Moskvada polis “Proyekt” (“Layihə”) araşdırmaçı vebsaytının aparıcı jurnalistlərinin evində axtarış aparıb. Bundan bir neçə saat öncə isə vebsaytda Daxili işlər naziri Vladimir Kolokoltsev və qohumlarının sərvəti necə yığması haqda araşdırma dərc olunub.
“Proyekt” iyunun 29-da Telegram kanalında yazıb ki, polis baş redaktor Roman Badanin və onun həmkarı Mariya Jolobovanın evini axtarıb.
Nazir və qohumları sərvətini necə yığıb
Badaninin müavini Mixail Rubin Jolobovanın evinin yaxınlığında saxlanaraq valideynlərinin mənzilinə aparılıb, polis oranı da axtarıb.
Axtarışın səbəbi izah olunmayıb.
Vebsayt axtarışların Kolokoltsev, onun oğlu və digər qohumları haqda araşdırmadan sonra baş verməsinə diqqət çəkir. Araşdırmada iddia olunur ki, ailə zənginləşmək üçün Rusiya rəsmiləri, biznesmenlər, kriminal aləmlə əlaqələrdən istifadə edib.
Kolokoltsev həmin yazını şərh etməyib, saytın ziyarətçilərinin kəskin artması ona çıxışı çətinləşdirib. Araşdırma “Proyekt”in YouTube kanalına da yerləşdirilib.
“Proyekt”in daha öncə bildirməsinə görə, Çeçenistan Şimali Qafqaz regionunun başçısı Ramzan Kadırov və onun arvadlarının sərvəti haqda araşdırmadan sonra böyük kiberhücuma məruz qalıb.