Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Prezidentdən problemlərə əl qoyması istənilir


İ.Əliyev
İ.Əliyev

Bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən təsis edilmiş «Ədalət naminə həmrəylik» Komitəsinin üzvləri iyulun 17-də prezident İlham Əliyevə müraciət ediblər.

Elektrik problemi, Gəncə olayları...

Müəlliflər enerji böhranı, onun ardınca Gəncə hadisələrinin baş verməsinə görə narahatlıqlarını ifadə ediblər. Müraciətdə vurğulanır ki, enerji sisteminin iflic vəziyyətə düşməsinə səbəb məmurların məsuliyyətsizliyidir. Hüquq müdafiəçiləri ətraflı araşdırma aparılacağına və təqsirkarların cəzalandırılacağına ümid etdiklərini bildirirlər.

Müraciət müəlliflərinin fikrincə, Mingəçevirdə işıq böhranından dərhal sonra Gəncə hadisələrinin baş verməsi, əhalinin Gəncə şəhər icra başçısı Elmar Vəliyevin güllələnməsinə reaksiyası əyalətlərin idarə edilməsində ciddi problemlərin olduğunu göstərib.

Onlar Gəncə icra başçısına sui-qəsdi qətiyyətlə pisləsələr də, bunu da xüsusi qeyd edirlər: «Dövlət cinayətkarları cəzalandırmalıdır, amma buna gətirib çıxaran səbəblər də araşdırılmalıdır. Elmar Vəliyevin nalayiq davranışı haqqında çoxsaylı nəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır. Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmir. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir».

Elmar Vəliyevi güllələyən Yunis Səfərov nələr deyir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Həbslər, azad media problemi...

Müraciətdə bəzi saytlara qarşı basqılara da diqqət ayrılıb: «Mingəçevir və Gəncə hadisələri təkcə jurnalistləri deyil, təcrübəli məmurları da çaş-baş qoydu. Belə olan halda, bütün məsuliyyəti azad medianın və sosial şəbəkələrin üzərinə atmaq olmaz. Artıq onlarla jurnalist Baş Prokurorluğa çağırılıb, bir neçə sayt bloklanıb, jurnalistlərə qarşı cinayət işləri açılıb. Onlarla vətəndaş sosial şəbəkələrdə paylaşımlarına görə təzyiqə, təqibə, həbsə məruz qalıb. Dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır».

Azad medianın və müstəqil vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlərin dövlət üçün yaxşı heç nə vəd etmədiyini vurğulayan müəlliflər ölkə başçısını problemlərin çözülməsi istiqamətində gərəkli addımlar atmağa çağırıblar.

Müraciəti «Ədalət naminə həmrəylik» Komitəsi və vətəndaş cəmiyyəti üzvləri - Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mehman Əliyev, Əvəz Zeynallı, Hilal Məmmədov, Elşən Həsənov, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Elçin Məmməd və Aytəkin İmranova imzalayıblar.

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Xatırlatma

İyulun 3-də gecə Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verib. Ölkənin əksər hissəsi uzun müddət elektriksiz qalıb. Növbəti günlərdə də elektrik verilməsində fasilələr yaranıb. Problemi araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılıb. Hələlik komissiya rəyini açıqlamayıb.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı 30-dan artıq şəxsin həbs edildiyini, axtarışda olanlardan Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

Dövlət Təhlükəsizliyi Xidməti iyulun 15-də Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 nəfər əsas fəalının saxlanılması haqda məlumat yayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG