Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 08:56

Professor: 'Xəstəxanaya tanışlıqla daxil olmaq...'


Bakı və daha 7 şəhərdə sərtləşdirilmiş karantin başlayıb
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Bu gündən Bakı və daha 7 şəhərdə sərtləşdirilmiş karantin başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hesab edirlər ki, bundan əvvəlki iki həftəsonunda küçəyə çıxmaq yasağının qoyulması koronavirusla mübarizədə lazımı effekti verməyib. Qurumun Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib: "Biz iki həftə ərzində həftəsonu qapanmalarla bağlı təəssüf hiss ilə qeyd etmək istəyirəm ki, istədiyimiz məqsədi ala bilmədik, nəticəni görə bilmədik, tam əks nəticə oldu...".

Bəs görək, ümumilikdə hökumət virusun yayıldığı dövrdən bu prosesi necə aparıb?. Atılan addımlar nə dərəcədə uğurlu olub? İndi vəziyyətdən çıxış yolları düzgün seçilirmi?

"Bəzi yanlışlıqlar olub"

"Reallıq budur ki, böyük bir yoluxma potensialı var və bu vəziyyətdən çıxmaq lazımdır". Bunu AzadlıqRadiosuna açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O hesab edir ki, koronavirus pandemiyası ilə mübarizənin təşkilində bəzi yanlışlıqlar olub: "Bəli, yanlışlıqlar olub. Amma bu vəziyyətdən çıxmaq lazımdır. Hansı səhvlər olması etiraf edilirsə, bunu müsbət addım saymaq olar. Amma buraxılan yanlışlıqlar xeyli işləri korladı".

A.Qeybulla
A.Qeybulla

A.Qeybullaya görə, hazırlıqsız şəkildə karantin qaydalarının yumşaldılması yanlış addım idi. Onun fikrincə, bundan öncə insanlar bu şəraitdə necə davranmaları ilə bağlı maarifləndirilməli idilər:

"...Xaotik durum indiki kütləvi yoluxmaya səbəb oldu"

"Bu istiqamətdə heç bir tədbir görmədən sərt karantin qaydaları yumşaldıldı, bu da xaotik durum yaratdı. Bir ay evdə oturan əhali birdən birə həyətlərə, küçələrə axışdı. Ticarət, istirahət məkanlarında sosial təcridə əməl edilmədi, nəqliyyatda bu baxımdan bərbad vəziyyət idi. Hamının maskasız olması, sosial məsafəni gözləməməsi kimi xaotik durum indiki kütləvi yoluxmaya səbəb oldu".

"Təcili strategiya hazırlanmalıdır"

Professor hesab edir ki, hazırda artıq proses kollektiv yoluxmaya, kollektiv immunitetə doğru gedir: "Bütün yoluxan adamların vaxtında müalicəsi və ev şəraitində müalicə sisteminin kriteriyalarının müəyyən edilməsi istiqamətində yeni situasiyaya uyğun təcili strategiya hazırlanmalıdır".

"Artıq xəstəxanalarda yer problemi ortaya çıxıb"

Professorun sözlərinə görə, bu gün artıq ev şəraitində müalicədən söhbət gedir. Onun qeyd etməsinə görə, xeyli yoluxma var və artıq xəstəxanalarda yer problemi ortaya çıxıb: "Bu da əlavə neqativ yollara gətirib çıxarır. Yəni, xəstəxanaya tanışlıqla daxil olmaq və sairə kimi fəsadlara yol açır. Hansı kateqoriya xəstələr ev şəraitində müalicə oluna bilərsə, bu açıq deyilməlidir".

A.Qeybulla hesab edir ki, heç bir xəstəni evdə taleyin ümidinə buraxmaq olmaz, müalicə yalnız həkim nəzarəti altında olmalıdır.

R.Nurullayev
R.Nurullayev

"TƏBİB və hökumət əlindən gələni edib"

Deputat Razi Nurullayev isə fərqli düşünür. O hesab edir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı atılan addımlar heç də effektsiz olmayıb. R.Nurullayevin vurğulamasına görə, ölkədə çox da kritik bir vəziyyət yoxdur: "Əksinə, kritik vəziyyət indilərdə başlaya bilər. Bu da pandemiyanın ikinci dalğası ilə bağlı ola bilər. Buna da bir neçə nöqtədən yanaşmaq lazım gəlir. Birincisi, insanlar təlimatlara və göstərişlərə əməl etmədilər. Karantin qaydalarına görməzdən gəldilər, karantin davranışlarına əməl etmədilər".

Onun fikrincə, burada TƏBİB və hökumət əlindən gələni edib, amma Azərbaycanın bu tip məsələlərdə heç bir təcrübəsi olmayıb: "Bundan sonrakı dövrdə analoji məsələ olarsa, hökumət və TƏBİB yenə də yanlışlara yol verərsə, onda onları günahlandırmaq olar. Amma bu gün yox".

"Mental xüsusiyyət nəzərə alınmalıdır"

Deputatın deməsinə görə, bu məsələdə bir az da Azərbaycanın mental xüsusiyyəti nəzərə alınmalıdır: "Azərbaycan insanı istəyir ki, pandemiya ilə bağlı açıqlamaları yaşlı, təcrübəli, inandığı həkimlər etsin, faktlarla izahını versinlər. Bir neçə dəfə çağırış etmişəm, yenə də etmək istəyirəm ki, koronavirusla bağlı atılan və atılacaq addımları yaşlı, təcrübəli həkimlər, ekspert və mütəxəssislər etsin. Hansı ki, o insanların sözünə Azərbaycan vətəndaşlarının inamı, etibarı var".

Sərtləşdirilmiş karantindən öncə Bakı əhalisi çimərliklərə axın edib
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 471 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 12 min 729 şəxsin bu virusa yoluxmasının qeydə alındığı, onlardan da 154 şəxsin öldüyü açıqlanıb.

Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.

Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyuldu. Sonrakı həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Karantin dövrü bir neçə dəfə uzadılıb.

Dünən, iyunun 21-dən isə iyulun 5-nə kimi Bakı və daha bir çox yerlərdə karantin sərtləşdirilib. SMS-lə icazə almaq qaydası yenidən bərpa edilib.

XS
SM
MD
LG