Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Problemli kreditlərin siyahısı hələ də açıqlanmayıb, amma...


Manat (arxiv fotosu)
Manat (arxiv fotosu)

Dövlət öz mülkiyyətində olan Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) milyonlarla manat məbləğində kreditləri hesabına qurulan çoxsaylı zavod və fabriklərin idarə edilməsi üçün 11 yeni şirkət yaradıb.

Bu məlumatı oktyabrın 25-də Vergilər nazirliyi yayıb. Məsələdən xəbərdar mütəxəssislərin fikrincə, dövlət vaxtında kreditlərin verilməsinə nəzarət etmədiyi kimi, indi də yanlış yol tutub.

10 milyard manatdan 40 milyonunun hesabatı var

Şəkidəki ipək kombinatı və ət məhsulları zavodu ABB-dən götürülən kreditlər hesabına yenidən qurulub. Bakıdakı şüşə qablar zavodu, bölgələrdəki bir neçə pambıq zavodu da illər öncə bu bankdan alınan vəsait hesabına yaradılıb. 2015-ci ilin əvvəlində bilinib ki, ABB bir çox biznes layihələri kimi bu müəssisələrə də kreditləri girov təminatı olmadan verib və vəsait geri ödənmir. Bankın problemli aktivləri arasında bu zavodların qurulmasına yatırılan kreditlər də vardı. Uzun sürən məhkəmə araşdırmaları sözügedən kreditlərə görə iki şəxsi cavabdeh sayıb - ABB İdarə Heyətinin 15 il həbs cəzası alan sədri Cahangir Hacıyevi və kreditləri talamaqda suçlanaraq 13 il həbsə məhkum edilən Dünyamin Xəlilovu. Kreditlərin geri qaytarılması barədə doğru-dürüst məlumat yoxdur: 10 milyard manatlıq aktivlərin idarə edilməsi etibar edilmiş Bank olmayan Kredit Təşkilatı - «Aqrarkredit» indiyədək yalnız iki daşınmaz əmlakın hərracda satışı haqda məlumat verib. Bakı Fındıq Zavodunun və Abşeron rayonundakı «Fireland Vineyards» MMC-yə məxsus şərab zavodunun satışından 40 milyon 819 min manat vəsait daxil olub, vəssalam.

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

Səhmdar: «Zavod cəmi iki həftə işlədi»

Şəkidə ət emalı məqsədilə ABB-dən götürülən 3,8 milyon manat kredit hesabına yenidən qurulan «Kainat» ASC-nin kiçik səhm sahibi Şahin Əlizadə deyir ki, zavod cəmi ikicə həftə işlədi. «2007-2009-cu illərdə götürülən kreditlərin bir hissəsi avadanlıq alınmasına sərf olunmuşdu. Amma işi «Azərbaycansayağı» görmüşdülər: pulun yarısı avadanlığın alınmasına verilmiş, qalanınsa yeri bilinmirdi. Bu tərəfdən də Şəkidə kolbasa zavodu qurmaq ideyası da uğurlu deyildi. Zavod işə salınmadan dayandı. Sonradan bildik ki, zavodun bütün əmlakı girova yönəldilib. İndi bu əmlakı kiməsə satsalar, bundan biz səhmdarlara nə çatacaq, - deyən yoxdur».

ABB-nin problemli aktivlərinin idarə olunmasında şəffaflıq və hesabatlılıq məsələlərinə önəm verilməli olduğunu söyləyən biznes məsləhətçisi Xəyal Məmmədxanlı diqqət yetirilməsi zəruri olan məqamları vurğulayıb.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Ekspert: «Bu bir şansdır»

«Beynəlxalq Bankın milyardlarla manat dəyərində problemli aktivlərini qəbul edən «Aqrarkredit» QSC, iki ilə yaxın vaxt ötsə də, indiyədək onların siyahısını nə investorlara, nə də cəmiyyətə açıqlayıb. Bu proses şəffaf aparılmalıdır ki, gələcəkdə hərracda əmlak almağa maraq göstərəcək investor mümkün risklərdən sığortalandığına əmin olsun. İnvestorun bilmək istədiyi təkcə əmlakın tərkibi yox, həm də satışa çıxarılan müəssisənin öhdəlikləridir. Yəni, «Aqrarkredit» QSC əmlakı satışa çıxaranda onun öhdəliklərini təmizləməlidir ki, sabah biri gəlib ondan borc tələb etməsin».

X. Məmmədxanlı «Aqrarkredit» QSC-nin ABB-nin problemli aktivlərini idarə etmək üçün idarəetmə şirkətlərinin yaradılmasını vəziyyətdən düzgün çıxış yolu saymır və təklif edir ki, Maliyyə Nazirliyinin yönəltdiyi Müsabiqə Komissiyası əmlakın daha çevik idarə olunması və vaxtında satılması üçün biznes çevrələri ilə də əməkdaşlıq etsin: «ABB-nin verdiyi kreditlər onun vətəndaşlardan və şirkətlərdən cəlb etdiyi vəsaitlərdir. Verilən kreditlərin necə idarə olunması, dolayısıyla bankın, elə ölkənin də investisiya baxımından korlanmış nüfuzunu istər ölkə daxilində, istərsə onun hüdudlarından kənarda bərpa etməkdən ötrü bir şansdır».

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Daha 4 müəssisə satışa hazırlanıb

- «Aqrarkredit» QSC-nin təsisçiliyi ilə ümumi kapitalı 324 milyon 379,6 min manat olan doqquz şirkət yaradılıb:

- «Bakı Ayaqqabı» MMC. «BOT» ayaqqabı fabrikinin 11,5 milyon manat dəyərində qiymətləndirilmiş əmlakı;

- «Şəki Kərpic İstehsalı» MMC, Şəki kərpic zavodunun 21,5 milyon manat dəyərində əmlakı;

- «Mingəçevir İzolit» MMC. Eyni adlı səhmdar cəmiyyətinin 14,8 milyon manat dəyərində əmlakı;

- «Şəki Ət və Süd Məhsulları» MMC. «Kainat» ASC-nin 9 milyon manat dəyərində əmlakı;

- «Azərtütün» MMC. Şəki-Zaqatala bölgəsindəki tütün fermentləşdirmə zavodlarının bir neçəsinin 30 milyon manat dəyərində əmlakı;

- «Şəki Heyvandarlıq» MMC. Şəkidəki heyvandarlıq təsərrüfatının 18,4 milyon manat dəyərində əmlakı;

- «Şəki İpək İstehsalı» MMC. «Şəki İpək» ASC-nin 37,5 milyon manat dəyərində əmlakı;

- «Azərpambıq» MMC. «CTS Aqro» MMC-nin pambıq emalı zavodlarının 82,3 milyon manat dəyərində əmlakı;

- «Azərşüşətara» MMC. «Xəzər Menecment Sistems» şirkətinin Qaradağ rayonundakı 98,9 milyon manat dəyərində şüşə zavodu.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

«Aqrarkredit» QSC-də AzadlıqRadiosu-na deyiblər ki, Müsabiqə Komissiyasına daha 4 əmlakın satışa çıxarılması ilə bağlı təklif gəlib. Onların arasında yuxarıda adı çəkilən müəssisələrin də bir neçəsi var. Komissiyanın nə zaman toplaşacağı ilə hələ məlum deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG