Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Prezident: '…Yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər'


İ.Əliyevin qəbulunda
İ.Əliyevin qəbulunda

«Sizin işiniz kabinet işi olmamalıdır».

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, oktyabrın 31-də prezident İlham Əliyev yeni icra başçıları təyin etdiyi Anar Tağıyev və Elnur Rzayevi qəbul edərkən vurğulayıb.

Dövlət başçısı həmçinin, deyib: «Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir».

«...Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub…»

Prezident qeyd edib ki, rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir: «Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır».

O, yeni başçıların birinin 37, digərinin 38 yaşının olmasına toxunaraq vurğulayıb ki, indi Azərbaycanda gəncləşmə siyasəti aparılır: «Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm».

Xatırlatma

Oktyabrın 31-də prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz və Yevlax rayonlarının icra başçıları vəzifədən azad edilib. Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Qoca Səmədov isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər iki sərəncamları ilə Elnur Rzayev Xaçmaz, Anar Tağıyev isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.

Xaçmaz rayonuna başçılıq edəcək E.Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

A.Tağıyev isə paytaxtın Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini idi.

XS
SM
MD
LG