Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:47

Professor: 'Real rəqəmlər faktiki rəqəmləri üstələyir'


A.Qeybulla

Azərbaycan paytaxtı Bakıda və daha 7 yerdə artıq 10 gündür ki, karantin rejimi sərtləşdirilib. Amma buna baxmayaraq, artıq bir müddətdir gündəlik yoluxma sayı 500-dən aşağı düşmür. Əksinə, son bir neçə gündə yoluxma sayında az da olsa artım müşahidə edilir. Görəsən, bunun səbəbi nədir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, mövcud yoluxma və ölüm saylarında artımların əsası mayda sərt karantin rejiminin yumşaldılması ilə qoyulub. Onun fikrincə, qaydalar yumşaldılsa da, insanların davranışları ilə bağlı təlimatlar olmadı, digər tərəfdən, insanlar situasiyaya adekvat münasibət göstərmədilər:

"Bu da oldu"

"Karantin qaydaları yumşaldıqdan sonra Bakı bulvarında, şəhərin mərkəzi küçələrində insanların kütləvi toplanmaları, maskasız, sosial məsafəsiz gəzməsi böyük bir yoluxma potensialı idi, bu da oldu".

O deyib ki, cəmi iki həftə sonra mənfi nəticələr özünü göstərib və vəziyyətin dramatik olduğunu görən hökumət təkrar sərt karantin tədbirlərinə baş vurub. Amma professor hesab edir ki, indi, sadəcə, karantinin adı "sərt karantin"dir, qaydalara yenə də əməl edilmir, bununla yoluxmanın qarşısını almaq olmaz.

Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

"...Bunun heç birini etmədilər"

A.Qeybullanın vurğulamasına görə, hələ karantin qaydaları yumşaldılanda proqnozlaşdırılmalı idi ki, xəstə sayı çarpayı sayını üstələyəcək, ambulator xidmətə ehtiyac yaranacaq: "Ambulator xidmətin əsas mexanizmləri ehtiyat resurslar kimi qurulmalı idi, amma bunun heç birini etmədilər".

"Yanlışlıq"

A.Qeybulla bir neçə gün öncə ambulator xidmətin Səhiyyə Nazirliyinə verilməsi, stasionar xidmətin isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) saxlanılmasını da yanlışlıq adlandırır: "Ambulator xidmətin təşkili yox səviyyəsindədir. Bu necə təşkil edilib, mərkəzləri haradadır, bilinmir. Hansısa şablon reseptlərlə ambulator müalicə təşkil edilə bilməz. Bu xidmət də təşkil olunmayıb. Bu sahədə görülən iş qənaətbəxş deyil".

Ölüm və yoluxma halları ilə bağlı statistikaya gəlincə, A.Qeybulla deyib ki, real rəqəmlər həmişə faktiki rəqəmləri üstələyir. Onun vurğulamasına görə, evdə müalicə alanlar, qeydiyyata düşməyənlər var ki, onların da arasında ölüm halları ola bilər: "Odur ki, real rəqəmlər faktiki rəqəmləri üstələyir, onu həmişə çox görməliyik".

R.Nurullayev
R.Nurullayev

"Maska taxılmır, sosial məsafə gözlənilmir,..."

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, sərt karantin rejimində də virusa yoluxma və ölüm sayının artması insanların özlərini yaxşı qorumamalarının nəticəsidir: "Şəhərdə də bunu görmək olur. Maska taxılmır, sosial məsafə gözlənilmir, insanlar kütləvi olaraq bir yerə toplaşırlar. Bütün bunlar insanlarımızın özünü yaxşı qorumamalarının göstəricisidir. Bunun sayəsində də dediyimiz mənfi artımlar baş verir".

"Yalandan statistika yaymazlar"

Deputat habelə deyib ki, statistikaya inanmaması kimi lüksü yoxdur: "Amma cəmiyyətdə belə şayiələr dolaşır ki, bu yalandır. Bir çox insanlardan da eşidirsən ki, belə hallar daha çoxdur, sadəcə, insanları təlaşa salmamaq üçün daha az rəqəm səsləndirilir. Ona görə də burada birmənalı fikir ifadə etmək olmur. Amma mənə belə gəlir ki, hər halda yalandan statistika yaymazlar...".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 432 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 508 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyə qədər 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 206 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. Beləliklə, iyunun 21-dən iyulun 5-nə kimi Bakı və daha bir çox yerlərdə karantin sərtləşdirilib. SMS-lə icazə almaq qaydası yenidən bərpa edilib. Karantin avqustun 1-nə kimi uzadılıb.

XS
SM
MD
LG