Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Seçki videosuna görə jurnalistlə bağlı qərar verildi


S.Vaqifqızı
S.Vaqifqızı

Jurnalist Sevinc Vaqifqızı (Abbasova) haqqında məhkəmə qərarı çıxarılıb. Söhbət jurnalistin 2018-ci il aprelin 11-də Azərbaycanda prezident seçkisi keçirilən gün 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı materiallardan gedir. Binəqədi rayon Məhkəməsinin hakimi Emin Əliyev belə nəticəyə gəlib ki, jurnalist hazırladığı materialı yayımlayarkən video-reportajın başlığını (Direktor müavini seçkidə «karusel»ə nəzarət edir) düzgün seçməyib.

Sözügedən üç seçki məntəqəsi Nizami rayonundakı 251 saylı məktəbdə yerləşir. Jurnalisti məhkəməyə verən də məktəbin direktor müavini Elmira Alandarovadır. S.Vaqifqızı reportajında direktor müavinini müxtəlif seçki məntəqələrində görüntüləyib. E.Alandarovanın həmin gün səs verib, çıxıb bir qədər həyətdə gözləyən, çəkildiklərini biləndə məktəbi tərk edib az sonra yenidən qayıdan müəllimləri aparıb bir otağa salması da videoda öz əksini tapıb.

E.Alandarova iddia edir ki, jurnalist videonu «Azadlıq» qəzetinin saytında, Meydan TV-də «Direktor müavini «karusel»ə nəzarət edir» başlığıyla yayımlamaqla ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub. E.Alandarova iddiasında S.Vaqifqızının və videonu yayımlamış media orqanlarının üzr istəməsini, jurnalistin 2500 manat kompensasiya ödəməsini, bir də həmin materialın həm saytlardan, həm də Youtube-dan silinməsini istəyirdi.

Barışıq alınmayıb

Məhkəmə materialın yayımlandığı başlığı yanlış hesab etsə də, bu tələblərin heç birini təmin etməyib.

E.Alandarova özü məhkəməyə gəlməyib. Bütün məhkəmə iclaslarında olduğu kimi, avqustun 5-də də onu həyat yoldaşı Rasət Qasımov təmsil edib. Qərardan öncə hakim tərəflərin hər ikisindən soruşub ki, barışıq üçün razılığa gələ biliblər? R.Qasımov deyib ki, jurnalist onların üzr istəmək tələbindən imtina etdiyinə görə barışıq mümkün olmayıb. S.Vaqifqızı da həqiqəti yayımladığına görə kimsədən üzr istəmək niyyətinin olmadığını söyləyib.

Səsvermə günü rəsmi iş günü olmadığı halda, E.Alandarova məktəbə niyə getmişdi? Bu sual onun həyat yoldaşına bir daha ünvanlanıb. Əvvəlki məhkəmə iclaslarında demişdi ki, həmin gün E.Alandarovanı direktor müavini çağırmışdı. Məqsəd də bu idi ki, məktəbin həyətindəki bağçaya nəzarət etsin. Bu dəfə isə cavabında deyib ki, Nizami Rayon İcra Hakimiyyətindən zəng edib həmin gün direktor müavininin də məktəbə getməsini istəmişdilər.

«Bu, qanunsuz haldır. Çünki icra hakimiyyəti seçkiyə, səsvermə prosesinə müdaxilə edə bilməz. İcra hakimiyyəti heç kimi heç yerə göndərə bilməzdi», – jurnalistin vəkili Zibeydə Sadıqova qarşı tərəfin cavabına belə reaksiya verib.

S.Vaqifqızı AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcək: «Hesab edirəm ki, videonun başlığı da düzgün seçilmişdi. İstər videomaterialın özündə Elmira Alandarovanın davranışı, istərsə də məhkəmədə üzə çıxanlar da mənim haqlı olduğumu sübut edir».

Məhkəmədən sonra NİDA Vətəndaş hərəkatının fəalı Məsud Əsgərlə iddiaçının nümayəndəsi arasında insident yaşanıb. Gənc fəal R.Qasımovun bu hərəkətindən məhkəmənin dəftərxanasına şikayət təqdim edib. Göstərib ki, R.Qasımovun ona hücum etməsini kameralar qeydə alıb və məsələnin araşdırılmasını xahiş edib.

Xatırlatma

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də, seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin olunmadığını, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG