Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

Səhiyyəni publik hüquqi şəxsə çevirmək nə deməkdir? [ekspert rəyi]


Adil Qeybulla
Adil Qeybulla

Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının tabeliyindəki səhiyyə müəssisələri publik hüquqi şəxsə çevriləcək.

Bu nə deməkdir, indən belə bütün xəstəxanalar pullumu olacaq? Tibb elmləri doktoru, professor Adil Qeybulla AzadlıqRadiosu-na açıqlamasında deyir ki, Nazirlər Kabinetinin qərarına indilik tam aydınlıq gətirilməyib, ona görə də ona şərh vermək çətindir:

“Bu o deməkdir ki...”

“Amma görünən odur ki, dövlət tabeçiliyindəki xəstəxanalar hüquqi şəxs qismində qatılacaq. Bu o deməkdir ki, həmin səhiyyə müəssisələrində hansısa müayinə və müalicələr pullu xidmətə keçə bilər. İndən belə hüquqi şəxsə çevrilən dövlət xəstəxanaları həm də vergi ödəyicisi olacaqlar. Pullu xidmət hüquqi şəxsin təminatçısı kimi çıxış edə bilər. İkinci tərəfdən, biz gözləyirdik ki, dövlət xəstəxanalarında əhalinin sosial müdafiəsinin mühüm forması olan icbari tibbi sığorta paketi tətbiq olunsun, ora mühüm müayinə və müalicə üsulları daxil edilsin. Amma biz Nazirlər Kabinetinin belə bir qərarıyla rastlaşdıq”.

Buna da bax:​ Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir

Professor bu qərarın narahatlıq doğurduğunu bildirir: “Hər halda əhalinin indiki sosial durumunda onun nə dərəcədə məqsədəuyğun olduğunu deyə bilmərəm. Hökumət bu addımı atmaqdansa, daha yaxşı olardı icbari tibb sığorta paketinə güc versin. Ən azı, ehtiyac içində yaşayan təbəqə, yəni maaş almayan, tənha yaşayan, köməyi olmayan, sosial müavinət alanlar icbari tibb sığorta paketinə daxil olaydılar. Doğuş, təxirəsalınmaz yardım, xroniki xəstələrin ayrı-ayrı “çekap” müayinələri bura daxil ediləydi. Bu, indiki vəziyyətdə daha məqsədəuyğun yoldur”.

Adil Qeybulla Azərbaycanda buna bənzər tendensiyanın keçmiş səhiyyə naziri Əli İnsanovun vaxtında da yaşandığını söyləyir: “Onda da xəstəxanalarda təsərrüfat hesablı xidmət vardı. Amma təcrübə göstərdi ki, bu üsul müsbət nəticə vermədi”.

Buna da bax:​ ​İcbari tibbi sığorta haqqı bəlli oldu

“Pullu xidməti rəsmiləşdirirlər”

İqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, bu qərarla dövlət xəstəxanalarının pullu xidmət göstərməsinə icazə verilir: “Onsuz da Azərbaycanın dövlət səhiyyə müəssisələrində xidmət pulluydu, indisə bunu rəsmiləşdirirlər. Bizdə səhiyyənin adı pulsuz idi. İndi, görünür, əlavə vəsait qazanmaq üçün onların statusu dəyişdirilir”.

Ekspertin iki ehtimalı var. Birincisi odur ki, gələcəkdə səhiyyə müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsində problem yarana bilər deyə, onların özlərini yaşada bilməsinə imkan verilir: “Yəni maliyyə azalacağı halda bunun bir hissəsini pullu xidmət vasitəsilə kompensasiya etmək istəyirlər”.

İkinci ehtimalsa budur ki, sözügedən qərar icbari tibbi sığortaya keçidlə bağlıdır:

“15 ilə yaxındır ki, tibbi sığorta haqqında qanun qəbul edilsə də, işləmir. Ola bilsin, icbari tibbi sığortanın tətbiqinə başlamaq, sığorta şirkətlərində müalicə və ya müayinə edilən insanların xərclərinin ödənilməsi üçündür. İndiki qanunla sığorta şirkətləri ödəniş edə bilməzlər, çünki ölkədə pulsuz tibbi xidmət göstərilir”.

Buna da bax:​ Icbari tibbi sığorta 1 rayonda və 1 şəhərdə

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AzadlıqRadiosu-na müsahibəsində gələn ildən tibbi sığortanın işə düşəcəyini bildirmişdi.

Hələlik, həmin məsələyə Səhiyyə Nazirliyi rəsmi münasibətini bildirməyib.

Azərbaycanda 559 xəstəxana, 1750 poliklinika, 137 qadın məsləhətxanası və 250 uşaq poliklinikası var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG