Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

Prezidenti xalq arasına çıxmağa vadar edən nədir?


Prezident İ.Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb. 18 fevral 2019
Prezident İ.Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb. 18 fevral 2019

Son bir ayda hakimiyyətin siyasətində bəzi dəyişikliklər müşahidə edilməkdədir. Bunu yumşalma sayan da var, müxalifətin 19 yanvar mitinqindən sonra manevr etmək cəhdi sayan da. Dəyişən nədir? Hakimiyyət başçısını yerli telekanala müsahibə verməyə, xalq arasına daha çox çıxmağa, daha çox ünsiyyətdə olmağa vadar edən, bəzi qadağaları götürməsinə, məsələn, kinorejissor, yazıçı, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə razılıq verilməsinə səbəb nədir? Bunlar islahatın başlanğıcı sayıla bilərmi?

AzadlıqRadiosunun suallarını siyasi şərhçi Rauf Mirqədirov cavablandırır:

- Həqiqətən də hakimiyyətin hərəkətində bəzi dəyişikliklər var. Heydər Əliyev mürəkkəb, çoxfiqurlu gediş etməyi, fiqurlarla manipulyasiya etməyi həm bacarırdı, həm də sevirdi. İlham Əliyev mürəkkəb situasiyaları sevmir, bəsitləşdirilmiş format seçir. Bu da ona gətirib çıxardı ki, 2003-cü ildən sonra siyasi müxalifət küncə sıxışdırıldı, bu gün həmin AXCP, Müsavat, AMİP dərnəklər səviyyəsində fəaliyyət göstərir. Yəni, siyasi səhnədə vəziyyət xeyli sadələşdirildi. İkincisi, mətbuatı sıradan çıxardı və üçüncü mərhələdə hakimiyyətin bel sütununu təşkil edən oliqarxları sıxışdırdı. Bütün nazirlərin arasında ən abırlısı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov idi. O da daxil olmaqla vəzifədən çıxarılan nazirlər haqqında hakimiyyətin maliyyələşdirdiyi KİV-lərdə qanunsuz varidatları haqda məlumatlar üzə çıxır.

- Sizcə, niyə?

- Söhbət oliqarxların hakimiyyətdən uzaqlaşdırılmasından getmir. Azərbaycanda klan sistemi mövcuddur və hər şey şəxsi sədaqət üzərində qurulur. Hakimiyyətdən uzaqlaşdırılan şəxsdən istifadə edilmək təhlükəsi var, ona görə də əllərindəki alınır. Situasiya bir az da sadələşdirilir və şahmat taxtasında qalır hakimiyyətlə xalq. Hətta xalq da yoxdur. Yəni, bir tərəfdən xalqı qorxu altında saxlamaq mümkündür. Amma qorxu da uzun müddətdən sonra işə yaramır. Əhali arasında narazılıq var və bu, özünü büruzə verir. Gözlənilmədən mitinqə daha çox adam çıxdı. Sözsüz ki, məsələ təkcə Mehman Hüseynovla bağlı deyildi. Yəni, o insanlar Mehmana və ya başqa dustaqlara dəstək üçün çıxmamışdılar.

R.Mirqədirov
R.Mirqədirov

- Bəs onları mitinqə gətirən nə idi?

- Bu, ümumi böhranın, ümumi narazılığın göstəricisi idi. Onların da bu cür situasiyalar üçün tədbirləri, atacağı addımlar var. İndi hamının müşahidə etdiyi də budur. Real TV-nin nə olduğunu kənara qoyaq, amma səhv etmirəmsə, son bir neçə ildə birinci dəfədir İlham Əliyev yerli telekanala müsahibə verdi. Bu, Azərbaycan üçün çox görünməmiş bir şeydir. Müsahibə verir, insanlarla görüşür, şəkil çəkdirir, əlindən su içirlər. Yəni, prezidentin zəlzələdən sonra regionlara çıxması, insanlara qayğı göstərməsi çox adi şeylərdir, amma PR gedişləridir. İnsanları duyğulandırır, bir əhval-ruhiyyə yaradır. Eyni zamanda, birinci vitse-prezident də ayrıca rayonlara səfərə çıxır…

- Bu dəyişikliklər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilərmi? Hakimiyyət bu yöndə hansısa addım atmağa hazırlaşa və bu ərəfədə təzyiqləri azalda bilərmi? Başqa ehtimal da səslənməkdədir, iki hakim qrup arasında gedən savaş nəticəsində müəyyən güzəştlərə gedildiyi deyilir. Nə qədər ağlabatan versiyalardır?

- Məsələn, yazırlar ki, Paşayevlər dövlət çevrilişinə hazırlaşır. Bu, artıq komik bir şeydir. Onu kənara qoyaq. Qarabağ məsələsinə gəlincə, tutalım, prezident hakimiyyəti oliqarxlardan, vətənpərvər, yəni güzəştə getmək istəməyənlərdən təmizləyir. Hətta ən yaxşı sülh sazişi də həm Azərbaycanda, həm də Ermənistanda birmənalı qarşılanmayacaq. Hər iki tərəfdə narazılıqlar olacaq. Hansı halda narazılıq doğura biləcək sülh sazişini insanlara sırımaq daha asandır? Total qorxu, təqib, cəzalandırma ovqatının mövcud olduğu halda, yoxsa ictimai-siyasi yumşalma fonunda? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yumşalmaya gedirlərsə, məntiqi olmalıdır. Demokratik mühitdə güzəştə getmək daha çətindir. Elektorat ümummilli məsələlərə həssas yanaşır. O, çox az şeyə məsuliyyət daşıyır. O, problemə ədalət, haqq meyarları ilə yanaşır, siyasi səmərəlilik, siyasi konyunktura, geosiyasi durum elektorat üçün ikinci-üçüncü dərəcəli məsələdir. İsraillə Misir saziş imzaladı, heç biri demokrat deyildi. Camaat da narazı idi, axırda ovaxtkı dövlət başçısı sui-qəsd nəticəsində öldürüldü. Azərbaycanda yumşalma gedərsə, münaqişənin həlli ilə bağlı sənədin imzalanmasını gözləmirəm. Ona görə son hadisələr Qarabağla bağlı deyil.

- Yəni, Siz də birmənalı şəkildə bunun son mitinqlə bağlı olduğunu düşünürsünüz?

- Onlar hər şeyi görürlər. Ağılsız deyillər. Artıq yetərincə savadlı adamları ekspert kimi cəlb ediblər, onlarla işləyirlər. İkincisi, son vaxtlar vəziyyətin dəyişməsinə operativ reaksiya verirlər. O başqa məsələ ki, nə məqsəd daşıyır.

- İslahat məqsədi daşıya bilərmi? Bu haqda çox danışılır. Yüksək vəzifələrə gənc kadrlar gətirilir, bəzi qurumlar ləğv edilir. Hakimiyyət də bunu idarəetmənin təkmilləşdirilməsi kimi dəyərləndirir. Sizcə, bu proses islahatdır, ya islahat üçün komanda dəyişməlidir?

- İqtisadi bloka baxaq, maliyyə naziri, iqtisadiyyat naziri, Mərkəzi Bankın rəhbəri yerindədir, güc qurumlarının başçıları da həmçinin. Odur ki, komandanın dəyişdiyini deyə bilmərəm. O ki qaldı baş verənlərə, ayrı-ayrı istiqamətlərdə pozitiv nələrsə baş verə bilər. Hətta bu sistem daxilində belə. Məsələn, ASAN Xidmətin işi var, rüşvət aradan götürülüb bəzi sahələrdə, insanlar razıdır, İlham Əliyev də bu haqda ayrıca danışır. Amma başqa sahədə belə pozitiv addımlar atılacaqmı? Məsələn, tibbi sığorta sistemini təşkil edə biləcəklərmi?

- Yəni, bu istək görünmür?

- Geniş mənada siyasi sistem dəyişməsə, islahat mümkün deyil. Belə deyim də, hakimiyyətdə daimi qalmaq istəyən adam oğurluq edəcək, korrupsiya ilə məşğul olacaq, kim ona nə edəcək? Düşünür ki, hakimiyyətə nəzarət yoxdur. Hakimiyyətdən getməyə hazırlaşan narahat olur ki, ondan sonra işini araşdıracaqlar. Beynəlxalq Bankdan 15 milyard manat oğurlandığını deyirlər. Köhnə məzənnə ilə 18 milyard dollar edir. Azərbaycanın bir illik büdcəsinin təxminən 80-85 faizi idi, ÜDM-nin də üçdə biri. Söhbət hələ bir müəssisədən gedir. Mənim Cahangir Hacıyevə rəğbətim yoxdur, ancaq deyəndə ki, «məni danışmağa məcbur etməyin»… Bu adam o qədər oğurlaya bilməz, axı, bu miqyasda oğurluğu görməmək mümkün deyildi. Mərkəzi Bank var, banklara nəzarət edən qurum var, Maliyyə Nazirliyi var… Beynəlxalq Bankın aksiyaları dövlətə məxsusdur. Bu halda həmin qurumun rəhbərliyində dövlət təmsilçiləri də olub. Bunların heç biri görmürdü oğurluğu? Hələ hüquq-mühafizə orqanlarını, prezident yanında korrupsiya ilə mübarizə komissiyasını demirəm. 15 milyard oğurlanır, heç kimin xəbəri yoxdur? Nağıldır. Ona görə sistem dəyişmədən köklü dəyişiklik olmayacaq. Köklü islahata getmək hakimiyyətdən gedişini hazırlamaq olardı. Bunun üçün çox güclü siyasətçi olmalısan.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG