Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

‘Yaradıcı adamın’ yaratması üçün dövlətin pulu lazımdırmı?


Ermənistanda etiraz: Vətəndaşlar nə tələb edirlər?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Ermənistanda etiraz: Vətəndaşlar nə tələb edirlər?

Prezident İlham Əliyev dünən, martin 13-də, Prezidentin Ehtiyat Fondundan yaradıcı qurumlara vəsait verilməsi barədə sərəncam imzalayıb. Prezidentin Ehtiyat Fondunun mənbəyi də dövlət büdcəsidir.

Beləliklə, bu sərəncamla Yazıçılar Birliyinə 800 min manat, Bəstəkarlar İttifaqına 650 min manat, Rəssamlar İttifaqına 350 min manat, Kinematoqrafçılar İttifaqına 300 min manat, Memarlar İttifaqına 250 min manat, Teatr Xadimləri İttifaqına 250 min manat və Aşıqlar Birliyinə 250 min manat ayrılır.

Bu sərəncam qeyri-rəsmi və qeydiyyatdan keçməmiş yaradıcı birlikləri və qrupları nəzərdə tutmur.

Beşmərtəbəli binanın altıncı mərtəbəsi

Qeydiyyatdan keçməmiş Azad Yazarlar Ocağının qurucularından biri, yazar Rasim Qaraca isə deyir ki, pul ayrılan birliklərdən kənarda da dövlət yardımına ehtiyacı olan yaradıcı adamlar və qruplar var.

Rasim Qaraca deyir ki, üç dəfə müraciət etmələrinə baxmayaraq onun təşkilatı qeydiyyatdan keçirilməyib, odur ki, fəaliyyətləri məhduddur, qrantlar ala, layihələri həyata keçirə bilmirlər, dövlət də onlara hansısa yardım ayırmır.

Rasim Qaraca
Rasim Qaraca

Rasim Qaraca iddia edir ki, əslində isə ədəbi proses, dövlətin pul ayırdığı Yazıçılar Birliyindən kənarda baş verir:

“Yazıçılar Birliyi köhnə dəyərlərə söykənir. Orda ciddi ədəbi proseslər getmir, Mənəvi və fiziki mənada köhnəlmiş təşkilatdır. Təsəvvür edin ki, Yazıçılar Birliyində 30-40 il əvvəlin dəyərləri hakimdir. Zamanında Bakı şəhərində beşmərtəbəli evlər ən hündür evlər sayılırdı və altıncı mərtəbəni insanlar xəyal edirdi, yazıçılar bu haqda əsərlər yazırdı, amma ki, hal-hazırda Bakıda göydələnlər tikilir. Loru bir müqayisə olsa da, dəyərlərin nə qədər köhnəlmiş olduğu və yeni dəyərlərə nə qədər ehtiyac olduğunu bu misaldan görmək olar”.

Prezident İlham Əliyevin sərəncamında isə yaradıcı birliklərə pul ayrılması belə əsaslandırılır ki, yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanması və təbliğində fəal iştirak edir.

Rasim Qaraca isə iddia edir ki, Yazıçılar Birliyindən nə dünya səviyyəli əsər ortaya çıxmır, nə də yazıçı yetişdirilmir.

Bəs görəsən Yazıçılar Birliyi prezidentin ayırdığı vəsaiti nəyə xərcləyəcək? Birliyin katibi, yazıçı-jurnalist Rəşad Məcid deyir ki, prezidentin ayırdığı vəsait Yazıçılar Birliyinin 85 illiyi tədbirlərinə, birliyin qurultayına, Nəsimi ili tədbirlərinin keçirilməsinə, yazıçıların yubileylərinə, yeni kitabların nəşrinə xərclənəcək.

Rəşad Məcid
Rəşad Məcid

Rəşad Məcid Yazıçılar Birliyinin ədəbi prosesə töhvəsi barədə təndiqlərlə də razılaşmır:

“Yazıçılar Birliyinin 1500-dən çox üzvü var, Azərbaycanın demək olar ki, bütün üzdə olan yazarları Birliyin üzvüdür. Yazıçılar Birliyi əlindən gələni edir. On ildən çoxdur ki, Yazıçılar Birliyində “Gənc ədiblər məktəbi” var. Bu gün Birliyi bəyənməyən, tənqid edən gənclər o məktəbdə iştirak ediblər. Narazılar həmişə olur. Amma buna baxmayaraq yazıçılıq fərdi bir prosesdir, kim hansısa kompüterinin arxasında hansısa bir dəyərli əsər yaradırsa, əlbəttə ki, Yazıçılar Birliyi olmadan da edə bilər”.

“Orda ədəbi proses var...”

Şairə Günel Mövlud isə deyir ki, dünyada olduğu kimi Azərbaycanda da dövlətin dəstəklədiyi birliklər ədəbiyyatın inkişafında mühüm rol oynaya bilər.

Belə ki, müstəqil yazarlara qrant ayrılaa, müsabiqələr, festivallar keçirilə, müzakirələr təşkil edilə bilər.

Günel Mövlud
Günel Mövlud

Günel Mövlud iki il yaşadığı Gürcüstan təcrübəsi haqda bunları deyir:

“Orda ədəbi proses var, Gürcüstanda hər il ədəbiyyat festivalı keçirilir. Hər il ədəbiyyat festivalına dünyanın 30-dan çox ölkəsindən yazıçılar dəvət edilir. O yazıçıların Gürcüstana gəlməyini dövlət qarşılamasa da, dövlətin əməkdaşlıq etdiyi şirkətlər qarşılayır. Dünyanın 30-dan çox ölkəsindən gəlmiş yazıçılar bütün Gürcüstanı gəzirlər, gürcülərin milli kimliyini ortaya çıxaran müxtəlif yerlərdə olurlar, müxtəlif atributlarla tanış olurlar. Yəni, belə bir ədəbi proses var”.

Günel Mövlud deyir ki, Azərbaycan yazıçılarının ən böyük problemlərindən biri də dünya ədəbi proseslərindən, yeni meyllərdən geri qalmasıdır - Onun sözlərinə görə, Yazıçılar Birliyi dünya proseslərinə inteqrasiya olmaq istiqamətində də işlər görməlidir.

Günel Mövlud deyir ki, indiyə qədərki təcrübəni nəzərə alanda Yazıçılar Birliyinə ayrılan dövlət vəsaitinin səmərəli xərclənəcəyinə inanmır.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə ayrılan pulların təyinatı üzrə xərcləndiyini deyir.

İqtisadçılar isə yalnız birliklərə deyil, ümumilikdə dövlət büdcəsindən bütün xərcləmələrə ictimai nəzarətin artırılmasını, vəsaitin daha səmərəli xərcləməyi tövsiyə edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG