Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Prokurorla həyat yoldaşı İspaniyada mülkə necə yiyələnib


Alyona Sokolskaya və Aleksandr Kozlov
Alyona Sokolskaya və Aleksandr Kozlov

AzadlıqRadiosunun rus xidməti Rusiyanın Tula vilayətinin prokuroru Aleksandr Kozlov və həyat yoldaşı, Moskva vilayətinin Klinsk rayonunun rəhbəri Alyona Sokolskaya-nın İspaniyada bir neçə bəyan edilməmiş evə sahib olduğunu bildirir. Onların indiyədək bu evlərdən istifadə etdiyi güman olunur.

2013-cü ildə «Razılıq və həqiqət. Moskva ətrafı» adlı Moskva vilayət hərəkatının koordinasiya şurasının sədri Sergei Kiselyov Baş Prokurorluğa sorğu göndərərək bu cütlüyün Tenerife adasındakı daşınmaz əmlakına dair məlumatın yoxlanmasını xahiş edib.

Prokurorluq yoxlama apararaq belə nəticəyə gəlib ki, «nə A.D. Sokolskaya, nə də onun ailə üzvləri Rusiya Federasiyası xaricində, o cümlədən İspaniya ərazisində hər hansı daşınmaz əmlak obyektlərinə sahibdirlər, daha əvvəl də sahib olmayıblar».

Lakin İspaniyada yaşayan Rusiya vətəndaşı Viktor Ponomaryov AzadlıqRadiosunun rus xidmətinə İspaniya daşınmaz əmlak reyestrindən çıxarışlar təqdim edib. Bu sənədlərdən belə məlum olur ki, Tenerife adasında sözügedən ailəyə məxsus bir neçə daşınmaz əmlak obyekti olub. Onların ümumi dəyərinin bugünkü qiymətlə 1.5 milyon avrodan 2 milyon avroyadək dəyişdiyi bildirilir.

Sənədlərə əsasən, Kozlov və Sokolskaya-ya məxsus daşınmaz əmlak obyektləri bunlardır:

- Arona bələdiyyəsi ərazisində sahəsi 109 kv.metr olan ikimərtəbəli bunqalo, parkinq yeri ilə birlikdə. Kozlov və Sokolskaya bu evi 2007-ci ildə alıb, 2013-cü ildə satıb;

- Aronada sahəsi 94 kv.metr olan mənzil. Kozlov və Sokolskaya buranı 2007-ci ildə alıb, 2013-cü ildə isə satıb;

Adexedə villa
Adexedə villa

- Adexe bələdiyyəsi ərazisində sahəsi 59 kv.metr olan mənzil. Sokolskaya onu 2007-ci ildə alıb və 2013-cü ildə satıb;

- Adexedə sahəsi 46 kv.metr olan kommersiya obyekti. Sokolskaya onu 2008-ci ildə alıb, 2013-cü ildə satıb.

- Adexedə dənizin sahilindəki birinci xətdə sahəsi 177 kv.metr, yanında 90 kv.metrlik bağçası olan ikimərtəbəli villa. Villanın sahibi Alyona Sokolskaya-nın birinci nikahdan olan oğlu Dmitry Sokolsky-dir. Onun 18 yaşı 2010-cu ildə, villanın satın alınmasından üç ay öncə tamam olub. Villanın 250 min avroluq ipoteka borcu var. Onun əmlak sənədlərində göstərilən qiyməti isə 894 min avrodur.;

- 2011-ci ildən bəri Dmitry Sokolsky Adexe bələdiyyəsi ərazisində iki parkinq yerinin sahibidir.

Sadalanan obyektlərin heç biri heç vaxt Aleksandr Kozlov-un, yaxud Alyona Sokolskaya-nın gəlir bəyannamələrində qeyd edilməyib. Bəyannamələrdə bu əmlakın satılmasından əldə edilən gəlir də göstərilməyib.

V.Ponomaryov İspaniyanın daşınmaz əmlak reyestrindən götürdüyü çıxarışları yoxlanılmaq üçün 2013-cü ilin aprelində Rusiyanın Baş Prokurorluğuna göndərib. Bundan az sonra Kozlov və Sokolskaya öz daşınmaz əmlaklarını satmağa başlayıblar.

AzadlıqRadiosunun rus xidməti müəyyən edib ki, Arona bələdiyyəsindəki bunqalo və mənzili Olga Volovikova adlı şəxs alıb. Jurnalistlər Dmitry Sokolsky-nin Facebook səhifəsinə baxaraq, Volovikova-nın ailənin dostu olduğu qənaətinə gəliblər.

Adexedəki mənzili Dmitry Martynov adlı şəxs alıb. AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, o, ailənin hüquqşünasdır.

Adexedəki kommersiya obyekti Sokolskaya-nın oğlu Dmitry Sokolsky-yə satılıb.

Aleksandr Kozlov radionun rus xidmətinin suallarına cavab verməyə imkanı olmadığını bildirib. Ancaq onun KİV-lə əlaqələr üzrə baş köməkçisi Lyubov Kuznetsova bildirib ki, İspaniyadakı daşınmaz əmlaka dair bütün məlumat saxtadır, Viktor Ponomaryov-sa, əslində, mövcud olmayan, xəyali şəxsdir. Alyona Sokolskaya da radionun müxbirinə telefon müsahibəsində eyni sözləri deyib. O nə özünün, nə də ailə üzvlərinin İspaniyada hər hansı daşınmaz əmlakının olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG