Keçid linkləri

2024, 07 İyun, Cümə, Bakı vaxtı 00:44

Priqojinin Ukraynada döyüşməyə yüzlərlə məhbus cəlb etdiyi deyilir


 Yevgeni Priqojin
Yevgeni Priqojin

Rusiya cəzaçəkmə müəssisələrindən məhbusların orduya qeyri-rəsmi cəlbi haqda aylardır məlumatlar dolaşır

Rusiya Prezidenti Vladimir Putinin yaxın adamı Yevgeni Priqojinin cənub-qərbi Rostov vilayətində iki cəzaçəkmə müəssisəsindən minədək məhbus yığdığı, onlara Ukraynada müharibəyə gedəcəkləri halda vaxtından əvvəl azadlıq vəd etdiyi deyilir.

Biznesmen Priqojin Rusiyanın “Vagner” özəl yarımhərbi qrupunun lideridir.

“Vot Tak” onlayn telekanalı sentyabrın 1-də Bataysk şəhərində cəzaçəkmə müəssisəsində məhbuslara istinadla məlumat yayıb. Xəbərə görə, Priqojin bu günlərdə dostu Dmitri Utkinlə birlikdə şəxsi vertolyotu ilə həbsxanaya gedib. O, müəssisənin mərkəzi meydanında bütün məhbuslarla görüşüb.

Vədlər

Məhbusların sözlərinə görə, IK-15 cəzaçəkmə müəssisəsinin administrasiyası Priqojinlə Utkin məhbuslarla danışanda nəzarətçilərə şəxsi videokameraları söndürmək əmri verib.

Onların sözlərinə görə, Priqojin vəd edib ki, Ukraynada vuruşan Rusiya silahlı qüvvələrinə qoşulanlar altı ay ərzində azadlığa buraxılacaqlar. Priqojin əlavə edib ki, Ukraynada hərbi əməliyyatlar vaxtı məhbuslar “ukraynalılarla istədiklərini edə bilərlər”.

Məhbusların sözlərinə görə, Priqojin xəbərdarlıq edib ki, döyüş zonasında qaçmağa cəhd edənlər güllələnəcək.

Sonucda 700-cən məhbus Rusiya silahlı qüvvələrinə qoşulmağa razılaşıb. Bu, koloniyadakı məhbusların təxminən yarısı deməkdir.

Daha 300 məhbus

Telekanal Rostov vilayətində daha bir cəzaçəkmə müəssisəsindəki məhbuslarla danışıb. Adı çəkilməyən koloniyadan Priqojinin 300-dək məhbus yığdığı deyilib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan ukraynalıların gözlənildiyindən daha güclü müqavimətilə üzləşərək ağır itkilər verib.

Rusiya cəzaçəkmə müəssisələrindən məhbusların orduya qeyri-rəsmi cəlbi haqda aylardır məlumatlar dolaşır.

Daha öncə yayılmış xəbərlərdə Priqojinin İvanovo vilayətində 350-cən məhbus yığdığı deyilirdi.

Priqojin isə məlumatı təkzib edib, Vaqner qrupuyla bağlılığı olmadığını bir daha dilə gətirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG