Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Prezident 'qalxmalıdır' deyir, Palata sədri tam tərsini


Prezident İlham Əliyev, 10 yanvar 2017
Prezident İlham Əliyev, 10 yanvar 2017

İlham Əliyev: “Neftin qiyməti qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır” deyir,

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı məzənnə ilə neft qiymətləri arasında heç bir bağlantı görmür

"Azərbaycan manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır".

Bu fikri, bilindiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı dilə gətirib. O, daha sonra fikrini belə əsaslandırıb:

“Jurnalistlər və bəzi deputatlar məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz, çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1999-ci ildə biz Dövlət Neft Fondunu (DNF) yaradanda, bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta DNF-yə gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur”.

Rüfət Aslanlı, 26 noyabr 2010
Rüfət Aslanlı, 26 noyabr 2010

Palata rəhbəri fonda daxil olan dolların bazara necə çıxarılmasına da toxunub:

“DNF büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil, çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Fond da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur".

AMB: Manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə uyğunlaşdırılmışdı

Ancaq istər Azərbaycan Mərkəzi Bankı (AMB), istərsə prezident manatın məzənnəsinin neftin qiymətinə bağlı olduğunu deyir.

Məsələn, AMB-nin ikinci sərt devalvasiya ilə bağlı 21 dekabr 2015-ci il tarixli bəyanatında deyilir ki, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, həmin ilin fevralında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə uyğunlaşdırılıb. Bəyanatda neftin ucuzlaşmasının iqtisadiyyata, manatın məzənnəsinə təsirlərinə diqqət çəkilir:

Manat və dollar
Manat və dollar

“Lakin cari ilin (2015) iyul ayının sonlarından neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb... Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib”.

AMB-nin bu bəyanatının üstündən 2 gün keçməmiş prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə neftlə manatın məzənnəsinin əlaqəsinə toxunub: “Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır”.

AMB-nin 2017-ci il pul siyasəti bəyanatında deyilir ki, 2016-cı ildə manatın məzənnəsi tədiyə balansının, neftin qiymətinin və s.-in təsiriylə dəyişib.

İqtisadçı ekspert Qubad İbadoğlu da deyir ki, neft ixracından əldə edilən valyuta gəlirləri birbaşa bazara deyil, DNF-yə toplanır:

“Bazara nə qədər valyuta çıxarılması da DNF-nin büdcə qarşısında öhdəliklərinə görə tənzimlənir. Başqa sözlə, neftin qiyməti necə olsa da, fond gərəkən qədər vəsaiti bazara çıxaracaq”.

“İstənilən halda məzənnə və neft qiymətləri arasında bağlılıq var”

Natiq Cəfərli
Natiq Cəfərli

Amma ekspert bildirir ki, neft gəlirləri yalnız fonda yığılmır:

“Dövlət Neft Şirkəti neft gəlirlərindən pay götürür və eyni zamanda özü də birbaşa neft və neft məhsulları satır. BP-nin dövlət büdcəsinə ödədiyi mənfəət vergisi də neftin qiymətlərindən asılı olaraq, arta və ya azala bilər. Ona görə də, “manatın məzənnəsinə neftin qiymətinin heç bir təsiri yoxdur” demək düzgün deyil. İstənilən halda məzənnə və neft qiymətləri arasında bağlılıq var”.

“Demək istəyib ki, məzənnə inzibatidir”

Ekspertlərdən Natiq Cəfərli deyir ki,Rüfət Aslanlının şüuraltı mesaj verdiyini qəbul etsək, demək istəyib ki, məzənnə inzibatidir və siyasi qərarla müəyyənləşdirilir:

“Ölkənin xarici ticarətinin, yəni, valyuta gətirən sahənin 90 faizindən çoxu neftdən asılıdırsa, manatın valyutalara olan məzənnəsi necə neftdən asılı olmaya bilər?!”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG