Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:27

Prezidentə «peşəkar axmaq» deyən cəzalanacaqmı?


R.T.Erdoğan və Jan Boehmermann
R.T.Erdoğan və Jan Boehmermann

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ı monarx düşüncəli sayır, Sultana bənzədirlər – çox vaxt tənqidə dözümsüzlüyünə və jurnalistləri həbsə atdığına görə. Deməli, bu şəxsin rəsmi Berlindən onu lağa qoymuş alman satiraçısını cəzalandırmaq tələbini də qəribə saymağa dəyməz.

Alman komediya ustası Jan Boehmermann martın 31-də efirə gedən televiziya verilişində satirik bir şeir oxuyub və Erdoğan-ı «peşəkar axmaq» adlandırıb. O, Türkiyə prezidentinizoofil kimi qələmə verib. Bundan bir neçə gün sonra Türkiyə lideri Almaniya Xarici İşlər Nazirliyindən Boehmermann-ın Almaniya Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən cəzalandırılmasını istəyib.

Xarici ölkə rəhbərlərinin ləyaqətini alçaltmağı yasaqlayan həmin maddə bu əmələ görə 5 ilədək həbs cəzası nəzərdə tutur. Ancaq məsələ burasındadır ki, həmin müddəanın tarixi monarxların bəyənmədikləri fikirləri özünə təhqir saydığı dövrə gedib çıxır və... Və ən əsası, çox nadir hallarda tətbiq olunur.

PRUSSİYA CİNAYƏT MƏCƏLLƏSİNİN MÜDDƏASI

Sözügedən hüquq normasından dissertasiya işi müdafiə etmiş Holger Heinen deyir ki, bu müddəa 1794-cü ildə Prussiya Cinayət Məcəlləsində də olub. Orada deyilirdi ki, xarici lider və ya səfirin təhqir edilməsi cinayət əməlidir. Çünki bu cür hərəkət xarici ölkənin Prussiyaya qarşı cəza tədbirinə əl atmasına səbəb ola bilər.

Avropada parlamentli demokratiya irəlilədikcə, bu müddəa yavaş-yavaş köhnəlsə də, 1871-ci ildən qüvvədə olan Almaniya Cinayət Məcəlləsində indiyədək qalmaqdadır.

Bir dəfə - 1967-ci ildə İran şahı Mohammad Reza Pahlavi-nin Qərbi Berlinə səfəri zamanı ona qarşı etiraz aksiyası keçirənləri sözügedən maddə ilə cəzalandırmağı tələb edib. Ancaq sonradan - Almaniya daxili işlər nazirinin İrana üzrxahlıq səfərinin ardından şah öz tələbindən vaz keçib.

103-CÜ MADDƏ CİNAYƏT MƏCƏLLƏSİNDƏN ÇIXARILACAQ

Son dövrlərə gəlincə, 2003-cü ildə ABŞ hökuməti Marburq şəhərindəki bir mağaza sahibini dönəmin prezidenti George Bush-u «dövlət terrorçusu» adlandırdığı üçün cinayət məsuliyyətinə cəlb etmək istəmişdi. Ancaq Frankfurt əyalətinin baş prokuroru araşdırma nəticəsində bu nəticəyə gəlmişdi ki, mağaza sahibinin söylədiklərində cinayət tərkibi yoxdur.

H.Heinen deyir ki, 103-cü maddə heç vaxt praktik önəm daşımayıb. Bu maddə ilə ildə, ən çoxu, 2 məhkumluq halı olub. Onlarda da cəza cərimədən o tərəfə getməyib.

İndi maraqlıdır, Erdoğan-ın şikayəti bu baxımdan istisna olacaq, ya yox. Türkiyədə insan hüquqları ilə bağlı durumun pisləşdiyi bir zamanda miqrant məsələsində Erdoğan-la tərəfdaşlığını genişləndirdiyinə görə öz ölkəsində tənqidlərə tuş gələn xanım Merkel, könülsüz də olsa, deyib ki, müraciətə uyğun olaraq cinayət işi açmağa çalışacaqlar. Ancaq o, hakim koalisiya daxilində bu məsələyə dair fərqli fikirlərin olduğunu da vurğulayıb.

Bununla yanaşı, Almaniya kansleri hökumətin 2018-ci ilədək 103-cü maddəni Cinayət Məcəlləsindən çıxaracağına söz verib.

XS
SM
MD
LG