Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Aprelin 22-dən kreditlərə görə kompensasiyalar ödənməlidir


İllüstrasiya
İllüstrasiya

Bu gün, aprelin 19-da Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, prezidentin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə bağlı hazırlıq işləri başa çatıb.

Palata artıq kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə veriləcək vəsaitin məbləğini müəyyən edərək Maliyyə Nazirliyi ilə Mərkəzi Banka təqdim edib.

Maliyyə Nazirliyi də öz növbəsində vəsaitlərin köçürülməsinə başlayıb.

“Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcəkdir” - birgə açıqlamada vurğulanır.

Aprelin 22-dən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlamalıdır.

“Bütün ödənişlərin yuxarıda qeyd olunan fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır”- açıqlamanın sonunda yazılıb.

Xatırlatma

Prezident İlham Əliyev bu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərman banklara 10 min dollara qədər borcu olan şəxslərə ( bundan çox borcu olanlara aid deyil-red) güzəşt edilməsindən bəhs edir. Sənədə görə, onlara 2015-ci il devalvasiyalarından (fevral və dekabr aylarında baş verib) sonra dəyən ziyan, əsasən dövlət hesabına ödənilməlidir.

Həmin devalvasiyalar nəticəsində manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib.

XS
SM
MD
LG