Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Prezidentin köməkçisi yazdı, AXCP sədri cavab verdi


Ə.Həsənov
Ə.Həsənov

Ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində «Müxalifətçilik missiyası və Azərbaycan maraqları» sərlövhəli yazısını paylaşıb. Yazını rəsmi AZƏRTAC saytı və bir çox media orqanı yayıb. Böyük bir yazının çox hissəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin tənqidinə yönəlib.

«Əli Kərimli Azərbaycana Suriyanın «inqilab təcrübəsi»ni...»

Prezidentin köməkçisi yazıb ki, Ə.Kərimli Azərbaycana Suriyanın «inqilab təcrübəsi»ni idxal etmək istəyir: «Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadr potensialı «ASAN Xidmət»in bircə filialını idarə etməyə qadir deyil. Onu da qeyd edim ki, bəli, «ASAN Xidmət» ictimai xidmət sektorunda bir inqilabdır. Əli Kərimli Azərbaycana Suriyanın «inqilab təcrübəsi»ni idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya «ASAN Xidmət» inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qısqanc münasibəti başa düşüləndir...».

«Suriyanın indiki hala düşməsinin səbəbi uzunmüddətli sülalə hakimiyyəti...»

AXCP sədri də bu yazılanlara cavabını ifadə edib. O hesab edir ki, «Əli Kərimli Azərbaycana Suriyanın «inqilab təcrübəsi»ni idxal etmək istəyir» iddiası təzə «tezis» deyil: «Bir çox başqa iddialar kimi, bunu da əvvəllər Ə.Həsənovun trollarından eşidirdik, indi isə trollarının dili ilə dediyini özü bildirir, amma mənasızdır».

Ə.Kərimli
Ə.Kərimli

AXCP sədri deyir ki, Suriyanın indiki hala (Suriyada 2011-ci ildən müharibə gedir. Yüz minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb-r) düşməsinin səbəbi uzunmüddətli sülalə hakimiyyəti, vətəndaş cəmiyyəti və müxalif siyasi qüvvələrin olmamasıdır: «Azərbaycanda isə durum fərqlidir, Azərbaycanın Avropa Birliyi ilə əlaqələri var, nə qədər zəiflədilsə də, ciddi demokratik qüvvələr mövcuddur. Məhz bu qüvvələr ölkənin Suriyanın halına düşməsinin qarşısını alır...».

«Maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib»

Prezidentin köməkçisi həmin yazısında İlham Əliyev hakimiyyətinin gördüyü işlərdən və bir sıra sosial məsələlərdən bəhs edib. «Statistikaya nəzər yetirək: son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3.3 dəfə, sənaye istehsalı 2.6 dəfə, ixracımız 4.7 dəfə artıb.... Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1.6 milyon artıb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib», - Ə.Həsənov yazıb.

«Ölkəyə 150 milyard dollar neft vəsaiti daxil olduqdan sonra...»

Ə.Kərimli isə hesab edir ki, həmin yazıda orijinal olan heç bir fikir yoxdur, bir hissəsi artıq hakimiyyətin gülüş doğuran «iqtisadi uğurlar»ına, digər hissəsi isə müxalifət məsələlərinə həsr olunub. «Elə deyirlər ki, maaş 7 dəfə artıb, pensiya və təqaüdlər bu qədər artıb, amma bu qədər artımdan sonra əhali aldığı maaşla dolana bilmirsə, hansı inkişafdan danışırlar?»,-deyə Ə.Kərimli mövqeyini ifadə edib.

Eyni zamanda, Ə.Kərimli 25 ildən yuxarı hakimiyyətdə olan iqtidarın keçmişə qayıtmasını da doğru saymır: «Ölkəyə 150 milyard dollar neft vəsaiti daxil olduqdan sonra yenə də müqayisə üçün 25-26 il əvvələ dönmək bu iqtidarın hansı təfəkkür sahibi olmasını göstərir».

«Kreditlər məsələsi də nəzərdən keçiriləcək»

Prezidentin köməkçisi məlum yazısında Ə.Kərimlini əhalinin kredit borcları üzərində ucuz şou düzəltməkdə günahlandırıb: «Heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa, bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlər məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq».

«Xalqdan qopublar»

Ə.Kərimli isə hesab edir hakimiyyətin 2019-cu ildə atdiğı bir sıra sosial addımlarda və islahat vədində Milli Şuranın 19 yanvar mitinqinin təsiri var: «Onlar gördülər ki, xalqdan qopublar, xalqla əlaqələri yoxdur...».

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcimi 1.6 milyard manata yaxın olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG