən xaricdə istifadə etməsinlər, gətirib Azərbaycan ərazisində istifadə etsinlər, zavod, fabrik tiksinlər".

Deputatın fikrincə, bununla bağlı xüsusi qanun qəbul edilməlidir: "Bu qanunlarda, ümumiyyətlə, göstərilməlidir ki, həmin vəsait yalnız hansı fəaliyyətlərdə istifadə oluna bilər. Daha terrorçuluğa, narkobiznesə və bu kimi fəaliyyətlərdə həmin pullardan istifadəsi ağır cinayət hesab olunmalıdır".

O əlavə edib ki, bu amnistiya Azərbaycana yalnız xeyir gətirə bilər.

N.Əliyev
N.Əliyev

"Qarşılıqlı etimad, hökumətə güvən…"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, maliyyə amnistiyası özü-özlüyündə müsbət haldır və onun həyata keçirilməsi kölgə iqtisadiyyatını aradan qaldırılması üçün müəyyən fayda verə bilər: "Amma Azərbaycan reallığında bu, mümkün olacaqmı? Məsələnin kökü buradadır. Azərbaycanda o qədər əlverişsiz situasiya yaranıb ki, maliyyə amnistiyasını həyata keçirmək çox çətindir".

İqtisadçının sözlərinə görə, maliyyə amnistiyası elan oluna və yalnız o halda nəticə verə bilər ki, qarşılıqlı etimad, xüsusən də hökumətə güvən məsələsi olsun: "Azərbaycan hökuməti neçə illərdir elan edir ki, ölkədə əlverişli investisiya iqlimi var. Bəs onda niyə yerli investorlar Azərbaycan iqtisadiyyatından qaçır? Niyə öz pullarını, bizneslərini Azərbaycandan kənar dartıb aparırlar? Ona görə ki, ölkədə hakimiyyətlə ictimaiyyət arasında münasibətlər adekvat deyil, etimadsızlıq mühiti yaşanır".

'Panama sənədləri' - prezidentin ailə şirkətlərinə dair qalmaqal nələri dəyişə bildi
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

"Onlar heç vaxt inanmaz ki..."

Onun fikrincə, məhz bu etimadsızlığa görə ölkədən iri maliyyə vəsaitlərini çıxaran məmurlar həmin pulları geri qaytarmayacaqlar: "Onlar heç vaxt inanmaz ki, ölkədən çıxartdıqları pulu geri gətirəcəklər və onlara toxunmayacaqlar".

İqtisadçı vurğulayıb ki, Azərbaycanda ciddi investisiya qoyuluşu problemi yaşanır: "Yəqin ki, bu ehtiyac Azərbaycan hakimiyyətini məcbur etdi ki, bu məsələni dövlət büdcəsi paketinə salsınlar".

XS
SM
MD
LG