Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Berdymukhammedov, Karimov, Əliyev... Prezidentlər necə ‘ölürlər’


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Ötən həftəsonu Türkmənistan prezidentinin ölüm xəbərləri yayılmışdı. Lakin Türkmənistanın Rusiyadakı səfirliyi bu xəbəri təkzib etmişdi.

Bundan az əvvəl dövlət telekanalları Gurbangulu Berdymukhammedov-un özünün yazdığı “Türkmənistanın dərman bitkiləri” ensiklopediyasının növbəti cildi üzərində necə işlədiyini və öz mahnılarını dinlədiyinigöstərmişdi.

Son illərdə Berdymukhammedov-un sağlamlıq vəziyyəti barədə müxtəlif şayiələr yayılır. Bu xüsusən də o, uzun müddət gözə dəyməyəndə baş verir.

AzadlıqRadiosu postsovet məkanında başqa liderlərin də “qəfil qeyblərindən” ibarət material hazırlayıb.

Bakiyev. İnsult və dava-dalaş haqqında şayiələr

Kurmanbek Bakiyev
Kurmanbek Bakiyev

2008-ci ilin martında Qırğızıstanın ovaxtkı prezidenti Kurmanbek Bakıyev qəfil yoxa çıxmışdı.

Onun “ağır xəstəliyi”, daha sonra isə “ölümü” barədə şayiələr yayılmışdı.

Müxtəlif versiyalara görə onun beyninə qan sızmışdı, böyrəkləri xəstə idi və hətta oğlu Maksim onu güllələmişdi.

Bakıyev “yoxa çıxandan” 25 gün sonra Qırğızıstana qayıtmışdı.

O bildirmişdi ki, martın 3-dən 28-dək Almaniyada məzuniyyətdə olub.

O bunu da demişdi ki, əvvəlcə ora iki həftəliyinə müalicəyə və müayinəyə gedib, amma həkimlər ona bir qədər daha dərindən müayinə olunmağı tövsiyə ediblər.

Üstəlik Bakiyev demişdi ki, prezident aparatının bunu niyə böyük sirr kimi saxladığını bilmir.

Putin. “Qrip” və “Alina Kabayeva”

Sappasağ Vladimir Putin (solda) keçmiş Qırğızıstan prezidenti Almazbek Atambayevlə
Sappasağ Vladimir Putin (solda) keçmiş Qırğızıstan prezidenti Almazbek Atambayevlə

2015-ci ilin martında Rusiya prezidenti Putinin yoxa çıxması barədə xəbərlər vardı.

Onun ölməsinə, qripə yoluxmasına, çevriliş nəticəsində devrilməsinə və ya onun Alina Kabayevanın dünyaya uşaq gətirdiyi İsveçrəyə getməsinə dair şayiələr dolaşırdı. Yeri gəlmişkən, Alina Kabayeva versiyasından yazan “Moskovskiy korrespondent” nəşrinin varlığına elə həmin xəbərlə də son qoyuldu.

Putinin sözçüsü Dmitry Peskov bu şayiələri təkzib edirdi.

Vladimir Putin bu söz-söhbətdən on gün sonra, ilk dəfə Qırğızıstanın ovaxtkı prezidenti Almazbek Atambaevlə görüşdə görünmüşdü.

Atambaev jurnalistlərə demişdi ki, Putin özünü yaxşı hiss edir: “Elə indicə Vladmir Vladimiroviç məni Konstantin sarayının həyətində maşında gəzdirirdi. Maşını özü sürürdü. Rusiya prezidenti təkcə gəzmir, o həm də maşın sürür və qonaqları gəzdirir. Ruslar demişkən, bircə o günü görməyəcəklər”.

Putinin özü isə demişdi ki, həyat qiybətsiz maraqsız olardı.

Lukashenka: “Məni dəfn ediblər və səni də edə bilərlər”

Alyaksandr Lukashenko
Alyaksandr Lukashenko

2018-ci ilin iyulunda Belarus prezidenti Alyaksandr Lukashenka-nın beyninə qan sızdığına dair şayiələr dolaşırdı.

O iyulun 26-da Qomel şəhərinə getməliydi, amma səfər təxirə salınmışdı. Ora onun mühafizə dəstəsi, jurnalist komandası gəlmişdi, amma prezident gəlib çıxmamışdı. Orada gözləyən məmurlara da heç bir informasiya verilmirdi.

Lukashenka ictimaiyyət qarşısında bir də avqustun 2-də göründü

O məhsul yığımına gəlmişdi və yerli icra başçısından gələn bir il ərzində nə işlər görməyi planlaşdırıdığını soruşmuşdu, amma demişdi ki, onun həmin vaxtadək sağ qalacağına ümidi yoxdur:

“Gələn ilə sağ çıxacaqsanmı? Özünə çox da arxayın olma. Məni bir sutka əvvəl dəfn etmişdilər, səni də dəfn edə bilərlər”.

Karimov. Ölümündən sonra təbrik

İslam Karimov. 2007-ci il. Arxa planda indiki prezident Shavkat Mirziyoev
İslam Karimov. 2007-ci il. Arxa planda indiki prezident Shavkat Mirziyoev

Özbəkistan prezidenti İslam Karimovun ölüm xəbəri rəsmən 2016-cı il, sentyabrın 2-də təsdiq edilmişdi. Lakin bu barədə ilk şayiə artıq avqustun 27-də çıxmışdı. O vaxt müstəqil kütləvi-informasiya vasitələri Karimovun Özbəksitanın olimpiya komandasına verdiyi banketdən sonra klinik ölüm keçirdiyini xəbər vermişdi.

Özbəkistan komandası o Olimpiadadan vətənə 4 qızılla qayıtmışdı. Bu, ölkənin idman tarixində ən yaxşı göstərici idi.

Lakin Karimov hələ bir neçə gün rəsmən “sağ qalırdı” və hətta Özbək xalqını 1 sentyabr Müstəqillik günü münasibətilə qiyabi təbrik etmişdi.

Əliyev. Yarım ilin məchulluğu

28 sentyabr, 2000-ci il. Heydər Əliyev ABŞ-da müalicədən sonra vətənə qayıdır
28 sentyabr, 2000-ci il. Heydər Əliyev ABŞ-da müalicədən sonra vətənə qayıdır

Azərbaycan prezidenti Heydər Əliyevin rəsmi ölüm xəbəri 2003-cü ilin 12 dekabrında elan edilmişdi.

Amma o son dəfə ictimaiyyət qarşısında bundan səkkiz ay əvvəl görünmüşdü.

O aprel ayında çıxış etdiyi vaxt halı iki dəfə pisləşmişdi.

O vaxtdan bəri Heydər Əliyevin ölümü haqda şayiələr hər gün yayılırdı. Hər belə xəbərin ardınca təkzib verilirdi.

May ayında Əliyev İstanbuldakı Gülhane klinikasında müayinə və müalicə olunurdu. İyul ayında onu ABŞ-dakı Klivlend xəstəxanasına aparmışdılar.

Daha sonra televiziyida Heydər Əliyevin guya həmin xəstəxanada verdiyi müsahibə yayınlanmışdı.

İyul ayında Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin oktyabrın 15-də keçiriləcək prezident seçkisində namizədliyini qeydə almışdı. Həmin seçkidə onun oğlu İlham Əliyev də namizədliyini vermişdi.

O dərhal bəyanat vermişdi: “Heydər Əliyev prezident olacaq. Mənim namizədliyim hazırkı prezidentin təbliğat kampaniyasına əlavə imkanlar verəcək”.

Lakin oktyabrın 2-də dövlət televiziyası ilə Heydər Əliyevin müraciəti oxunmuşdu. Bu müraciətdə o namizədliyini oğlunun xeyrinə geri götürdüyünü deyirdi.

Bundan sonra İlham Əliyev səslərin 76, 86 faizini yığaraq prezident oldu. Amma atası onu bu qələbə münasibətilə təbrik etmədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG