Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyü uğrunda həlak olan və ya itkin düşən hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi ilə bağlı fərmana dəyişiklik edib.
Dəyişikliyə əsasən bu məbləği indən belə hərbi qulluqçularla yanaşı, Qarabağ döyüşlərində həlak olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələri də alacaq.
Yanvarın 28-də prezident İlham Əliyev əsgər ailələrinin bir qrupu ilə görüşüb. Görüşdə bildiriblib ki, əvvəlki fərmanda əsgər ailələrinin bir qrupu həmin müavinəti ala bilmirdi. Çünki bu vərəsələrin bir çoxu vaxtilə belə bir müavinət almışdılar.
İlham Əliyev qeyd edib ki, vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmalar aparılıb və onların həmin vaxt aldığı vəsaitin bu günün məzənnəsinə uyğun olmadığını nəzərə alaraq fərmana dəyişiklik edilib və siyahı artırılıb.
Sonda prezident vərəsələrə, birdəfəlik ödəməni almaq üçün lazım olan plastik kartlar paylayıb.
Qeyd edək ki, Qarabağ döyüşlərində həlak olan və ya itkin düşən hərbçilərin ailə üzvləri, ötən ilin sonlarında dəfələrlə Milli Məclis və Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.
Vərəsələr, bu cür ailələrə birdəfəlik 11 min manat təzminat ödənilməsi barədə prezidentin fərmanının onlara da şamil edilməsini tələb edirdilər.