Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Prezidentliyə namizədlərin sərvəti niyə açıqlanmır?


Namizədlərin mal-mülkü: Kimin nəyi var?
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

2018-ci il seçkisində prezidentliyə namizədlərin nə qədər mal-mülkü var? Onların gəlirləri hardandır?

Seçki Məcəlləsinə görə prezidentliyə iddialılar əmlak və gəlir bəyannaməsini də Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. MSK hələlik namizədlərin gəlir bəyannamələri barədə məlumat verməyib. Biz də namizədlərin özləri ilə əlaqə saxlayıb onların gəlirləri, əmlakları haqda məlumat almağa çalışdıq. Səkkiz namizəddən dördündən aldığımız məlumatlar bunlardır:

Namizədlərin əmlakı və gəlirləri haqda verdikləri məlumatlar:

Sərdar Cəlaloğlu

Avtomobil: Toyota Prado – 1 ədəd

Mənzil: 4 otaqlı mənzil - Bakıda Üzeyir Hacıbəyov küçəsində (həyat yoldaşının adına)

Daimi gəlir mənbəyi: Yoxdur. Yaşa görə təqaüd üçün müraciət edib.

Hafiz Hacıyev

Avtomobil: Hyundai Sonta – 1 ədəd

Mənzil: Həyət evi, Bakıda Maştağa qəsəbəsində. Bakıda Azadlıq Prospektində, Müasir Müsavat Partiyasının qərargahı yerləşən 100 kvadrat metrlik ofis.

Daimi gəlir mənbəyi: Yoxdur.

Razi Nurullayev

Avtomobil: Toyota Corolla – 1 ədəd

Mənzil: 3 otaqlı mənzil – Bakıda Binəqədi rayonunda.

Daimi gəlir mənbəyi: Xaricdə yaşayan qardaşlarının dəstəyi.

Zahid Oruc

Avtomobil: Mercedes – 1 ədəd

Mənzil: 3 otaqlı mənzil - Bakıda Səbayel rayonunda 159 kvadratmetr, Bakının Qaradağ rayonunda bağ evi, Bakıda "Ləhiş bağları" adlanan ərazidə 25 sot topraq sahəsi.

Daimi gəlir mənbəyi: Millət vəkili kimi aldığı 2000 manat civarında maaş.

Namizədlərdən İlham Əliyev və Qüdrət Həsənquliyevin nə özləri, nə də nümayəndələri ilə əlaqə saxlamaq mümkün oldu. Digər iki namizəd - Araz Əlizadə və Fərəc Quliyevsə gəlirləri və əmlakları barədə bizə məlumat verməkdən imtina etdilər.

Namizədlərin əmlak və gəlirləri haqda məlumatlar illərdir az qala hər seçkilərdə aktuallaşır. Məsələn, 4-cü dəfə prezidentliyə namizədliyini verən İlham Əliyevin bu məlumatları ictimaiyyətə açıqlamamasını qınaqla qarşılayanlar var.

Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov deyir ki, qanunda bu cür məlumatların məcburi şəkildə ictimaiyyətə açıqlanmalı olması barədə tələb yoxdur:

“İmza vərəqələri MSK-ya təqdim edilərkən bütün zəruri sənədlər kimi gəlir və əmlak haqda məlumatlar da təqdim edilir. Bu sənədlər komissiyada araşdırıldıqdan sonra qərar qəbul olunur. Amma qanunvericilikdə bu məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı heç bir tələb yoxdur”.

Seçki Məcəlləsinin 58-ci maddəsinə görə hər bir namizəd əmlakı, gəlirlərinin miqdarı və mənbələri barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bu bəyənnamə seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr əhatə etməlidir.

Məcəllədə yazılır ki, əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.

Sizcə, vətəndaşlar prezidentliyə namizədlərin mal-mülkləri haqda məlumatları bilməlidirlərmi?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Amma Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslərə Yardım təşkilatının rəhbəri Akif Qurbanlı deyir ki, birmənalı olaraq, özəlliklə, hakim partiyadan olan namizədin bəyannəmələri əlçatımlı deyil:

“Mən bir qədər israr etdikdən sonra bəzi sənədlərə çıxış imkanı əldə edə bilirdim. Amma bu bütün sənədlərə aid deyil. Onlardan biri də bütün namizədlərin, özəlliklə də hakim partiyanın namizədinin əmlak və gəlirləri ilə bağlı sənədlərə. Ötən prezident seçkilərində komissiya üzvü olaraq mən də məsələ qaldırmışdım. Milli Şuranın sədri Cəmil Həsənli də MSK-dan bu məlumatları istəmişdi. Təəssüflər olsun ki, MSK tərəflərə bu haqda məlumat verməmişdi”.

Akif Qurbanov əlavə edir ki, dünyanın bir çox ölkələrində öz seçiciləri qarşısında hesabatlı olan namizədlər gəlir və əmlaklarını açıqlayır. Hətta Rusiya prezidenti Vladimir Putin də vaxtaşırı öz gəlir və əmlakı haqda məlumatı ictimaiyyətə açıqlayır. Düzdür, onun bütün sərvətini açıqlamamaqda qınayanlar var. Amma Azərbaycanda isə ümumiyyətlə belə bir təcrübə yoxdur.

2013-cü il prezident seçkiləri zamanı Milli Şuranın vahid namizədi olan Cəmil Həsənli MSK-ya müraciət edərək, bütün namizədlərin gəlirləri və əmlakları haqda məlumat istəmişdi. MSK bu müraciəti rədd etmişdi. Builki seçkilərlə bağlı isə Demokratik Rifah Hərəkatı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Hərəkatın sədri Qubad İbadoğlu deyir ki, hələki onların müraciəti cavablandırılmayıb:

Qubad İbadoğlu düşünür ki, bu məlumatları bilmək ictimaiyyət üçün olduqca əhəmiyyətlidir. Bəs, Bakı sakinlərinin fikri nədir? Bakıda qarşımızdan çıxanlardan soruşmuşuq ki, sizcə, vətəndaşlar prezidentliyə namizədlərin mal-mülkləri haqda məlumatları bilməlidirlərmi.

Bu məlumatların ictimaiyyətə açıqlanmasında əsas məqsəd şəffaflıq və hesabatlılıqdır. Digər ölkələrdə tək namizədlər yox, həm də məmurlar öz gəlirlərini bəyan etməlidilər. Lakin Azərbaycanda 2005-ci ildə qanun qəbul edilsə də hələlik məmurların gəlir bəyannamələri elan edilmir.

Bu məsələ adətən seçkidən-seçkiyə aktuallaşır. Onda da namizədlərin hamısı gəlir və əmlakları haqda məlumatları ictimaiyyətə açıqlamır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG