Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Bu prezident seçkisində yeni namizəd varmı?


2018-ci il prezident seçkisi öncəsi prezidentliyə namizədlərin plakatları
2018-ci il prezident seçkisi öncəsi prezidentliyə namizədlərin plakatları

Azərbaycanda gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədlərin sayı yeddiyə çatıb. Onlardan biri hazırkı prezident İlham Əliyevdir. Onunla yanaşı, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev və Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın da namizədliyi verilib. Habelə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin də namizədliyi irəli sürülüb.

Bu namizədlərin bir çoxunun elə əvvəlki seçkilərdə də indiki prezidentə məğlub olduqları açıqlanıb. Sonuncu-2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisində rəsmən İ.Əliyevin 86.02, Z.Orucun 3.12, Q.Həsənquliyevin 3.02, R.Nurullayevin isə 0.72 faiz səs topladığı bildirilib və bu nəticəyə onlardan heç biri etiraz etməyib.

F.Əliyev 2008-ci ildə prezidentliyə namizədliyini vermişdi və onun 1 faizdən də az səs topladığı açıqlandı.

E.Musayev isə bu vaxta qədər parlament seçkilərində iştirak etsə də, deputat mandatı qazana bilməyib. O, 2020-ci ildə deputat seçilməməsini seçkilərin total şəkildə saxtalaşdırılması ilə izah etmişdi.

Bəs yeni namizədlər meydana çıxırmı?

E.Nəsirov
E.Nəsirov

"Yeni simalara gəldikdə isə..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov mövzu ilə bağlı "Turan"a bildirib ki, növbəti ildə keçiriləcək prezident seçkisi həm hüquqi, həm də siyasi baxımdan tam legitimdir: "Cənab prezidentlə yanaşı, altı nəfərin də namizədliyi irəli sürülüb".

Yeni simalara gəldikdə isə, o, bunları əlavə edib: "Elşad Musayev heç vaxt prezident seçkilərində iştirak etməyib. Yeni simalar var və mən hesab edirəm ki, onlar da bu prosesə qatılmalıdır".

Deputatın sözlərinə görə, Müsavat Partiyasının rəhbəri Arif Hacılı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli seçkilərdə iştirak edə bilərdi: "Biz nə edək ki, onlar özü-özlərini təcrid ediblər, boykot yolunu seçiblər? Bu partiyaların rəhbərləri dərk etmirlər ki, partiyaların əsas hədəfi hakimiyyətə gəlmək olur. Bunun üçün isə seçkilər unikal şansdır. Onların boykotunu şərtləndirən əsas amil ondan ibarətdir ki, qarşılarında son dərəcədə güclü liderin olduğunu bilirlər və belə olan vəziyyətdə biabırçı bir məğlubiyyət yaşamaqdansa, seçkiyə qatılmırlar".

AXCP və Müsavat seçkilərə qatılmamalarını ölkədə azad və ədalətli seçkilər üçün imkanın olmaması, son aylar siyasi həbslərin artması ilə izah ediblər. Bu partiyalardan bildirildiyinə görə, artıq hakimiyyət seçkiöncəsi imitasiya yaratmaqdan da imtina edib.

Z.Əlizadə
Z.Əlizadə

"Müxalifətdə daima "işləyən" adamlar var"

Siyasi şərhçi Zərdüşt Əlizadənin fikrincə, Azərbaycanda hazırda elə bir mühit formalaşıb ki, müxalifətdə daima "işləyən" adamlar var: "Onlar ömrünün axırına qədər müxalifətdə "işləyəcəklər". Onların bəziləri parlamentdə otururlar, bəziləri isə parlamentə düşə bilməyiblər".

Politoloq hesab edir ki, seçkilərdə yeni simaların olmaması bir neçə amillə bağlıdır: "Azərbaycan bazar iqtisadiyyatının qurulması mərhələsini keçir. Burada da Azərbaycan cəmiyyətinin özəllikləri özünü büruzə verir. Cəmiyyətin tayfa-ailə münasibətləri təsirindən hələ çaxmadığı və, ümumiyyətlə, demokratik vəziyyətin olmadığı bir şərait Azərbaycanın siyasi həyatına öz təsirini göstərir".

O, AzadlıqRadiosuna fikirlərini belə tamamlayır: "Artıq bir YAP var, dövlətdən dəstək alır, dövlətin bütün qüvvələrini səfərbər edib və öz liderinin seçilməsinə yönəldib. Belə olan şəraitdə maliyyə axınlarına əli çatmayan, ictimai təbəqəyə söykənməyən hansısa partiyanın liderinin seçilməsi şansı, demək olar ki, sıfıra bərabərdir".

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.

Azərbaycanda son prezident (2018) və parlament (2020) seçkiləri də vaxtından əvvəl keçirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG