Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

Gəncə hadisələrilə bağlı 6 iş məhkəmədədir


Zahid Qaralov
Zahid Qaralov

Fevralın 7-də Baş Prokurorluqda 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir

Məlumata görə, Zahid Qaralov çıxışında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən danışıb:

“431 vəzifəli şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanıb, məhkəmələrə göndərilib, həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub”-deyə bildirilib.

Kollegiyada bildirildiyinə görə, Daxili İşlər Nazirlıyi və digər əməliyyat qurumları ilə birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 159 qəsdən adamöldürmə cinayətlərindən 153-ü isti izlərlə açılıb.

Çıxışda 2018-ci ilin iyulunda Gəncədə baş verən hadisələrdən və bununla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan işlərdən də bəhs edilib.

Qeyd edilib ki, sui-qəsdlə bağlı 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib. 1 nəfər barəsində də həbsli axtarış elan olunub. “Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, kollegiyada qeyd edilib.

Kollegiyada o da bildirilib ki, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-na töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yünis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməlyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG