Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:03

Azərbaycan və İran prezidentləri görüşüblər, Bakı-Aşqabad-Tehran qaz müqaviləsi imzalayıb


Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid Ibrahim Rəisi, Aşqabad, 28 noyabr 2021
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid Ibrahim Rəisi, Aşqabad, 28 noyabr 2021

Noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalayıblar.

Bu barədə TASS agentliyi İran xəbər agentliklərinə istinadla məlumat verir.

Məlumatına görə, sənədi Aşqabadda Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisinin iştirakı ilə xarici işlər nazirləri imzalayıb.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz nəql ediləcək.

İranın neft naziri Cavad Ovci deyib ki, bu barədə razılıq Azərbaycan nümayəndə heyətinin noyabrın 21-də İranda səfəri zamanı əldə olunub. O, həmçinin bildirib ki, Tehran və Bakı tezliklə Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsinə dair saziş imzalayacaqlar.

***

Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi görüşüb. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İlham Əliyev Türkmənistanın paytaxtında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısına qatılan digər ölkə başçıları ilə də görüşüb.

"...Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır"

Erdogan
Erdogan

Toplntıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğulayıb.

"- Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür".

Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurlara toxunub. O, Azərbaycanın əldə etdiyi qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğulayıb.

"- Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır" Erdoğan bildirib.

***

İlham Əliyev: 'Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər'

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlı Təşkilatının 15-ci toplantısında çıxış edir, Türkmənistan, Aşqabad, 28 noyabr 2021
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlı Təşkilatının 15-ci toplantısında çıxış edir, Türkmənistan, Aşqabad, 28 noyabr 2021

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də İqtisadi Əməkdaşlıq Şurasının (İƏT) XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənisdana səfər edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Rəsmi dövlət xəbər agentliyi olan Azərtac-ın məlumatına görə, İlham Əliyev Zirvə Toplantısındakı çıxışında azad olunmuş Azərbaycan ərazilərində aparılan işlərdən və Zəngəzur dəhlizindən danışıb.

“Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı, Türkmənistan, Aşqabat, 28 noyabr 2021
İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı, Türkmənistan, Aşqabat, 28 noyabr 2021

2022-ci ildə dövlət büdcəsindən 1,6 milyard dollar dəstək paketi ayrılacaq

Azərtac xəbər agentliyi-nin məlumatına görə, Prezident İlham Əliyev çıxışında pandemiya dövründə görülən işlərdən və gələcəkdə atılacaq addımlardan da danışıb.

“Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır”.

Azərbaycan 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardım edib

Məlumata görə, pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan danışan Prezident deyib ki, biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.

"Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.

***

Azərbaycan və İran xarici işlər nazirləri Türkmənistanda görüşüblər

Azərbaycan (sol) və İran xarici işlər nazirləri
Azərbaycan (sol) və İran xarici işlər nazirləri

qtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında görüş olub.

Bu barədə noyabrın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, nazirlər, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayırlar.

Bundan başqa vurğulanır ki, nazirlər Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin bu ilin 21 noyabrında Tehranda keçirilən görüşündən məmnunluq ifadə ediblər.

Nazirlər, həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağl fikir mübadiləsi aparıblar.

Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, tərəflər, digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.

"Görüşdə nazirlər, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər."-Azərbaycan XİN mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG