Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:39

Prokurorluq Elina Hacıyevanın işi haqqında yeni açıqlama yayıb


Baş Prokurorluq bu gün, mayın 30-da 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatına görə aparılan cinayət işi ilə bağlı yeni açıqlama yayıb.

Açıqlamada bildirilir ki, məktəblinin vəfatı ilə əlaqədar intensiv istintaq tədbirləri davam etdirilir.

Prokurorluğu məlumatında əvvəlcə xatırladılır ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb:

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”.

Açıqlamada qeyd edilir ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib:

“Videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilmiş, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunmuşdur. Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilmişdir”.

Prokurorluq bildirir ki, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində, xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicənin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının onun ölümü ilə əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir:

“Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaqdır”.

İttiham subut olunarsa direktora 5 il həbs verilə bilər

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələnin daim nəzarətlərində olduğunu və onların lazımı addımları atdığını açıqlamışdı.

Report agentliyinin məlumatına görə, Sevinc Abbasova intihar etdiyi bildirilən məktəbli qızın daha əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil aldığını söyləyərək onun ötən ilin noyabrında 162 saylı məktəbə köçürüldüyünə diqqət çəkmişdi.

“Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub”, - direktorun yaydığı məlumatda belə deyilirdi.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Təhsil Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətinin aprelin 12-də yaydığı məlumatda bildirilirdi ki, hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi, müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, ona xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması araşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG