Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Prokurorluğa rüşvət haqda məktub yazmış keçmiş vəkil: 'Günahsızam...'


Rüşvət
Rüşvət

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş məsləhətçisi olmuş Vüqar Poladov özü indi təqsirləndirilən şəxs statusunda məhkəmə önündə dayanıb. O, keçmiş müstəntiq Misir Əmirovla birlikdə mühakimə olunur. Onlar dələduzluq, rüşvət vermə kimi əməllərdə suçlanır. Ancaq heç biri özünü təqsirli bilmir.

İctimai Televiziyada yayımlanan «İcra məmuru» rubrikasının daimi ekspertlərindən olan Poladov son illərdə vəkilliklə məşğul idi.

Keçmiş vəkil və müstəntiq həbsdə deyil. İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi başlayıb. Əslində, məhkəmə bir neçə gün öncə başlamalıydı. Ancaq məhkəmə tərkibindəki hakimlərdən biri təqsirləndirilən müstəntiqlə tələbə yoldaşı olduğuna, vaxtilə birlikdə işlədiyinə görə bu işə baxmaqdan imtina etdi. Onu başqa hakim əvəzlədi.

Qənimət Zahidi şəxsən «qandallayıb»

İyulun 29-da məhkəmənin hazırlıq iclasında V.Poladov 35 tələblə vəsatət qaldırıb. Bu tələblər arasında cinayət işinin istintaqa qaytarılması, onun işini aparmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Kazım Həmzətovun cəzalandırılması, məhkəməsinin əvvəldən sonadək videoyazısına imkan verilməsi, çıxışlarında sözünün kəsilməməsi məsələləri yer alıb. Deyib ki, günahsızdır, ittihamda yazılanlar müstəntiqin mülahizələridir.

İstintaq vaxtı hüquqlarının pozulduğunu, müstəntiqin onun müraciətlərinə cavab vermədiyini, vəsatət qaldırmaq imkanının əlindən alındığını deyən V.Poladov mediadan da şikayətlənib. Deyib ki, onun haqqında mediaya ötürülən məlumatlardan çox sarsılır: «Mən tam günahsızam...».

V.Poladov bir neçə ay əvvəl Baş Prokurorluğa göndərdiyi məktubun da sübutlar siyahısından çıxarılmasını istəyib. Keçmiş vəkil həmin məktubda rüşvət verilməsində iştirakını etiraf edib, bu haqda ətraflı məlumat verib.

Onun vəsatəti təmin edilməyib. Məhkəmə qərar verib ki, iyulun 31-dən başlayaraq, keçmiş müstəntiq və vəkilin haqqındakı cinayət işinin mahiyyəti araşdırılsın.

V.Poladov mətbuata açıqlamalarında iddia edib ki, vaxtilə müxalifətçilərə qarşı əməliyyatlarda aktiv iştirak edib. Vaxtilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi şəxsən qandalladığını, AXCP-nin qərargahından çıxarılmasında birbaşa iştirakı olduğunu deyən V.Poladovun iddiasına görə, müxalifət onu «düşmən» elan edib və ondan qisas almaq üçün fürsət gözləyib.

Bu ilin mayında məhkəmə qərarıyla V.Poladov axtarışa verilib. Ancaq özü məhkəmədə deyib ki, qaçıb gizlənməmişdi, müstəntiq yerini bilirdi. O, bir neçə ay Gürcüstanda və ardından Norveçdə yaşayandan sonra Azərbaycana qayıdıb.

V.Poladov və M.Əmirov CM-in 178 (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG