Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

İlham Əliyevə şikayətə gəldilər


Valideynlər Prezident Administrasiyası önündə. 3 dekbar 2018
Valideynlər Prezident Administrasiyası önündə. 3 dekbar 2018

Övladları, yaxınları vətənə xəyanətdə ittiham olunanlar dekabrın 3-də yenidən Prezident Administrasiyasının önünə toplaşıblar. Onlar AzadlıqRadiosunda deyiblər ki, prezidentlə görüş və övladlarına bəraət verilməsini, istintaq zamanı işgəncə vermiş, araşdırmanı düzgün aparmamış şəxslərin cəzalandırılmasını tələb edirlər.

Onların iddiasına görə, bəzisinin övladı istintaq zamanı işgəncə altında öldürülüb, bəzisi isə günahsız yerə həbs olunub, hazırda işlərinə Ali Məhkəmədə baxılır.

Valideynlər artıq beşinci dəfədir Prezident Administrasiyasına gəlirlər. Sonuncu dəfə onları dekabrın 3-də şöbə müdiri Fuad Ələsgərovun qəbul edəcəyi bildirilsə də, günün birinci yarısında onlarla Ələsgərovun köməkçiləri görüşüb və işin araşdırıldığı haqda məlumat verilib.

«Prezidentimizdən, Mehriban Əliyevadan ölən və həbs edilən hərbi qulluqçuların valideynlərini qəbul etmələrini xahiş edirəm», - 10 il azadlıqdan məhrum edilən Məcid Qasımovun atası Kamal Qasımov söyləyir.

K.Qasımov oğlunun günahsız olduğunu, işgəncə altında, ölüm ayağında olduğu üçün ittihama qol çəkdiyini bildirir. Onun tələbi sözügedən işin yenidən araşdırılmasıdır.

«Burda xalqa, Azərbaycan prezidentinə məlum olmayan məqamlar var. Ört-basdır edirlər. Məhkəmə tərəfindən də ört-basdır edilib. Gözləyirəm prezident bu işə qarışsın. Azərbaycan ordusuna olan təhqir ali baş komandanın təhqir edilməsidir, dövlətin təhqiridir», - ata söyləyir.

​«Qəsdən öldürüblər ki, danışmasınlar»

Validə Əhmədova oğlu Elçin Quliyevin işgəncə altında öldürüldüyünü iddia edir: ​«Mayın 3-də istintaqa aparılıb, mayın 8-də ölüm xəbəri gəlib. Uşaqların hamısını oğurlayıb aparıblar. Sanki aparıb ermənilərə veriblər, yer üzündə hansı işgəncə varsa, onlara verilib. Komaya düşən olub, ölən olub. Qəsdən öldürüblər ki, danışmasınlar. Komadan ayılanların çoxu psixoloji xəstədir. Sağlam olan tək-tükdür».

12 il azadlıqdan məhrum edilən Emin Əliyevin atası Abdulnasir Əliyev oğlunun Rusiyada doğulduğu halda könüllü şəkildə 2010-cu ildə hərbi xidmətə yollandığını, hərbi xidməti başa vurandan 7 il sonra vətənə xəyanətdə ittiham olunduğunu bildirir.

Natiq Quluzadənin anası Bahar Quliyeva da oğluna işgəncə verildiyini deyir: «Qolunda, ayağında, kürəyində, sinəsində işgəncə izi var. Dəfələrlə toka veriblər, suya salıb boğublar, rezin dubinkayla döyüblər, ağızlarına palçıqlı əski verib su töküblər. Üç gün yemək, su verməyiblər. Ortada sübut yoxdur. Bir uşağın ifadəsi ilə 18 il iş verildi. Həmin uşaq Apellyasiya Məhkəməsində durub ifadəsini geri çəkdi, dedi ki, vicdan əzabı çəkirəm, Natiqin günahı yoxdur. Amma Apellyasiya Məhkəməsi bunu nəzərə almadı, hökmü qüvvədə saxladı. İş Ali Məhkəmədədir. Bəraət verilməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik».

Xatırlatma

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən il mayın əvvəllərində birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr olan məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı. Ancaq həbs edilənlərin dəqiq sayı açıqlanmırdı.

Elə bundan az sonra bəzi media orqanlarında vətənə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərləri Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq almışdılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG