Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Prezident vərəsələrə verilən 11 min manatdan danışdı


İ.Əliyev hərbçilərə mənzillərin verilməsi mərasimində
İ.Əliyev hərbçilərə mənzillərin verilməsi mərasimində

«Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilib. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək».

President.az saytının məlumatına görə, Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün, dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimindəki çıxışında belə deyib.

Prezident vurğulayıb ki, müharibədən əziyyət çəkənlərin problemləri öz həllini tapır.

«Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik», - deyən İ.Əliyev həlak olmuş hərbi qulluqçuların vərəsələrinə müavinət ödənilməsi haqda fərmanını da yada salıb.

«Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır», - prezident vurğulayıb.

Mənzillər
Mənzillər

394 mənzil...

Bu gün, dekabrın 17-də keçirilən mərasimdə bildirilib ki, ərazidə ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkilindən ötrü istirahət guşələri yaradılıb.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov prezident İ.Əliyevə mənzillərdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, bu binalardan ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzil hərbi qulluqçulara ayrılıb. Onların 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əsgər ailələri prezidentlə görüş tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin önünə toplaşıblar. Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib: «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədək 2 min 338 hərbi qulluqçunun 3 min 38 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) həyata keçirilib. Proses davam edir. Nazirlik bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9 min 531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.

XS
SM
MD
LG