Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:39

Psixiatriya xəstəxanasına salınan Aqil Hümbətov vəkilə deyib ki...


A.Hümbətov

Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan AXCP üzvü Aqil Hümbətov vəkilinə deyib ki, sosial şəbəkələrdəki tənqidlərinə görə ora salınıb. Bu barədə AzadlıqRadiosuna vəkil Nemət Kərimli danışıb.

A.Hümbətovun durumundan ailəsinin narahat olduğunu vurğulayan müdafiəçi bildirib ki, həm onun vəziyyətini araşdırmaq, həm də xəstəxanaya salınması haqda məhkəmə qərarından şikayətlə bağlı məsləhətləşmələr üçün onunla görüşüb: "Mayın 12-də görüşməyə icazə verməmişdilər, amma bugün yenə getdim. Bu dəfə də görüşməyə qoymadılar. Ombudsman Aparatına zəng elədim, onların müdaxiləsindən sonra görüşə imkan verildi. Aqilin durumu ümumilikdə pis deyil. O, saxlanma şəraitindən yox, ora salınmasından şikayətçidir. Bir daha bildirdi ki, psixiatriya xəstəxanasına salınması barədə məhkəmə qərarı qanunsuzdur, sifarişlə çıxarılıb. Səbəb də hökumətin ünvanına tənqidləri, uşaqpulu tələbidir".

Vəkilin sözlərinə görə, xəstəxanaya A.Hümbətovun yanına gedəndə o, kitab oxuyurdu. Müdafiəçi deyir ki, onun psixiatriya xəstəxanasına salınması barədə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun çıxardığı qərarı indiyədək ala bilməyib. Digər tərəfdən də, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün müddət keçir: "Ona görə məcbur qalıb qərar olmadan şikayət hazırlamışıq. Şikayəti Aqil Hümbətov imzalamalıydı ki, göndərə bilək".

Mayın 12-də A.Hümbətovun həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna onun durumunun yaxşı olmadığını bildirmişdi. A.Hümbətovanın sözlərinə görə, həyat yoldaşı sağlam olduğu halda, ona vurulan iynələrin, verilən həblərin təsirindən səhhətində ciddi problemlər yaranıb.

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi. Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərar çıxaran hakim Samir Talıbov bundan az sonra vəzifəsindən çıxarılıb. S.Talıbov öz ərizəsilə hakimlikdən getdiyini desə də, ona yaxın mənbə AzadlıqRadiosuna sözügedən qərara görə bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG