Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:02

Prezidentin müxalifətə dedikləri və müxalifətdən cavab


Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyində çıxış edir, 21 noyabr 2019
Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyində çıxış edir, 21 noyabr 2019

Dövlət başçısı İlham Əliyev-in son aylar həm ölkə xaricində, həm də daxildə müxtəlif görüş və tədbirlərdə 26 il əvvəl, bir il mövcud olan AXC ( Azərbaycan Xalq Cəbhəsi) hakimiyyəti barədə sərt tənqidləri indi bəzi dairələrdə müzakirə mövzusuna çevrilib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bu mövzu ilə bağlı bildirib ki, hazırkı dövrdə informasiya məkanında hakimiyyət və müxalifətin hər bir açıqlamasının monitorinqinin geniş təhlillərini aparmaq, arxiv materialları ilə bütün xronikanı izləmək mümkün deyil:

“Belə olan təqdirdə nisbət baxımından 26 ildə milyon dəfə fərqlə iqtidar əleyhinə olan qüvvələr hakimiyyət birincisi daxil hər kəsi kəskin ittihamlara məruz qoyublar. Son illərin gerçəkliyində isə ifrat dərəcədə siyasi eksprement terminlərlə onları ittiham etməyə çalışıblar. Ona görə ölkə rəhbərinin 5 ildə bir dəfə ona olan hücumlara məhz müxalifətin xarici və daxili demədən bütün müstəvilərdə seçdikləri epitetlərlə cavab verməsini təbii qarşılamalısınız. İkinci, 26 il əvvəlki hakimiyyət doğrudan da tarixin bir hissəsi kimi başqa qüvvələrin, sosioloqların, tarixçilərin araşdırma predmeti olaraq qalardı. Əgər, həmin dövrdə iqtidarda olanların xaosu təzədən sabitlik, məğlubiyyəti qələbə, ən adi tədbirləri qeyri-adi nailiyyət kimi təqdim etməsəydilər. İndi bizim gözümüzün önündə həmin dövrün ideallaşdırılması bu və ya digər formada keçmişi gələcəyə daşımaq, bunu millətin sabahı üçün tərənnüm etmək tendensiyası müşahidə olunur. O zaman bu məsələlərin qarşısına çıxmaq zərurətə çevrilir.”

“Tolerant yanaşmanı yalnız dövlət rəhbərindən istəmək çox yanlış olardı"

Zahid Oruc, 28 aprel 2011
Zahid Oruc, 28 aprel 2011

Z.Oruca görə, ölkə içində "Youtube" kanalında Əli Kərimli də, İsa Qəmbər də və digər qüvvələrin hər biri də o qədər kəskin ittihamlar sərgiləyir ki, barış, normal dialoq, tanıtım, tərəflərin barrikadadan çıxıb bir-birinə əl uzadaraq diskussiyalar üçün minimum da zəmin yoxdur.

"Belə olan təqdirdə tolerant yanaşmanı yalnız dövlət rəhbərindən istəmək çox yanlış olardı. Nəhayət, ölkə rəhbərinin niyə məhz bir sıra hallarda xaricilər qarşısında bu cür danışdığını soruşanlar, həmçinin Sumqayıtda yubiley tədbirində belə mövqe sərgiləməsinə gəlincə, İlham Əliyev bütün bu illərdə daha artıq dərəcədə səbr nümayiş etdirib, bir sıra hallarda həmin qüvvələri görməzdən keçib”.

Z.Orucun sözlərinə görə, hər yerdə prezidentin leksionunda adı keçən şəxslər ölkənin gələcəyində əsas qüvvə kimi olduqlarını iddia edirlər. Deputatın vurğulamasına görə, onlar hakimiyyətin ünvanına diktatura yarlığına qədər fikirlər sələndirirlər:

“Məgər, bu hüquq yalnız onlara aiddir? Sumqayıt hadisələri isə Qarabağ prosesinin, o cümlədən, Azərbaycanın 90-cı illərdəki taleyinin bir hissəsidir. Məhz belə yerlərdə tarixi yaddaş səhifələrini xatırlatmaq gərəkdir”.

“Cəmi 1 illik hakimiyyət necə olmamağı sübut etdi”

Zahid Oruc hesab edir ki, bu gün Azərbaycanda keçmişin təftişi deyil, gələcəyin mübarizəsi aparılmalıydısa, onu İlham Əliyev 2019-cu il yanvarın 11-də keçirilən müşavirəsində yeni kurs siyasətini elan etməklə başlayıb:

“ Əgər hamı maraqlıdırsa ki, bu dövlətin idarəçilik həyatında, siyasi sistemdə yeni dövrün çağırışlarına uyğun böyük dəyişikliklər həyata keçsin və bunlar dinc keçid qaydasında reallaşsın, küçə və meydanların təzyiqi, qarşıdurmaları hesabına olmasın, o zaman, bu hamının faydasına işləyər. Həmin müxalif qüvvələr də Azərbaycanın güclənməsi, daha fərqli simada dünyaya çıxmağında maraqlıdırlarsa, bunu təşviq etsinlər. Yox, hamını yenidən keçmişə qaytarmaq istəyəcəklərsə, keçmişdə yaşayan məhz o qüvvələrdir. Çünki ən çox balladanı danışanlar Fəhmin Hacıyevindən başlamış kimi desəniz, Qarabağın necə işğal olunması haqqında elə danışırlar ki, guya, bunların qələbə paradını başqa planetdən gələnlər dayandırıb. Ancaq hamıya nələrin baş verdiyi bəllidir. Cəmi 1 illik hakimiyyət necə olmamağı sübut etdi və bu qüvvələr bir ildə on illərlə onun ağır nəticələrini aradan qaldıra bilməmək mirasını qoyub”.

“Qorbaçov baş katib seçiləndə onu ən çox tərifləyən Heydər Əliyev olub”

Mikhail Gorbachev (sol), Boris Yeltsin, 23 avqust 1991
Mikhail Gorbachev (sol), Boris Yeltsin, 23 avqust 1991

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli isə diqqəti əvvəlcə dövlət başçısının müxtəlif görüş və tədbirlərdəki çıxışlarında doğru saymadığı məlumatlara yönəldir:

“Xüsusilə sabiq prezident Heydər Əliyev haqqında fikirləri yanlışdır. Məsələn, İlham Əliyev iddia edir ki, Mixail Qorbaçov 1985-ci ildə Mərkəzi Komitənin I katibi seçiləndən sonra Heydər Əliyev ona qarşı tənqidi çıxışlar etdiyinə görə təqib olunub və Siyasi Bürodan uzaqlaşdırılıb. Tamamilə yalandır, çünki Siyasi Büronun 1985-1987-ci illərdə keçirilən iclaslarının stenoqramları var və tədqiqatçılar üçün açıqdır. 1985-ci ilin aprel plenumunda Qorbaçov Baş Katib seçiləndə onu ən çox tərifləyən Heydər Əliyev olub və çıxış toplantının stenoqramlarında öz əksini tapıb. Heydər Əliyev 1987-ci ilin payızına, Siyasi Bürodan uzaqlaşdırılana qədər bütün iclaslarda Qorbaçovla həmrəy olub və Baş katibin daxili və xarici siyasətini tərifləyən çıxışlar edib, xüsusilə onun siyasəti haqda qanadlı ifadələr işlədib. Yaxud başqa bir fakt, 1984-cü ildə Baş Katib Çernenko xəstə olduğundan Siyasi Büronun iclaslarını Qorbaçov aparırdı, həmin vaxt Ermənistan Mərkəzi Komitəsinin I katibi Dəmirçiyan 1915-ci il hadisələrinin soyqırım kimi tanınması haqqında müraciət etmişdi, müraciətin gündəliyə salınması müzakirəsində əksəriyyət bunun əleyhinə çıxanda Heydər Əliyev susmuşdu. İlham Əliyev deyir ki, Heydər Əliyev dövründə Dağlıq Qarabağda azərbaycanlıların sayı 30 faizə çatdırılmışdı, bu da tamamilə yalandı. Qarabağda azərbaycanlıların sayının artması tendensiyası 60-cı illərdə Vəli Axundovun respublikanın rəhbəri olduğu zaman başladı. Ümumiyyətlə, həmin dövrdə respublikada azərbaycanlıların sayı sürətlə artdı, çoxuşaqlı ailələrin böyük hissəsi azərbaycanlılar idi. Bu tendensiya Dağlıq Qarabağda da baş verdi, bu, bir tərəfdən doğum səviyyəsinin artmasında, digər tərəfdən muxtar vilayətə keçirilən seçkilərdə deputat yerinin artmasında müşahidə olundu. Təəssüf ki, Heydər Əliyevin dövründə SSRİ-də analoji qurumların olmadığı hüquqlar Vilayət Sovetinə verildi. Bu, ondan ibarət idi ki, 1982-ci ilin iyununda vilayətin statusu haqqında qəbul edilən konstitusiya qanununa görə vilayətin inzibati ərazi quruluşu yerli sovetin razılığı olmadan dəyişdirilə bilməz. İkinci imtiyaz ondan ibarət idi ki, vilayət sovetinin sədri avtomatik olaraq respublika Ali Sovetinin sədr müavini olurdu. Üçüncü, muxtar vilayətin məhkəməsinin sədri avtomatik olaraq respublika Ali Məhkəməsinin sədrinin müavini olurdu. Halbuki, SSRİ-də olan analoji qurumlarda belə imtiyazlar yox idi”.

Cəmil Həsənli, Bakı, 2018
Cəmil Həsənli, Bakı, 2018

Dövlət başçısının AXC hakimiyyəti dövrü barədə tənqidlərinə gəlincə, Cəmil Həsənli bildirib ki, həmin illəri tənqid etməkdən ötrü mənəvi haqlılıq olmalıdır:

“Sual yaranır, İlham Əliyev 1992-1993-cü illərdə hardaydı? İlham Əliyevin müharibədə iştirak edib-etməməyini kənara qoyuram, o zaman ali təhsilli şəxs idi, Dağlıq Qarabağ haqqında hansı məqaləni yazdı, hansı müzakirələrdə çıxış etdi? Və bu gün İlham Əliyevin tənqid etdiyi adamların əksəriyyəti ölkənin ərazi bütövlüyü uğrunda döyüşüblər. Məhz həmin dövrdə Azərbaycan ordusu Qarabağın separatçılardan azad olunması uğrunda böyük nailiyyətlər əldə emişdi, yalnız Rusiyanın müdaxiləsi nəticəsində prosesin qarşısı alındı. İlham Əliyev sabiq xarici işlər naziri Tofiq Qasımova irad tutur, buyursun, Elmar Məmmədyarovla onun çıxışlarını yanaşı qoyub müqayisə etsin. Əlbəttə, xarici işlər nazirlərinin xarici dil bilməsi vacibdir, amma öz dilini bilmək cəmiyyətə bir örnək məsələsidir. Sovet hakimiyyəti dövründə Azərbaycan hökumətinin tərkibi daha azərbaycan dilliydi, nəinki İlham Əliyevin rəhbərlik etdiyi indiki hökumətin tərkibi”.

“ 16 ildə Qarabağın işğaldan azad olunması üçün hansı addımlar atılıb?”

Ermənistan hərbi texnikası Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində, 24 sentyabr 2019.
Ermənistan hərbi texnikası Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində, 24 sentyabr 2019.

Cəmil Həsənli sonra da deyib:

“Ümumiyyətlə, 16 ildə Qarabağın işğaldan azad olunması üçün hansı addımlar atılıb? Yalnız bir fakt Əliyevin Qarabağ siyasəti üçün yetərlidir, bu, “Azərbaycan landramartı”nda ölkənin müdafiə xərclərinin oğurlanması haqqında sənədlərdir. 26 il əvvəldən hesab sormaqdansa, bunun hesabatın vermək lazımdır ki, ərazisi işğal olunan ölkənin müdafiə xərcləri nə cür London ofşor hesablarına yatırılıb? ”.

Xatırlatma

Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı yenə əvvəlki dövrlərə qayıdıb. O deyib ki, 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçilib:

“ O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar...”

Prezident daha sonra da deyib ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı.

“Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi...”, deyə prezident qeyd etmişdi.

Hakimiyyət rəsmiləri üstəlik, müxalifətin korrupsiya ilə bağlı tənqidlərini qəbul etmirlər, bunu qərəzli böhtan sayırlar. Onlar vurğulayırlar ki, Azərbaycanda korrupsiya ilə mübarizədə hakim iradə var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG